Uşaqlar sevgi və qayğı içərisində böyüməlidir - ANİMAFİLM Festivalı

07.10.2020 23:09     Artreaksiya     593

ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı qürurla bildirir ki, 14-18 oktyabr 2020-ci il tarixləri arasında Bakıda keçiriləcək III ANİMAFİLM Festivalı Azərbaycanın uşaqlarına və gənclərinə həsr ediləcəkdir.
 
Reaksiya.az xəbər verir ki, artıq üçüncü dəfədir ki keçiriləcək ANİMAFİLM Festivalının əsas məqsədi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş tarixi və qanuni əraziləri uğrunda mübarizə apardığı dövrdə uşaqlara və gənclərə dəstək olmaq və maarifləndirməkdir.
Festivalın təşkilatçıları Dağlıq Qarabağ münaqişəsinin kəskinləşdiyi dövrdə əyləncə xarakteri daşıyan müsabiqə və müsabiqədənkənar proqramların həyata keçirilməsini və açıq nümayişini doğru hesab etmir və onun ləğv edilməsinə dair qərar qəbul etmişdir. Festival çərçivəsində yalnız rəsmi və maarifləndirmə xarakteri daşıyan animasiya ustad dərsləri, açılış və bağlanış mərasimləri,
beynəlxalq münsiflər heyəti ilə görüşlər, qaliblərin elan edilməsi proqramları qüvvədə qalır. Həyata keçiriləcək bu tədbirlər beynəlxalq arenada onlayn olaraq nümayiş etdiriləcəkdir.
 
Festivalın təşkilatçıları qəti əmindirlər ki, cəmiyyətdə uşaqlar sevgi və qayğı içərisində böyüməlidir. Pandemiya və indiki gərgin dövrün uşaqlara vurduğu ziyanın qarşısına almaq, onlara daha çox sevinc bəxş etmək məqsədilə festivalın təşkilatçıları 31 uşaqdan ibarət münsiflər heyəti üçün öyrədici və maraqlı animasiya təlim proqramı təşkil edəcəklər. Həmçinin, gənc azərbaycanlı animasiya həvəskarlarını maarifləndirmək və Azərbaycandakı animasiya sahəsinin inkişafına töhfə vermək məqsədilə 2 günlük stop motion animasiya üzrə intensiv ustad dərsləri həyata keçiriləcəkdir.
 
III ANİMAFİLM Festivalının proqramı yaxın günlərdə www.animafilm.az rəsmi internet səhifəsində yayımlanacaqdır.
 

Şərhlər