"Cəbiş müəllim"in 100 illik yubileyi qeyd olunub

16.10.2015 03:03     Artreaksiya     1913

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mərhum aktyor, xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyi keçirilib. Reaksiya.az xəbər verir ki, tədbirdə mərhum aktyorun sənət dostları, doğmaları iştirak edib. 

Süleyman Ələsgərovun ailəsi adından qızı Sevil Əhədzadə çıxış edərək ürək sözlərini dilə gətirib: "Atam mehriban insan, gözəl ata idi. İncəsənətə, teatra bağlılığım atamdan gəlir. O mənə uşaqlıqdan romanlar, hekayələr oxumağı tövsiyə edirdi. Hər həftə əlimdən tutub məni teatra gətirirdi. Onun sayəsində teatrı sevdim. Atam haqqında kitab da yazmışam. Təəssüf ki, tamaşaçılar onu Cəbiş müəllim kimi xatırlayır. Amma teatrda atamın gözəl rolları olub. Səməd Vurğun, Maksim Qorki, Montenelli, Hacı Qəmbər və s. obrazlar yaradib. "Cəbiş müəllim" atamın özü idi. Həyatda da "Cəbiş müəllim" kimi xasiyyti var idi". 

Tədbirdə həmçinin xalq artistləri Cəfər Namiq Kamal, Tariyel Qasımov, Yasin Qarayev çıxış edərək Süleyman Ələsgərovla bağlı xatirələrini bölüşüblər. Daha sonra mərhum aktyorun ifa etdiyi rollar videoçarxda yenidən xatırlanıb. 

Qeyd edək ki, Süleyman Ağababa oğlu Ələsgərov 1915-ci ildə Bakıda anadan olub. Yeddiillik təhsilini başa vuraraq Maliyyə Texnikumuna daxil olub. Orada üç il oxuyub və iqtisadçı diplomu alandan sonra Azərbaycan Dövlət Tibb İnstitutuna imtahan verib və üç il də orada oxuyub. O, səhnəyə 1933- cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. Səhnə sənətinə bağlandığına görə təhsilini yarımçıq qoyub. 1936-cı ilin sentyabrında Süleyman Ələsgərov GTT-yə müsabiqə yolu ilə aktyor götürülüb.

Tamaşaçıların "Bizim Cəbiş müəllim" filmindən yaxşı tanıdığı Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrının veteranlarından sayılır. Belə ki, aktyor bu sənət ocağında fasiləsiz olaraq 63 il səhnəyə çıxıb. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb. 83 yaşında da səhnədə canlı, dinamik və təravətli görünüb. Səhnə məntiqini həmişə həssaslıqla gözləyib.

Xalq artisti Süleyman Ələsgərov 1998-ci il dekabrın 10-da vəfat edib.

Şərhlər

Çox oxunanlar