Rəssamlar bu dəfə Göygölü çəkəcək

26.10.2015 10:34     Artreaksiya     2142

“Yurdumuzu qarış-qarış gəzək” şüarı ilə ölkəmizin dilbər guşələrini gəzib, göz oxşayan təbiət mənzərələrini tabloya köçürən azərbaycanlı rəssamların növbəti səfərinin ünvanı bəlli oldu.  

İndiyə qədər Xəzər sahilində, İsmayıllıda və Qubada səfərdə olan rəssamlarımızın dördüncü səfəri Gəncə-Göygol ərazisinə planlaşdırılıb. 

Uluslararası Aktivist Sənətçilər Birliyinin (UASB) Azərbaycan bölməsinin rəhbəri Nəvai Metin Reaksiya.az-a açıqlamasında bildirib ki, hava şəraitini nəzərə alaraq səfərin ərazisi geniş götürülüb: “Əsas məqsədimiz Kəpəzin, Göygölün mənzərələrini kətana köçürməkdir. Hava çox sərt olarsa Hacıkənddə dayanmağı düşünürük. Səfərə gedən rəssamlarımız çox yüksək əhval-ruhiyyədədirlər. Ölkəmiz müstəqillik qazandıqdan sonra belə bir layihəni ilk olaraq biz gerçəkləşdiririk və sevinirik ki, bunu bacarırıq”.

Qeyd edək ki, Uluslararası Aktivist Sənətçilər Birliyinin təşkilatçılığı ilə baş tutan bu layihədə Femina ART qadın rəssamlar birliyinin Azərbaycan bölməsi və Aktiv Rəssamlar qurupunun rəssamları iştirak edir. İlk olaraq 6 rəssamla başlayan layihəyə bu dəfə 20-dən artıq rəssamın qatılacağı gözlənilir.  Oktyabr ayının 31-i yola düşəcək rəssamlar noyabrın 1-i geri qayıdacaqlar. 

Nəvai Metin onu da qeyd edib ki, bu səfərdə Gəncə-Şəmkir ərazisindən 7 nəfər UASB-nin sıralarına qoşulacaq: “Səfərlərdə yeni üzvlərimizin qəbul olunması, artıq adət halını alıb və elə bu səfər çərçivəsində də həmin üzvlərin vəsiqələri təqdim olunacaq”. 

Şərhlər

Çox oxunanlar