Ölümünün sirri tam açılmayan pop kralı - Maykl Cekson - VİDEO

29.08.2015 13:31     Artreaksiya     4354

"Mətbuatın hər şeyi dəyişdirməsindən bezdim. Mən irqimi bilirəm. Güzgüyə baxanda bunu görürəm"

Bu gün pop kralı Maykl Ceksonun doğum günüdür. O, 1958-ci il avqustun 29-da ABŞ-ın İndiana ştatında dünyaya gəlib.

Doqquz uşaqlı ailənin yeddinci üzvü kimi dünyaya gələn sənətçinin tam adı, Maykl Cozef Ceksondur. Müğənninin atası Cozef Cekson fabrik işçisi olsa da, musiqini çox sevirdi və boş vaxtlarında gitara çalırdı. Evləndikdən sonra musiqi marağını uşaqlarına da aşıladı və 60-ci illərdən etibarən Jackie, Tito və Jermaine, ataları tərəfindən təşkil edilən “The Jackson Brothers” adlı bir qrup quraraq, klublarda mahnı oxumağa və yarışmalara qatılmağa başladılar. Ceksonun sahib olduğu səs və rəqs qabiliyyəti, qısa zamanda fərq edildi. Maykl yaşının az olmasına baxmayaraq, xüsusilə solo mahnılardakı performansı səbəbiylə, 1964-cü ildə, digər qardaşı Marlonla birlikdə qrupa daxil edildi. Artıq beş üzvdən ibarət olan qardaşlar, qrupun adını “The Jackson 5” olaraq dəyişdirdilər.

Qrupun sürətli yüksəlişindən sonra, güclü səsi və fərqli rəqsiylə olduqca seçilən və önə çıxan Maykl Cekson qrupla birgə 1971-1976-cı illər arasında Motowndan, “Got To Be There”, “Ben”, “Music and Me” və “Forever Michael” adlı ilk solo albomlarını çıxardı. Artıq Cekson üçün zirvəyə catmağın yolu açılmışdı.

“Walt Disney Pictures” tərəfindən 1971-ci ildə çəkilən cizgi filmi ilə şöhrətini bütün dünyaya eşitdirən Cekson qardaşları, beynəlxalq konsertlər ardıcıllığına 1972-ci ildə İngiltərədən başladılar və getdikləri hər yerdə fantastik izdihamla qarşılandılar.

1979-cu ildə məşhur müğənninin ilk müstəqil solo albomu olan “Off the Wall” Consun prodüserliyi ilə “Epic Records”da çıxdı. “Don't Stop 'Til You Get Enough”, “She's Out Of My Life”, “Off The Wall”, “Rok With You” kimi dünya səviyyəsində reytinq gətirən bir çox hit parçanı içində saxlayan bu albom, inanılmaz satış rəqəmlərinə çataraq, Mayklı pop musiqi və əyləncə dünyasının talismanı halına gətirmişdir.

1980-ci ildə, American Music Awards tərəfindən 3 janrda mükafata layiq görülən albom, bir çox mükafatların da sahibi oldu. Eyni ilin fevralında, Maykl yenə "Don't Stop 'Til You Get Enough"la "Ən Yaxşı R&B Kişi Vokal" janrında ilk Grammy mükafatını alıb.

Disco və funky tərzi ritmlərə geniş yer verməsi, yalnız Maykla xas yeni bir musiqi növünün ortaya çıxmasına səbəb oldu. Bu isə Ceksona bənzərsiz və universal bir şöhrət gətirdi. Beləliklə o, Elizabeth Taylor tərəfindən özünə həsr edilən və sonralar məşhur bir ifadə şəklini alan "King of POP" (pop kralı) bənzətməsi ilə, xüsusilə bu dövrlərdə xatırlanmağa başladı.

1980-ci ildə “Triumph” albomunu çıxardı. Bəstələdiyi mahnılar və onlara yazdığı sözlərlə “Triumph”a damğasını vuran yenə Maykl oldu. “Can You Feel It”ə çəkilən fərqli klip də böyük səs gətirdi və sənətçinin rəqs qabiliyyəti milyonlarla müsiqi sevərlər tərəfindən xoş qarşılandı. M. Cekson 1982-ci ildə ona “Ən Yaxşı Uşaq Albomu” janrında Grammy mükafatı qazandıran, “E.T.” (Extra-Terrestrial) filminin orijinal saundtreki "Someone in the Dark" mahnısını səsləndirdi.

