Mahnı Teatrında Təbriz aşıqlarının konserti keçirilib - FOTOLAR

11.10.2015 21:45     Artreaksiya     3157

Bu gün Rəşid Behbudov adına Mahnı teatrında Avrasiya Beynəlxalq Arasdırmalar İnstitutu İctimai Birliyi və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə İranın "Dalğa" aşıq musiqisi qrupunun konserti keçirilib.

Reaksiya.az xəbər ki, konsert proqramını giriş sözü ilə təbrizli şair Əli Daşqın açaraq "Dalğa" qrupunun 25 il bundan öncə yaradıldığını bildirib: “Qrupun məqsədi aşıq musiqisini inkişaf etdirmək və gənc nəslə bu qədim musiqi haqda bilgi verməkdir”.

Qrupun üzvləri zala toplaşanlara təqdim edildikdən sonra Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu çıxış edərək Türkiyə paytaxtında baş verən terrorda xeyli sayda insanların öldüyünü xatırladıb: “Bu acı xəbər təkcə Türkiyəni deyil, Azərbaycanı da sarsıdıb. Qardaş türk xalqına açılan güllələr bizə də dəyib. Bu baxımdan ürəyimiz yaralıdır”.

Ankarada həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra BAMF-ın sədri "Dalğa" qrupunun yarandığı tarixə nəzər salıb: “Bu qrup  1980-ci illərin sonunda Təbriz  şəhərində yarananda həmin vaxt mən də orda idim. Hətta, onun adının qoyulması prosesində də yaxından iştirak etdim”.

Natiq çıxışının sonunda təşkilatçılığa görə Avrasiya Beynəlxalq Arasdırmalar İnstitutu İctimai Birliyinin sədri, millət vəkili Qənirə Paşayevaya, dəstəyə görə isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənova minnətdarlığını bildirib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov vurğulayıb ki, zala toplaşanlar bu gecə cənublu musiqiçilərin ifasında açıq sənətinin incəliklərinin şahidi olacaq və nəticədə xoş anlar yaşayacaqlar.  

Konsert proqramından sonra millət vəkili Qənirə Paşayeva Türkiyədəki terror hadisəsindən söz açıb: “Türkiyənin hazırkı kədəri bizim də kədərimizdir. Nəinki Türkiyədə, dünyanın heç bir məkanında belə qanlı terrorun baş verməsini istəməzdik”.

Millət vəkili “Dalğa” qrupunun üzvlərini, xüsusilə qrupun rəhbəri Çingiz Mehdipuru xeyli vaxtdır ki, tanıdığını bildirib.

O, aşıq musiqisinin qədimliliyindən danışaraq qeyd edib ki, “Dalğa” qrupu Azərbaycana növbəti gəlişində Xankəndidə, Şuşada və işğal edilmiş digər rayonlarda konsertlər təşkil edəcək: “Biz hamımız o günü səbirsizliklə gözləyirik və inanırıq ki, işğal edilən rayonlar haqda kitab yazan şair Əli Daşqın o rayonların işğaldan sonrakı mənzərəsini də qələmə alacaq”.

Qənirə Paşayeva möhtəşəm gecəyə görə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyinə və BAMF-ın sədri Umud Rəhimoğluna təşəkkür edib.

Tədbirin sonunda Umud Rəhimoğlu və Qənirə Paşayeva “Dalğa” qrupunun üzvlərinə qiymətli hədiyyələr verib.

Qeyd edək ki, konsertdə tanınmış şairlərdən Ramiz Rövşən, Zakir Fəxri, Zahid Sarıtorpaq, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, tanınmış rejissor Ramiz Həsənoğlu və bir çox ictimai-siyasi xadimlər iştirak edib.

Şərhlər

Çox oxunanlar