İlham Əliyev 70 yaşlı Nikita Mixalkovu təbrik etdi

20.10.2015 12:45     Artreaksiya     2201

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Kinematoqrafçılar İttifaqının sədri N.S.Mixalkova təbrik məktubu göndərib.

Reaksiya.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli Nikita Sergeyeviç!

Sizi – Rusiya mədəniyyətinin görkəmli xadimlərindən birini 70 illik yubileyiniz münasibətilə təbrik edirəm, Sizə xoşbəxtlik, firavanlıq və yeni yaradıcılıq uğurları arzulayıram.

Sizin parlaq istedadınız, bugünkü və uzaq keçmişə aid hadisələrə qeyri-ordinar baxışlarınız milyonlarla pərəstişkarınızın bu qədər sevdiyi və tanıdığı bənzərsiz dəst-xəttinizi formalaşdırmağa imkan verib. Böyük rus mədəniyyəti ənənələrini qoruyub saxlamaq və artırmaq istəyi, rus xalqının tarixi zəfərlərinə görə qürur və dövlətçilik ideyasına sədaqət Sizin bütün yaradıcılığınıza nüfuz edib. Dünya kinematoqrafının inkişafına Sizin sanballı töhfəniz bir sıra prestijli mükafatlarla layiqincə qiymətləndirilib.

Sizin çoxşaxəli ictimai fəaliyyətiniz, heç şübhəsiz, postsovet məkanında humanitar əməkdaşlığın formalaşmasına böyük təsir göstərir. Ümidvaram ki, Sizin Azərbaycanın gənc kinematoqrafçıları ilə bu ilin baharında başlanmış səmərəli dialoqunuz yeni istedadlar yetişdirilməsinə və Azərbaycan-Rusiya mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə şərait yaradacaq.

Sizə uzun ömür diləyirəm.

Ən xoş arzularla”.

 

 

Şərhlər