Xalq artisti Vaqif Şərifov : “Bu xəbəri oxuyandan şokdayam"

14.08.2015 14:03     Artreaksiya     2998

Son günlər mətbuatda teatrlar barəsində yazılan materialların böyük rezonans doğurması heç də incəsənət xadimləri tərəfindən birmənalı qarşılanmır. Xüsusilə, Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan yazı isə kollektivin böyük narazılığı ilə qarşılanıb.

Bir-birinin ardınca Reaksiya.az-a müraciət edən sənətkarlar öz fikirlərini bölüşürlər. Məsələyə teatra 1985-ci ildən 1997-ci ilədək rəhbərlik edən və hal-hazırda da aparıcı rejissor kimi fəaliyyət göstərən xalq artisti Vaqif Şərifov öz münasibətini bildirib.

Onun sözlərinə görə, teatr kollektivinin hər hansı bir qanunsuzluq və çatışmazlıqlarla bağlı ayağa qalxması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: “Bu xəbəri oxuyandan şokdayam. Tam məsuliyyətlə demək istəyirəm ki, Əli Qasımovun ünvanına deyilən faktlar yalan və böhtandan başqa bir şey deyil. Bu gün teatrımızın gözəl repertuarı var. Kollektivimiz Əli Qasımovun rəhbərliyi dövründə təkçə 10-a yaxın xarici ölkədə qastrol səfərlərində olub və göstərilən tamaşalar böyük uğur qazanıb. Mərhum teatr sənətkarlarımızın anım günlərinin yüksək səviyyədə təşkili və keçirilməsi də məhz Əli Qasımovun rəhbərliyi dövründə reallaşıb. Bizim marağımız budur ki, bu faktlar mətbuata necə və hansısa məsuliyyətsiz bir şəxs tərəfindən sızıb. Axı o yazıda qeyd olunan bütün faktlar böhtandan başqa bir şey deyil".

Xalq artisti əmək haqlarının kecikdirilməsi və ya hər hansı bir plastik kartların direktorun evindən oğurlanması haqda xəbərlərin də yalan və böhtan olduğunu deyib: "Teatrımızda bu gün “ölü canlar” deyiləcək bir məfhum yoxdur. Əgər bu məsələ ilə bağlı Olke.az-a hər hansı bir “qəbirstanlıq” məlumdursa, dəqiq faktları adlarla təqdim etsin”.

Xatırladaq ki, Gəncə Dövlət Dram teatrındakı narazılıqlar haqda məlumat Olke.az saytında yer alıb.

Şərhlər