“Anam xəstə idi, atamın şəkili ilə danışırdı, deyirdi ki, darıxma, yanına gələcəm...”

01.08.2022 14:00     Artreaksiya     168

“Biz mehriban bacılarıq, valideynlərimiz bizi belə yetişdirdilər ki, həyatda bir-birimizə dayaq olaq. Bizim bir qardaşımız da var idi. Bir-birimizə çox bağlıyıq. Bizim sənətimiz də bir-birimizi birləşdirir. Mən onu qorumalıyam. Bir-birimizi bir işarədən başa düşürük. Bəzən jurnalistlər bizə sual verirlər ki, “bir-birinizi qısqanmırsınız?” Xeyr, qısqanmırıq. Fidanın uğuru mənim uğurumdur, mənim də uğurum Fidanın. Hər zaman onunla məsləhətləşirəm, mənə zəngin tövsiyyələrini verir. O qədər bir-birimizə bağlıyıq ki, eyni ayda dünyaya gəlmişik. İkimiz də əkizlər bürcüyük”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli sənətkar Xuraman Qasımova bildirib. O daha sonra bildirib.
 
“Biz həyatımızdan ümumiyyətlə razıyıq. Çünki uşaqlıq illərindən çox insanlara qismət olmayan böyük şəxsiyyətləri, gözəl insanları görmüşük. Tofiq Quliyevə “Tofiq dayı” deyirdik, Niyazini görmüşük. Heç vaxt düşünməmişəm ki, kaş həyatımı başqa cür qurardım. Musiqidən zəngin, böyük nə ola bilər?! Bir şeyə təəssüflənirəm ki, valideynlərimiz bu günləri görmədilər. Fidanın opera səhnəsində bir tamaşasını və bir də filarmoniyadakı konsertini gördülər, mənim ümumiyyətlə heç bir uğurumdan xəbərləri olmadı. Yaxşı insanlar ümumiyyətlə çox yaşamır. Hər ikisi də çox kövrək idilər. Bir-birlərini çox sevirdilər, atam ilk dünyasını dəyişdi, anam da ondan sonra yaşamaq istəmədi. Anam xəstə idi, atamın şəkili ilə danışırdı, deyirdi ki, darıxma yanına gələcəyəm” deyə o bildirib.
 
Xuraman Qasımova istirahətindən də danışıb.
 
“Biz çalışırıq ki, yay fəsli gələn kimi şəhərdən kənara çıxaq. Bizim Zaqulbada bağımız var. Orada vaxt keçiririk, idman edirik. Fidan şəkillər çəkir, kitab oxuyur. Mən də həmçinin” deyə sənətkar bildirib.
 
 

Şərhlər