1987-ci ildə “Bad” albomu satışa çıxır. Həmin albomdan olan eyniadlı mahnıya çəkilmiş 18 dəqiqəlik qısa film tipli klipdə Ceksonun görünüşü mahnı və klipdən daha çox müzakirələrə səbəb oldu. Səbəb məşhur müğənninin həm üzündə, həm də dəri rəngində çox diqqətə çarpan və çaşdırıcı dəyişikliklərin olması idi. Media, sənətçinin, zənci olmaqdan utandığı üçün dəri rəngini ağartmağa çalışdığı, burun estetikasi, alın qaldırma və dodaq naziltmə əməliyyatı kimi bir çox əməliyyat keçirdiyi iddialarını ortaya atdı. M. Cekson 1988-ci ildə yazmış olduğu “Moonwalk” adlı avtobiyoqrafiyasında, yalnız iki dənə estetik əməliyyat etdirdiyini və çənəsindəki yaralardan ötəri də dərisi üçün cərrahı əməliyyat tətbiq olunduğunu yazdı.

“Moonwalker” adlı müzikl 1988-ci ildə nümayişə girdi və tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Film bir milyon satışla yeni bir rekorda imza atdı. Bu uğurdan sonra ulduz sənətçi, pop, rok və soul musiqisinin kralı elan edilir və Elvis Presly, Beatles, Frank Sinatra kimi dünya səviyyəsində talismana çevrilmiş “kral” halına gəlir.

Ceksona “Vitiliogo” xəstəliyini bulaşdırdıqları iddia edilirdi. “Vitiliogo”  xəstəliyi qazanılmış xroniki xəstəlikdir və müalicəsi yoxdur. Bu xəstəliyin əsas simptomu xəstənin dərisində əmələ gələn ağ rəngdə ləkələrdir. Dəridə olan “melanin” adlı xüsusi piqmentin  azalmasına və ya yoxluğa görə, bu ləkələr adətən böyüməyə, bir biri ilə birləşməyə, yeni yerlərdə əmələ gəlməyə meyilidirlər. 

Onu kəşf edənlər pop kralının qaradərili biri olmasını istəmirdilər. Cekson dərisinin rəngini öz istəyi ilə qaradan ağa dəyişdirmədiyini və bunun daima medianın gündəmində olmasından narahat olduğunu bildirirdi: "Çox yorğunam. Həqiqətən bu hadisələrdən bezdim. Mətbuatın hər şeyi dəyişdirməsindən bezdim. Onlar həqiqətləri demirlər. Yalan danışırlar. Bütün zamanların ən çox albom satanı olursan və daha sonra birdən-birə məni homoseksual, uşaq təcavüzçüsü deyə adlandırırlar. Dərimin rəngini dəyişdirdiyimi söyləyirlər. Onlar hər şeyi, xalqı mənim əleyhimə  çevirmək üçün bunları edirlər. Mən irqimi bilirəm. Güzgüyə baxdığımda bunu görürəm".

Filmin müvəffəqiyyətindən sonra, paparazzilərdən və haqqında törədilən dedi-qodulardan deppresiyaya düşən Maykl, Hayvenhörstdə ailəsiylə birlikdə yaşadığı evi tərk edərək, 27 hektarlıq nəhəng bir sahə də Neverland villasını satın aldı və orada gözdən uzaq yaşamağa başlayır. Çox kiçik yaşlarından səhnədə olan, uşaqlıq günlərini yaşaya bilmək adına lunaparkdan zooparka, böyük bir gölə qədər özünə tamam ayrı bir dünya qurdu.

Pop kralı Maykl Ceksonun ölümündən 6 il keçsə də onun öldürüldüyünü iddia edənlər var. Ölümün arxasındakı sirr isə hələ də tam olaraq açılmayıb. 2009-cu ilin 25 iyununda M.Cekson öz yataq otağında həkimi Murrayın yanında can verdi.  İstintaq tibb testlərinin nəticəsinə görə Cekson, güclü ağrıkəsici sayılan “propofolu” ölümcül dozada qəbul etməsindən vəfat edib. Dəfn olunduğu yer gizli saxlanılır.

Şərhlər