Bu yaşıma qədər belə savaş görməmişdim - Nurəddin Mehdixanlı

06.10.2020 15:04     Artreaksiya     632

“Bu gün Cəbrayıldayam. Bu gün Azərbaycan əsgərinin, zabitinin, ordusunun qəhrəmanlıqları bizim gözümüzün qarşısında baş verir. Mən bu yaşıma qədər çox şey görmüşdüm, amma belə savaş görməmişdim”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı Musavat.com-a danışarkən bildirib. Xalq artisti əsgərlərin döyüş əzmindən, rəşadətindən də söz açıb:

“Gözümüzün qarşısında əsgərlər gülə-gülə, hayla-harayla döyüşə girir, döyüşdən üzü gülə-gülə çıxır, yaralıdır, amma vecinə deyil. Yaralı əsgəri, zabiti hospitala aparırlar, ilk tibbi yardım göstərilir, dərhal döyüşə tələsir. Hospitalda gördüyümüz yaralı əsgəri bir qədər sonra cəbhədə görürük. Deyirik ki, sən burda nə gəzirsən? Cavab verir ki, “mən burada yoldaşlarımı qoyub, hospitalda yatmaram, mənim yerim buradır”.

Gəncədə də olduq. Dağıntıların arasından yaralıları çıxardıq. Oradan bizi yola salan analar arxamızca su atıb qorxmadıqlarını deyirdilər. Bildirirdilər ki, bura Gəncədir, Cavad xanın şəhəridir. Gəlini-qızı, oğlu bunu deyirsə bu millətin edə bilməyəcəyi heç nə olmayacaq, buna inanın”.

Nurəddin Mehdixanlı bu günlərdə qəhrəmanlıq nümayiş etdirən həkimlərdən də söz açıb:

“Ən sevindirici hallardan biri budur ki, biz cəbhə bölgəsində, savaşda şəhid veririk, amma həkimlərimizin sayəsində yaralı gələn bir əsgərimizi belə itirmirik. Bu, Allah lütfü, həkimlərimizin qəhrəmanlığıdır. Heç bir xəstəxanada yaralı əsgərimizi itirməmişik, hamısını sağaldıblar. Həkimlərimiz 24 saat ayaq üstədirlər. 3 gün yatmayan, növbədə duran həkimlərimiz var. Onlar Azərbaycanın müxtəlif bölgələrindən, Bakıdan gələn həkimlərdir.

Hazırda qəribə bir hal yaranıb – xalq, ordu, Ali Baş Komandan, dövlət hamısı bir yumruqdur. Cəbhə bölgələrində Ali Baş Komandanın çıxışlarını verir, söhbətlər edirik. Siz görəsiniz ki, hərbçilərimiz o çıxışlara necə qulaq asırlar. Bunu görmək lazımdır. Bu, bizim bütövlüyümüz, birliyimizdir. Birlik isə bizim gücümüzdür, onu qoruyub saxlamalıyıq. Qoruyub saxladıqca bu xalqın, dövlətin, ordunun qarşısında heç kim dayana bilməyəcək. Hər şey yaxşıdır. Xoş xəbərlər hələ qarşıdadır. Yaxın gələcəkdə bütöv qələbəmizə sevinəcəyik”.

Qeyd edək ki, bu gün- 6 oktyabr Xalq artisti Nurəddin Mehdixanlının doğum günüdür. Xalq artisti 63 yaşını cəbhə bölgəsində keçirdiyi üçün özünü xoşbəxt saydığını deyib:

“Azad olunan torpaqlarda bayraqlarımız sancılır. Onu canlı şəkildə görmək nəyə desəniz dəyər. Mən bunu yaşayıram və nə xoş təsadüf ki, bu, mənim ad günümə təsadüf edib. Doğum günündə cəbhədə bütün bunları görməklə özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Mən bu xoşbəxtliyimi doğum günümdə yaşayıram, bilirsinizmi bu nə deməkdir? Allah millətimizi qorusun.
Sanki Azərbaycan yenidən doğulub. Sanki indi tamam ayrı bir millət doğulur. Tamam ayrı əsgər, Azərbaycan gəncliyi var. Bu millətin, gəncliyin, gücün qabağında düşmən lərzəyə gəlib. Tökülən qan, verilən şəhidlər Azərbaycan xalqını daha da möhkənmləndirəcək.

Reaksiya.az

Şərhlər