Rəsmi Bakı müğənnini cəzalandırdı

31.08.2015 14:04     Artreaksiya     2627

Cüzeppe Verdinin "Rekviem" əsəri opera müğənnisinə baha başa gəldi.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) sabah Xankəndidə Cüzeppe Verdinin "Rekviem"əsərini tamaşaya qoymağa çalışan opera müğənnisi Lyubov Kazanovskaya kəskin tənqid edib. 

Reaksiya.az ANS PRESS-ə istinadən məlumat verir ki, XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin adından bu barədə yayılan məktubda deyilir: 

2 sentyabr tarixində Lyubov Kazarnovskaya və digərlərinin iştirakı ilə Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində təxribatçı məqsəd daşıyan konsert proqramının təşkil olunmasını qəti şəkildə qınayırıq. Bu konsert proqramı Ermənistanın Azərbaycana qarşı təcavüz və işğal, qanlı etnik təmizləmə siyasətinin nəticəsi olaraq yaradılmış qondarma rejimin təşviqinə xidmət edir. Ədalət və sülhdən danışan L.Kazornovkayaya xatırlatmaq istərdik ki, konsertin keçiriləcəyi Xankəndi şəhərindən bir neçə kilometr aralı məsafədə yerləşən Xocalı şəhərində Ermənistan və qondarma rejim tərəfindən 1992-ci ildə yerli azərbaycanlı əhaliyə qarşı bəşəriyyətin ən dəhşətli insanlıq əleyhinə cinayəti və soyqırım əməlləri törədilib. Özünü mədəniyyət xadimi adlandıran şəxslər heç olmasa bu faciənin qurbanı olmuş azyaşlı uşaq və qadınlardan utanmalı və vicdan əzabı çəkməlidirlər.

Ermənistanın vandalizm siyasətinin nəticəsidir ki, işğal olunmuş ərazilərdə Azərbaycan xalqının zəngin maddi-mədəniyyət abidələri, o cümlədən dünyada məşhur olan Qarabağ musiqi irsi talan və məhv edilib. Konsert proqramında iştirak edən digər əcnəbi vətəndaşların adları da müvafiq araşdırmadan sonra arzu olunmaz şəxslər siyahısına daxil ediləcək.

Rusiyalı opera müğənnisi Lyubov Kazanovskayanı ermənilərlə şəxsi əlaqələr birləşdirir. Onun atası hərbçi kimi Ermənistanda xidmət edib. Kazarnovskayanın özü də 1974-78-ci illərdə İrəvanda yaşayıb. Onun Dağlıq Qarabağa səfərini və ordakı konsert layihəsinin Ermənistan prezidenti Serj Sarkisyanın arvadı Rita Sarkisyan maliyyələşdirir. 

Şərhlər