Dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı - VİDEO

29.08.2015 14:27     Artreaksiya     3727

Bu gün Azərbaycanın milli qəhrəmanı, jurnalist Çingiz Mustafayevin doğum günüdür.

O, 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimir rayonunun Kapustin-Yar qəsəbəsində hərbçi ailəsində anadan olub.

1964-cü ildə ailəsi ilə Bakı şəhərinə köçən Çingiz 1977-ci ildə Yasamal rayonunda 167 saylı məktəbi bitirib. Elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil  olub və 1983-cü ildə institutu müvəffəqiyyətlə bitirib. Təhsilini başa vuran gənc Çingiz təyinatla Dəvəçi rayonunda üç il həkim işləyib.

1983-cü ildə dünyada ilk dəfə olaraq türkcə rep janrlı mahnını Çingiz Mustafayev səsləndirib. 1985-ci ildə yaratdığı “Cəngi” birliyindəki fəaliyyəti ilə Azərbaycan gənclərinin lideri səviyyəsinə yüksəlib.

Çingiz həkim olsa da, jurnalistikaya böyük həvəsi vardı. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı bu fikir özünü bir daha göstərdi. Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri məhz Çingiz lentə almışdır. 1991-ci ildən isə həyatını tam olaraq jurnalistikaya bağladı. Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutdu. O 1991-ci ildən Azərbaycan Dövlət Televiziyasında reportyor kimi çalışmağa başladı. Ancaq Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənmədi. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkklərin Amerika və Avropanın aparıcı agentlikləri və televiziyalarına yol tapdı.

Dövlət televiziyasında mövcud olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum görə Ç. Mustafayev 215 kl studiyası kimi muxtar qurumun yaradılmasının təşəbbüskarı və yaradıcısı oldu. Onun reportajları bir qayda olaraq cəbhədən olduğuna görə bu studiyanı tamaşaçılar müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev Azərbaycan-Ermənistan müharibəsinin 1992-ci ilə qədər olan dövrünün əsl salnaməsini yaradıb. Ölkənin döyüş gedən bütün bölgələrindən operativ xəbərlər, ayrı-ayrı əsgərlər haqda xüsusi reportajlar və bunlarla yanaşı Azərbaycanda gedən siyasi proseslər barədə ətraflı informasiyalar onun müəllifliyi ilə həyat tapırdı. Ç. Mustafayev Azərbaycan tamaşaçısına hər bir reportajı ilə tanış olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Mustafayevin məhz bu filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmır, cəbhədə bir əsgər, zabit və hətta komandan kimi bir çox vəzifəni öz üzərinə götürürdü. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq barədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı ən yeni teletarixin ən dramatik səhifələridir.

15 iyun 1992-ci ildə ön cəbhədə çəkiliş apararkən qəhrəmancasına həlak olan Mustafayev Çingiz Fuad oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakı şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.

DİN-nin Şüvalandakı istirahət guşəsi, Bakı küçələrindən biri, ANS-ÇM radiostansiyası, Azərbaycan gəmilərindən biri qəhrəmanımızın adını daşıyır. Yaşadığı binanın önündə barelyefi vurulub. C.Naxçıvanski adına Hərbi Litseydə büstü qoyulub. 2011-ci ilin avqustunda Almaniyada 3 min nüsxə ilə onun təsviri olan poçt markası buraxılıb.

Şərhlər