"Kimsə insanları sevməlidi" - Şahzadə Diana - VİDEO

31.08.2015 15:31     Artreaksiya     3168

"Diananın ölümündə Kraliça ailəsinin əli var, onlar Diananın müsəlmana ərə getməsini istəmirdilər"

“Ürəklərin kraliçası”, İngiltərə kral ailəsinin ən tanınmış üzvü hesab olunan şahzadə Diananın ölümündən 18 il keçir.

1961-ci il iyul ayının 1-i Norfolkda zadəgan ailəsində dünyaya gələn Diana təhsilini İsveçrədə alıb İngiltərəyə qayıdır. İmtiyazlı uşaq bağçasında tərbiyəçi işləməyə başlaydığı vaxt o kral ailəsinin diqqətini çəkir və şahzadə Çarlzla başlayan dostluğu mətbuatın marağına səbəb olur. Diananın Çarlzla ilk tanışlığı isə 16 yaşında atası evində olub.

Böyük Britaniyada ən həsəd aparılacaq bəy olaraq qadın düşkünü imici qazanan Şahzadə Çarlz Dianaya rəsmi evlənmə təklifini 1981-ci ilin fevral ayında etdi. Nişan haqqında xəbərlər yayılan kimi mətbuat gələcək kraliçanı “təqib etməyə” başladı. İlk vaxtlar xaraktercə utancaq olan Diana reportyorlardan qaçırdı. Sonralar o, özü haqqında deyirdi: “Dəfələrlə otağımda oturub uşaq kimi ağlayırdım”.

“Əsrin toyu” 1981-ci il iyulun 29-da baş tutdu. Diana Spenser dəbdəbəli gəlinlikdə  Britaniya kral ailəsinin daha bir üzvü olmaqdan ötrü mehraba girdi. Dünyanın 750 milyon əhalisi televizor qarşısında Avropanın ən gözəl xanımlarından və ən varlı bəylərindən birinin toyuna tamaşa edirdi. Kənardan elə görünürdü ki, qızın bəxti üzünə həqiqətən də gülmüşdü. Amma bu “xoşbəxt” görüntünün arxasında çox böyük əziyyətlər gizlənirdi. 300 il ərzində ilk dəfə idi ki, “sadə” ingilis bir qız (məşhur nəsildən olsa da, kral qanının daşıyıcılarından deyildilər) taxt-tacın varisinə ərə gedirdi – buna görə o çox şeyi qurban verməli oldu.

Onlar arasında ilk narazılıqlar sadə səbəblərdən baş verirdi: Diana kral ailəsinin ikiüzlülüyü və yalanına dözmür, Çarlzı isə Diananın özünə güvənməməsi, bir çox şeylərdən inciməsi əsəbiləşdirirdi.  1992-ci ildən Diana və şahzadə Çarlz rəsmi olaraq ayrı yaşayırdılar. Britaniya qanunlarına görə, beş il ayrı yaşayan ər-arvad boşanmış hesab olunurlar. Bu, Çarlza əl verirdi, amma kral ailəsi və bir çox ölkə vətəndaşları onların barışacağına ümid edirdilər. Britaniya qanunlarına görə, boşanmış şahzadə taxt-taca sahib ola bilməz.

1995-ci ildə Diana BBC-nin “Panorama” adlı populyar şousunda iştirak edərək Kamillanın onların həyatında hələ toylarından öncə peyda olmasını dilə gətirdi. “Bu nikahda biz həmişə üç nəfər idik, bu çoxdur”, - Diana belə açıqlama vermişdi. Bu açıqlama ilə o boşanmaq istədiyini dilə gətirdi. Bundan sonra Çarlz rəsmi surətdə yoldaşı ilə boşanmalı oldu. Diana 23 milyon dollar, Kensinqtonsk iqamətgahını, Sent-Ceyms sarayında kabinetlər əldə elədi, eyni zamanda, Uels şahzadəsi titulunu qoruyub-saxladı, ən əsası isə uşaqların tərbiyəsinə Çarlzla bərabər hüquqlar əldə etdi. Boşanma Çarlzın imicinə pis təsir göstərdi, amma Dianaya olan məhəbbəti azaltmadı. İnsanlar şahzadə Çarlzı gözəl həyat yoldaşına xəyanət edən və kral adına ləkə gətirən adam kimi qəbul etdilər.

