Bir əsərə 57 ilini həsr edən şair - Höte

28.08.2015 16:51     Artreaksiya     2968

İohann Volfanq Von Hötenin bu gün doğum günüdür. Almaniyanın ən məşhur yazıçısı 1749-cu il 28 avqust tarixində hüquqşünas ailəsində dünyaya gəlib.

18-ci əsrin sonları – 19-cu əsrin əvvəllərində Almaniyanın milli mədəniyyətində mühüm yer tutan Hötenin həyat yolu və ədəbi irsini öyrənən tədqiqatçıların çoxu etiraf edir ki, onun fəlsəfi, ədəbi və elmi əsərlərinin almanlar üçün əhəmiyyəti, ingilislər üçün Şekspirin, ruslar üçün Puşkinin əsərlərinin əhəmiyyəti qədər böyükdür.

1774-cü ildə yazdığı “Gənc Verterin acıları” adlı əsəri ilə Avropada tanınan yazıçı sonradan bütün dünyada alman ədəbiyyatının təmsilçisi kimi qəbul olunub.

Hötenin həyatı ilə bağlı fikir yürütməyə imkan verən yaradıcılıq nümunələri sırasında dostlarına və yaxınlarına yazdığı məktublar, eləcə də, 1771-72-ci illər arasında mütaliə etdiyi Quranın və məşhur sufi şair Hafiz-in  “Divan” ının təsiri altında qələmə aldığı “Qərb-Şərq Divanı” adlı silsilə şeirləri aiddir.

Höte özünü müsəlman adlandırmasa da, bir çox əsərlərindən bu, hiss olunur. Bu misralar onun “Qərb - Şərq Divanı”ındandır:

Əgər, İslam təslim olmaq deməkdirsə Allaha,

Elə isə, biz hamımız yaşayıb, ölməliyik İslamda.

Höteyə ən böyük şöhrəti Alman ədəbiyyatının ensiklopediyası sayılan Faust faciəsi gətirib. 1774-cü ildə yazmağa başladığı əsərə 57 ilini sərf edən şair sözügedən əsəri ölümündən bir il öncə 1830-cu ildə bitirməyə müvəffəq olub.  

Faust bilik uğrunda bütün ömrünü hədər vermiş lakin bundan heç bir nəticə əldə edə bilməmiş bir qocadır. O, artıq tam başqa sahədə bilik əldə etmək qərarına düşür və cadugərliklə məşğul olmağa başlayır.

Elə bu zaman göydə Tanrı və şeytan arasında mübahisə gedir. Şeytan asanlıqla insanı əyri yola çəkə biləcəyini iddia edir.Tanrı isə insanın yaradılış etibarilə yaxşı olduğunu, bəzən səhv etdiyini yalnız bütün bunlara baxmayaraq şeytanın yoluna düşmədən doğru yola tapa biləcəyini söyləyir. Buna görə də şeytana Faust üzərində sınaq aparmağa icazə verir.

Faust bəşəri xoşbəxtliyi fəaliyyətdə tapır. Öz istədiyinə nail olduqda deyir: “Zaman dur keçmə, sən nə gözəlsən”. Bu zaman da dünyasını dəyişir.

Höte şeir, dram, hekayə, avtobioqrafiya, sənət və ədəbiyyat, həmçinin təbiətşünaslıq üzrə bir sıra əsərlərin müəllifi hesab olunur. Önəmli ədəbi əsərləri sırasına zəngin çeşidli yazışmaları da daxildir.

Höte yaradıcılığı sonralar ümumilikdə Avropa musiqisi, dramaturgiyası, poeziya və fəlsəfəsinin əsas ilhamverici qüvvəsinə çevrilir.

Höte 22 mart 1832-ci il 82 yaşında infarkt nəticəsində həyatını itirib.

Şərhlər

Çox oxunanlar