Azərbaycanlı şair səfir təyin edildi

28.09.2015 14:40     Artreaksiya     4455

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr mərkəzinin rəhbəri Səlim Babullaoğlu bu günlərdə Dünya Şairlər Hərəkatının Azərbaycan üzrə səfiri təyin edilib.

Səlim Babullaoğlu bu barədə Reaksiya.az məlumat verib. 

O, bildirib ki, Hərəkatın Azərbaycandan ilk üzvüdür: “Dünya  Şairlər Hərəkatı 2005-ci ildə Valparaisoda Çili şairi Luis Arias Manzo tərəfindən yaradılıb. 8000-dən artıq üzvü olan ən böyük peşəkar poetik gildiya 5 qitə, 120 ölkəni əhatə edir. Baş katibi Luis Arias Manzo, prezidenti  Athanase Vantchev de Thracyidir.  Hərəkatın baş ofis Çilidə, prezident ofisi isə Fransada yerləşir”.  

S.Babullaoğlu həmçinin onu da bildirib ki, bu seçim onun öz arzusu ilə olmayıb: “Dünya Yazıçıların 52-ci Beynəlxalq Belqrad Toplantısından qayıdandan sonra əvvəl Hərəkatın Avropa üzrə vitse-prezidenti Duşka Vrxovasdan, sonra həmin günün axşamı isə Hərəkatın prezidenti Athanase Vantchev de Thracydən məktub aldım. Namizədliyimi xanım Vrxovas irəli sürmüşdü. Cənab Vantchev razılığım olacağı təqdirdə qərarın artıq verildiyini yazır və məndən özüm haqqında bilgi istəyirdi. Mən razılıq verdim və tələb olunan məlumatı göndərdim. Bu gün isə Hərəkatın baş katibi Luis Arias Manzo mənə qərarı və bəzi qeydlər olan məktubu göndərdi”.

Xatırladaq ki, bu xəbər Azərbaycan ədəbi mühitinin növbəti uğuru hesab oluna bilər.

Şərhlər