Bir romanına görə 68 dollar 40 sent qonorar alan yazıçı - Teodor Drayzer

27.08.2015 12:53     Artreaksiya     4623

Bu gün dünya şöhrətli Amerika yazıçısı Teodor Drayzerin doğum günüdür. O, 1871-ci il avqustun 27-də İndiana ştatının Terre-Hote şəhərində alman emiqrantı Con Drayzerin ailəsində dünyaya gəlib.

Ailənin 12-ci uşağı olan Drayzerin gəncliyi yoxsulluq şəraitində keçib. 1889-cu ildə qəbul olduğu İndiana universitetində təhsilini yarımçıq qoyma səbəbi də məhz maddiyatla bağlı olub.

Drayzer 1892-1895-ci illərdə Çikaqo, Sent-Luia, Pitsburq və Nyu-York şəhər qəzetlərində işləyir. Bu illəri Drayzerin həyatı üçün sınaq dövrü kimi qiymətləndirmək olar. Həmin dövrdə o Spenserin, Balzakın fəlsəfi fikirləri ilə tanış olub, bu tanışlıq sonralar onun yaradıcılığında özünü göstərib.

 

T. Drayzer 1900-cu ildə ilk iri həcmli əsəri “Kerri bacı” romanını yazır. 1250 nüsxədə çap edilən kitabın yalnız 450 nüsxəsi yayılır. Tənqidçilər Drayzeri qəddarlıqda, əxlaqsızlıqda, gəncləri pis yola sürükləməkdə, “çəhrayı Amerika” romançılığına zərbə vurmaqda təqsirləndirirlər. Bu əsərinə görə 68 dollar 40 sent qonorar alan otuz yaşlı yazıçı yaradıcılığına 10 il ara verməli olub. Maraqlıdır ki, “Kerri bacı” romanı 1907-ci ildə İngiltərədə nəşr olunaraq bestsellerə çevrilir. Tənqidçilərdən yüksək rəy alan əsər bütün Avropa dillərinə tərcümə olunur və ancaq bundan sonra yazıçının öz vətənində də şöhrət tapır. Maraqlıdır ki, əvəllər tənqid olunan bu əsər sonradan XX əsr Amerika ədəbiyyatının "vizit kartı" adlandırılıb.

“Kerri bacı” romanından sonra Drayzer ardıcıl olaraq “Cenni Herhardt” , ”Arzular trilogiyası”: “Maliyyəçi” , “Titan”, “Dözümlülük” (tamamlanmayıb), “Dahi”, “Amerika faciəsi”, “Dayaq” romanlarını və bir sıra publisistik əsərlərini yazır.

T. Drayzer 1915-ci ildən ictimai qaydaların adi insanlara göstərdiyi əzici təsirləri əks etdirən hekayə və esselər yazmağa başlayır. Bu ideyalar "Amerika faciəsi"nin əsas mövzusunu təşkil edir.

Birgə həyat şəraitində doğan kiçik narazılıqlara yalnız güclü məhəbbətin üstün gələcəyini hesab edən yazıçı 1945-ci il dekabrın 28-də Kaliforniya ştatında vəfat edib.

Şərhlər