"Komediya filmlərini və serialları Azərbaycan kino sənəti ilə bir tutmaq olmaz" - Aydın Kazımzadə - VİDEO

01.09.2015 12:39     Artreaksiya     3372

Böyük tarixi yol keçib saysız uğurlara nail olan, uzun illər bir-birindən maraqlı filmlərlə tamaşaçı qarşısına çıxan milli kinomuz bir müddət durğunluq dövrünü yaşasa da artıq yeni filmlər çəkilib tamaşaçılara təqdim olunur. Müstəqillik illərində çəkilən filmlər sırasında “Fəryad”, “Ağ atlı oğlan”, “Ümid”, “Arxada qalmış gələcək”, “Biz qayıdacağıq”, “Yuxu”, “Xoca”, “Dolu”, “Nabat” filmlərinin adını xüsusi qeyd etmək olar. Bəs, bu filmlər dünyada nə dərəcədə tanınır?

Kinoşünas Aydın Kazımzadə reaksiya.az-a açıqlamasında yeni çəkilən komediya filmlərinin və serialların Azərbaycan kino sənəti ilə əlaqələndirilməsi fikrinə qarşı çıxıb: “Son günlər müxtəlif productionlar tərəfindən çəkilən komediya filmlərini və serialları Azərbaycan kino sənəti ilə bir tutmaq olmaz. Azərbaycan kinosu deyərkən kinostudiya tərəfindən çəkilən filmlər nəzərdə tutulur. Bura “Dolu”, “Nabat”, “Qanlı yanvar” və digər filmləri nümunə göstərmək olar”.

Azərbaycan kinosunun dünyada tanınması məsələsinə toxunan A. Kazımzadə bu sahədə görülən işlərdən danışıb: “Kinostudiya tərəfindən çəkilən filmlər dünyanın müxtəlif ölkələrində keçirilən festivallara qatılıb. “Nabat” filmi son dövrlərin uğurlu filmlərindən hesab olunur və iştirak etdiyi hər bir festivaldan mükafatsız dönməyib. Elə bu günlərdə 20 yanvar hadisələrindən bəhs edən “Qanlı Yanvar" filminin Amerika qitəsinin ən iri festivallarından biri, Kanadada keçirilən 39-cu Monreal Beynəlxalq Film festivalında nümayişi baş tutur”.

Qeyd edək ki, ən son çəkilən Azərbaycan filmi bu ilin yanvarında ekranlara çıxarılan “20 Yanvar” hadisələrindən bəhs edən “Qanlı Yanvar” filmidir. Filmdə 20 yanvar tarixinə baxış bir qədər fərqlidir, burada əsasən müstəqillik mücadiləsindən bəhs olunur. Filmin baş qəhrəmanı Mehdinin məhəbbəti nişanlısı öldürüləndən sonra Vətənə məhəbbətə keçir və o, inqilab hərəkatına başçılıq edir. Filmdə qaldırılan problem yalnız Azərbaycana aid deyil, beynəlxalq problemdir. Çünki müstəqillik mübarizəsi hər bir ölkədə demək olar ki, eyni cür cərəyan edir. Filmin çəkilişlərində təkcə Azərbaycandan deyil, ABŞ, Türkiyə, İran və Rusiyadan da aktyor truppası, o cümlədən Nebahat Çehre, Len Devis kimi məşhur aktyorlar iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən və Qarabağ müharibəsindən bəhs edən “Nabat” filmi haqqında dünyanın bir sıra aparıcı KİV-lərində silsilə məqalələr çap olunmaqdadır. İtaliyanın məşhur “Artslife” onlayn jurnalında yer alan “Nabat: Müharibəyə qarşı mübarizə aparan tənha qadın” sərlövhəli məqalə də bu qəbildəndir. Məqalədə vurğulanır ki, cari ilin sentyabrında keçirilmiş 71-ci Venesiya film festivalının “Üfüqlər” bölməsində təqdim olunan “Nabat” filmi çoxsaylı beynəlxalq mükafatlara layiq görülüb. Rejissor Venesiyaya bir qadının öz kəndinə olan sevgisindən, oğlu da daxil olmaqla Vətənin ən yaxşı oğullarını ölümə sürükləyən müharibəyə qarşı apardığı ağrılı mübarizədən bəhs edən hekayə ilə gəlib.

Qeyd edək ki, sözügedən ekran əsərinin baş qəhrəmanı Nabat xala Qarabağın müharibə zolağında olan dağ kəndlərindən birində yaşayır. Kəndin olan-qalan sakinləri növbəti güclü atəş yağışından sonra tamamilə evlərini tərk edirlər. Nabat xala isə xəstə həyat yoldaşını və oğlunun məzarını qoyub heç yana getmir. Hər axşam bu qəhrəman qadın kəndin məscidində və bütün evlərdə neft lampaları yandırır. Hər gecə yanan lampaların işığını görən ermənilər uzun müddət kəndə girməyə qorxurlar. Film Azərbaycan qadınının şücaətini, dözümlülüyünü, qəhrəmanlığını bir daha təsdiq edir.

 Son dövrlərdə çəkilən filmlərimiz arasında Aqil Abbasın eyniadlı romanı əsasında çəkilən “Dolu” filmini xüsusi qeyd etmək olar. Yerli tamaşaçıların rəğbətini qazanan film Rusiya və Türkiyədə də kinosevərlərə təqdim olunub. Bu filmi “məğlubiyyət haqqında ən yaxşı qələbə filmi” adlandırırlar.

Şərhlər