Mətbuatın “utancaq D” –si nikahda olduğu illər ərzində, əla şəkildə özünü xoşbəxt göstərməyi öyrənmişdi, amma daha bunu etmək istəmirdi. Uels şahzadəsi (bu titulu o saxlamışdı) boşandıqdan sonra daha böyükmiqyaslı sevgiyə “keçdi”, bu ailə sevgisindən daha böyük idi – o, xeyriyyəçiliyə (adətən, əvvəllər bu protokola uyğun həyata keçirilirdi) başladı və o, bunu formal yox, tam ürəkdən edirdi. Çarlzın qərarsız arvadı öldü – yeni Diana dünyaya gəldi və onun cəsarəti digər insanlara da örnək oldu. Onun yeni missiyası yarandı: “Mən hər zaman humanitar insan olmuşam, varam və olacam da. Mən bacardığım qədər insanlara kömək etmək istəyirəm…Dünya insan sevgisinin və nəvazişinin yoxluğundan getdikcə daha çox əziyyət çəkir... Kimsə çıxıb insanları sevməli və onlara bunu deməli və göstərməlidir”. Diana ingilis baletinə, xəstəxanalara, uşaq xəstəxanalarına dəstək olurdu – QİÇS-ə, xərçəngə, leykamiyaya tutulanlara kömək edirdi, piyada əleyhinə minaların qadağan olunması uğrunda mübarizə aparırdı – Anqoladakı mina tarlalarına həsr olunmuş film çəkmişdi. Şahzadənin bahalı paltarları isə xeyriyyə hərraclarında vurulan çəkiclərin hər yeni zərbəsi ilə gedirdi.

1997-ci ilin avqustunda bir reportyor Diananı sevgilisi Dodi Al-Fayedin ilə çəkdi. Fotoqraf bu şəklə görə 3 milyon dollar qazandı. Dodinin atası Misir milyarderi Məhəmməd əl-Fayed hər il Britaniya xəzinəsinə bir neçə milyon funt-sterlinq vergi ödəməsinə baxmayaraq, ingilis vətəndaşlığı ala bilməmişdi. Dodinin özü Hollivud filmlərinin prodüserliyilə məşğul idi. O, Afrika filmləri barədə çəkiləcək filmdə baş rola Diananı çəkmək istəyirdi. Onların münasibəti Britaniya ictimaiyyətini pərt eləmişdi. Avqustda onların nişanlanması və tez bir zamanda nikah bağlamaları haqqında xəbərlər yayıldı. Avqustun 31-də ölümlərindən bir neçə saat öncə Dodi əl-Feyd zərgərlik dükanlarından birində danışan ada sahib “Dis-moi oui” (Mənə HƏ de) adlı üzük alan Dodi Diana ilə “Rits” otelinə şam yeməyinə gedərkən “Alma” tunelində avtomobil qəzasına düşdülər, cangüdəni çıxmaq şərtilə Diana, sevgilisi və sürücüsü həlak oldular.

Bəzi mənbələr bu qəzada jurnalistləri günahlandırdı. Onların fikrincə, avtomobil onları izləyən jurnalistlərdən qaçmaq üçün yüksək sürətlə gedib. Hadisə zamanı polis ağ “Fiat Uno” avtomobilinin izinə rast gəlir. Şahzadənin ölümünü araşdıran özəl istintaqçının sözlərinə görə, onlar ölkədə olan bütün ağ “Fiat Uno”ları araşdırıblar. Lakin belə bir avtomobilə rast gəlinməyib. Hadisədən iki il sonra qəzetlər qəzada sürücünün günahı olduğunu yazırdı. Jurnalistlər qəzada ölən sürücünü sərxoş olmaqda təqsirləndirirdilər. Şahzadənin ölümünü araşdıran digər müstəntiq Donald Makintayer qəzanın Britaniya Hava Qüvvələri tərəfindən törədildiyini iddia edib. Dodinin atası da oğlunun ölümündə Britaniya hökumətini günahlandırıb: “Onlar Diananın müsəlmana ərə getməsini istəmirdilər. Bu qəzada Kraliça ailəsinin əli var. Xüsusi ilə II Yelizavetanın əri Filipp və Diananın keçmiş əri, şahzadə Çarlzın, baş nazir Toni Bleyerin”.

Diananın ölümündən sonra hər saatda 6 mindən çox insan onun xatirəsini yad etmək üçün saray darvazaları önünə gəlirdilər, çiçəklər qoyub, dualar oxuyub, şamlar yandırırdılar. Hər kəs onu sevirdi – çünki o “qəlblərin şahzadəsi” idi. Bu ölüm hamını sarsıtdı, xüsusilə ingilisləri. Onun dəfni günü bütün dünyada bir dəqiqəlik matəm elan olundu. Amma ölümündən sonra Diana unudulmadı. Ən əsası isə odur ki, ölümündən sonra insanlar onun xeyriyyəçilik işlərini davam etdirdilər. Dostları Diana haqqında belə söyləyirlər: “Əgər onun yoluna uçqun çıxsaydı, onu düşünmədən saxlayardı”. Diana yalnız ölümü saxlaya bilmədi.

Şərhlər