Kaş ki, adın Feliçita olaydı...

27.10.2015 11:48     Artreaksiya     3805

Övladlarımıza ad seçərkən ən diləyatımlı, qulağa xoş səslənən, mənası gözəl olan adlara üstünlük veririk. Deyirik ki, ad insanın taleyinə təsir edir və o üzdən də elə adlar axtarırıq ki, balamız xoşbəxt olsun. Qızlarımıza Lalə, Nərgiz, Çiçək, Gül adlarını veririk ki, çiçək kimi təravətli olsunlar, bəxtləri daima üzlərinə gülsün.

Bəs görəsən seçdiyimiz bu adlar həqiqətənmi övladlarımızın taleyinə təsir edir?!

Bu yaxınlarda dəqiq xatırlamadığım bir mənbədən oxumuşdum ki, sən demə Gül adı verilən qızların taleyi heç də gözəl olmurmuş. Ətrafımda taleyi kəm qalmış Gül adlı xanımlar çox olduğundan oxuduğuma daha çox inanmışdım. Ancaq hardasa bir az şübhəm də qalmışdı ki, yox e, bunlar hamısı təsadüfdür. Necə ola bilər ki, gül kimi gözəl səslənən bir ad uğursuzluq əlaməti olsun?!  

Təəssüf ki, qismən də olsa qalmış o inamsızlığım bu günlərdə tamamən aradan qalxdı. Azərbaycan səhnəsinin gülən və güldürən əvəzsiz aktrisası Gülnar Salmanovanın vaxtsız ölümü məni inandırdı ki, adında Gül sözü olan qadınların taleyi çox tikanlı olur. Həmin qadınları həyat güldürməkdən çox ağladır...

Səhnədəki yerişi, duruşu, şaqraq gülüşü, rəqsləri, xoş avazı, dinamik hərəkətləri, bir sözlə bütün davranışları ilə əsl aktrisa olan Gülnar Salmanovanın ölümü çoxları kimi mənə də pis təsir etdi. Xəbəri eşidən kimi xəyalımda iki il əvvəl aktrisanın telekanallardan birinə verdiyi müsahibə canlandı. Zamanında gözəlliyi ilə göz çıxaran Gülnar xanımın həmin müsahibədəki çöhrəsini xatırladım.

O gözəllikdən, o təbəssümlü çöhrədən, sevinc dolu gözlərdən, qəhqəhəli gülüşdən əsər əlamət qalmamışdı. Şişkin yanaqlarından özündən ixtiyarsız olaraq yaş sel kimi gilələnirdi. Əlindəki dəsmalla yaşları silə-silə “Mən məğrur qadınam, heç kimin qarşısında əyilməmişəm və bunu hamı bilir” – deyirdi. Çox cavan yaşında səhhətində bir neçə xəstəlik baş qaldırmışdı. Ağır şəkərli diabet xəstəsiydi, böyrəkləri fəaliyyətini itirmişdi və bunlar azmış kimi süd vəzində xərçəng xəstəliyi tapılmışdı. Aldığı dializlər, kimyaterapiyalardan sir-sifəti də tanınmaz hala düşmüşdü. Ancaq bütün bunlara baxmayaraq həyat eşqi sönməmişdi, yaşamaq istəyirdi, adını verdiyi nəvəsinin toyunu görmək istəyirdi.

Nə yazıq ki, yaşamadı, yaşayammadı. Səhhətinə görə səhnədən, tamaşaçılarından çox tez ayrı düşmüş Gülnar xanım ailəsini, sevdiklərini, onu sevənləri də çox tez tərk etdi. İki illik amansız xəstəliklə mübarizədən məğlub tərəf olaraq ayrıldı.

150-dən çox tamaşada məharətli ifa sərgiləmiş Gülnar xanım son rolunun da öhdəsindən layiqincə gəldi! Ancaq bu dəfə güldürmək missiyasını ağlatmaqla əvəz etdi. Gülən-güldürən Gülnar Salmanova çox məharətlə ağlatdı sevdiklərini, həm də acımadan... Ancaq onu qınamıram, bu həyat onu sona qədər güldürdümü ki, o da missiyasına sonuna qədər sadiq qalaydı. Həyatın iki ildən çox ağrı-acıyla baş-başa buraxdığı bir qadın başqa cür necə davrana bilərdi ki...

Onu diri gözlü dağlayan həyata o da ölərək dağ çəkməliydi...

Valideynlərinin "Gül" dediyi Gülnar xanımı həyat daha çox ağlatdı. Həm də ömrünün ən gözəl çağında... Gülnar xanımı çoxumuz səhnəmizin Feliçitası kimi tanıyırdıq, sevirdik. Kaş ki, elə doğulanda da ona Feliçita adını verərdi valideynləri. Feliçitanın kədərsiz, qüssəsiz, dərdsiz həyatına bənzəyərdi həyatı da, bəxti də...

Şərhlər

Çox oxunanlar