Ailə qurmaq istəyənlərin NƏZƏRİNƏ: Şou əhli toy qiymətlərindən DANIŞDI

23.06.2021 12:22     Artreaksiya     145

İyulun 1-dən etibarən, uzun müddətdir şənliklərə və məclislərə qoyulan qadağa aradan götürüləcək. Restoran və şadlıq evlərində əvvəlki şadyanalıq, çal-çağır bu dəfə müəyyən qaydalara əməl olunmaqla qaldığı yerdən davam edəcək

Mövzu ilə bağlı danışan müğənni Zamiq Hüseynov toylara qoyulan qadağanın ləğv edilməsinə görə həmkarlarını təbrik edib. O, ölkəmizə hər zaman şadyanalıq və toy yaraşdığını deyib:

“İyulun 1-dən etibarən toylara icazə verilməsi xəbəri hamımızı sevindirdi. Təki hər zaman ölkəmizdə toy-büsatlı günlər olsun. Artıq bütün sənət yoldaşlarım və musiqiçilər üçün xeyirli olsun deyə bilərəm. Biz də öz növbəmizdə çalışacağıq ki, pandemiya qaydalarına əməl edək”.

Toylarla bağlı qərara münasibət bildirən daha bir müğənni isə Elçin Hüseynov olub. Bu haqda açıqlama verən sənətçi, uzun müddətdir bu qərarı gözlədiyini deyib:

“Artıq il yarımdır ki, biz bu qərarı gözləyirdik. Allah hər zaman xalqımıza gözəl günlər nəsib etsin. Bizim millətimizə toy-düyün yaraşır. Sonuncu dəfə ötən ilin mart ayında toyda olmuşam. Həmin vaxt aprel, may ayları üçün də toylarım var idi. Pandemiya səbəbilə təxirə düşdü. Onların bir qismi toysuz ailə həyatı qurdu. Qalanlarının isə hazırda sıra ilə vaxtı dəqiqləşdirilir. İndi hər kəs pandemiya şəraitində yaşayır. Bizim də boynumuza düşən yük insanları başa düşmək və istəklərinə uyğun davranmaqdır. Toy qiymətini qaldırmaq yaxud da dəyişiklik etmək düzgün hal deyil”.

Sənətçi Günay İbrahimli toyların start götürəcəyi 1 iyul tarixini səbirsizliklə gözlədiyini bildirib:

“Toylara icazə verilməsi xəbərini alanda çox sevindim. Bu müddət ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm. Toy qiymətlərində dəyişiklik etməmişəm. Çünki toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla bir çox insan müəyyən problemlərdən əziyyət çəkib”.

Müğənni Elton Hüseynəliyev də toylarla bağlı fikirlərini bildirib. Bu haqda müsahibə verən ifaçı pandemiyadan əvvəl behini aldığı toylara həmişəki qiymətə gedəcəyini bildirib:

“Toylara icazə verilməsi xəbərinə bütün həmkarlarım kimi mən də sevindim. Toy qiymətlərində heç bir dəyişiklik etməmişəm. Əvvəlki qiymətlər olduğu kimi qalıb. Pandemiyada bir çox restoranlar məni şou proqramlara dəvət etdi. Onlar mənə bunun üçün yüksək qonorar da təklif etdi. Lakin pandemiya ilə əlaqədar müəyyən qadağalar olduğundan mən onların hamısından imtina etdim. Hazırda pandemiyadan əvvəl razılaşdığım toylar olduğu üçün həmin şənliklərdə iştirak edəcəyəm. Sadəcə məkanlar dəyişəcək”.

Mövzu ilə bağlı danışan Əməkdar artist Elnarə Abdullayeva da toy qiymətlərini artırmayacağını açıqlayıb:

“Qərar yeni qəbul olunduğundan hələ ki, toylardan təkliflər yoxdur, köhnə təkliflər isə yerində qalır. Düşünürəm ki, toy təklifləri bundan sonra başlayacaq. Yeni qərar əhalimiz üçün xeyirli olsun. Mövcud vəziyyətdə toy qiymətini artırmaq düzgün hal deyil”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, toylarla bağlı iyulun 1-dən qüvvəyə minəcək qərar zamanı 50 -150 nəfər olmaqla şənliklərin keçirilməsinə icazə veriləcək.(baku.ws)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar