Habil Əliyev süni nəfəs aparatına qoşulub

17.08.2015 12:02     Artreaksiya     3293

Səhhətində yaranan problemlərə görə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Azərbaycanın görkəmli kaman ustası, 88 yaşlı xalq artisti Habil Əliyevin vəziyyəti nisbətən normallaşıb. Sənətkar ürək və ağciyər xəstəliyindən əziyyət çəkir. Bu barədə kaman ustasının həyat yoldaşı Şərqiyyə Əliyeva məlumat verib. Onun sözlərinə görə, dünən gecə gözlərini açan Habil Əliyev əllərini tərpədib.

Reaksiya.az xəbər verir ki, Şərqiyyə Əliyeva qeyd edib ki, Habil Əliyevin vəziyyəti iki gün əvvəl kəskin şəkildə pisləşdiyi üçün Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər: "Habil 10 gün Səhiyyə Nazirliyinin nəzarəti altında evdə müalicə olundu. Amma son günlər vəziyyəti qəfildən kəskin pisləşdi, evdə müalicə mümkün olmadı və xəstəxanaya yatırmalı olduq. Dünən gecə süni nəfəs aparatına qoşublar. Həkimlər bizə dedilər ki, dünən gecə gözlərini açıb və əllərini tərpədib. Bu da yaxşı nəticəyə işarədir. Ümid edirik ki, yaxşı olacaq". 

Həyat yoldaşı deyib ki, Habil Əliyevi müayinə etmək üçün bu gün Türkiyədən həkim gətiriləcək: "Dövlətimiz sağ olsun. Xəstəxananın bütün personalı Habil Əliyevə diqqət edir. Hər birinə ailəmiz adından minnətdarıq".

 

Şərhlər