Bir sevgi şairimiz vardı - Nüsrət Kəsəmənli

15.10.2015 17:45     Artreaksiya     6346

“2003-cü ilin bu günü sevgililər təsəlli ortaqlarını, mən isə atamı itirdim. Allah dünyasını dəyişən valideyinlərə rəhmət eləsin”.

Bu sözləri mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli öz facebook səhifəsində paylaşıb.

Reaksiya.az xəbər verir ki, sevgi, məhəbbət şairi kimi tanınan və sevilən mərhum şairimizin bu gün fani dünyaya vida etdiyi gündür.

Xatırladaq ki, Nüsrət Kəsəmənli 1946-cı ildə Qazax rayonunda anadan olub. İndiki Bakı Dövlət Universitetinin ikinci kursunda oxuyarkən "Bakı" və "Baku" qəzetlərində müxbir, ədəbi işçi vəzifələrində çalışıb. Universiteti bitirdikdən sonra Azərbaycan Yazıçılar İttifaqında fəaliyyətə başlayıb.

60-cı illərdən bədii yaradıcılığa başlayan Nüsrət Kəsəmənli məhəbbət şairi kimi sevilməklə yanaşı, həm də nəğməkar şair kimi tanınıb. Onun 150-dək şeirinə tanınmış bəstəkarlar tərəfindən musiqi bəstələnib. O, həmçinin bir sıra sənədli və bədii filmlərin ssenari müəllifi olub.

Reaksiya.az mərhum şairin “Ağlama, Təbrizim, ağlama” şeirini təqdim təqdim edir:

Demə yollar uzaqdır,

Araya bir çay düşüb;

Vüsal kimin qisməti,

Bizə həsrət pay düşüb.

Birimizə göz yaşı,

Birimizə toy düşüb;

Danış, ucadan danış,

Sən dilini bağlama.

Ağı dediyin bəsdi,

Ağlama, Təbrizim, ağlama

Ölənlər torpağındır,

Bizə sağlar qalıbdır.

Baxıb köks ötürməyə

Qarşı dağlar qalıbdır.

Bir gözümüz gülürsə,

Biri ağlar qalıbdır.

Sil gözünün yaşını

Ürəyimi dağlama,

Ağlama, Təbrizim, ağlama

Bu torpağın üstündə

O taylı, bu taylıyıq.

Torpaq ki ömür deyil

Necə gəldi paylayaq.

Nə qədər “qardaş” deyib

Uzaqdan haraylayaq,

Ucalt haqqın səsini,

De sözünü, saxlama,

Ağlama, Təbrizim, ağlama

Bəlkə bənövşəmizi

Bu nisgil, həsrət əyir.

Araza körpü üçün

Torpaq oğul istəyir.

Sənə əl uzadıram,

Əlim məftilə dəyir.

Sən güvən öz ağlına

Döyüşkən, düz ağlına,

Ağlama, Təbrizim, ağlama

Çoxdur dil pəhləvanı,

Sözdə aşıb-daşırıq,

Bu günahsız Araza

Neçə günah qoşuruq.

Vətənin ortasında

Məftilə dolaşırıq;

Bir də bax dünəninə

Kimsəyə bel bağlama.

Dur ayağa, “Vətən” de,

Ağlama, Təbrizim, ağlama!..

Qeyd edək ki, şair, publisist, 1977-ci ildən Azərbaycan Yazıçılaır Birliyinin üzvü olan Nüsrət Kəsəmənli  2003-cü ildə müalicə üçün getdiyi Təbriz şəhərində vəfat edib.

Şərhlər