"Axşam yenə gələrsən.....36 yaşına..." - Xanım İsmayılqızı

12.10.2015 13:41     Artreaksiya     3617

“İndi sənə nə arzu edim, Fəridim... Yerin yaman görünür.....Gözümün işığı, ürəyimin ağrısı... Axşam yenə gələrsən.....36 yaşına...”

Azərbaycan Yazıçılar Birliyinin üzvü, sevilən şairə, istedadlı bəstəkar Xanım İsmayılqızı öz facebook səhifəsində dünyadan vaxtsız köç etmiş oğlu Fərid Əliyevin doğum gününü təbrik edib.

Qeyd edək ki, şairənin oğlu ötən ilin 5 iyulunda qəfildən ürək tutması nəticəsində vəfat etmişdi. Yaşasaydı, bu gün 36 yaşını qeyd edəcəkdi.

Reaksiya.az Xanım İsmayılqızının oğluna həsr etdiyi şeiri paylaşır. 

Canım Oğlum.

Sən elə gözəl gəlmişdin bu dünyaya,

O qəribə gözlərinin özü boydaydı dünya.

Seçilirdin, seçilmişdin.

Buralar doğma deyildi,

Elə bil ki, bilirdin...

Canım Oğlum.

Öz adının mənasını soruşurdun dönə-dönə,

Deyirdim ki, Fərid sözü qeyri-adilik deməkdi.

Və həm də seçilməkdi...

Canım Oğlum.

Qucağımdan yerə qoya bildim səni,

Sevilməyi, sevməyi,

Qaçmağı da öyrətdim...

Yerdən ayağı üzüb

Uçmağı da öyrətdim...

Canım Oğlum.

Sən də mənə çox şeyi öyrədə bildin.

Bu aləmin içində azmağı öyrətdin mənə,

Bütün dadların adını yazmağı öyrətdin mənə...

Canım Oğlum.

...Titrəyən əllərinlə ətəyimdən yapışaraq,

Əlimdən tutdu əllərin.

Çiynimə qondu əllərin.

İllərimi qarışdırıb

Sığala qatdı əllərin.

Boyun boyumu da aşdı,

Sevgiyə batdı əllərin.

...Sonra da yatdı əllərin...

Canım Oğlum.

Sən elə gözəl gəlmişdin bu dünyaya,

Qəribə gözlərin dünyam qədərdi.

Seçilmişdin, seçilirdin, seçildin...

...Buralar doğma deyildi,

Bilirdinmi?..

... Elə mən də bilirdim...

Allah rəhmət eləsin!

Şərhlər