“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihəyə yekun vurulub - FOTOLAR

10.11.2015 14:08     Artreaksiya     2464

Ədəbiyyat, musiqi və təsviri sənət  fərqli yaradıcılıq sahələr olsa da, onların bədii-estetik harmoniyası insanlara yüksək zövq aşılayır, mənəvi yöndən zənginləşdirir. Çağdaş dövrdə bu fərqli sahələri təmsil edən gənc istedadların fikir mübadiləsi aparması və işbirliyi yeni-yeni ideyaların gerçəkləşməsinə zəmin yarada, əlverişli mühitin formalaşması ilə sonuclana bilər. Elə məhz bu kimi fikir və ideyadan yaranan, Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı Layihəsi də üç gün ərzində gənc istedadlı şairlər, rəssam və bəstəkarlar arasında yaradıcı işbirliyi mühitin formalaşmasına və fikir mübadiləsinə bir töhfə oldu.

Silsilə tədbirlər başlamazdan öncə iştirakçılar Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını, habelə Bakı Türk Şəhidliyini ziyarət etmişlər.

Layihə çərçivəsində “HƏDƏF” Nəşrlərinin Mərkəzi Qərargahında keçirilən ilk tədbiri giriş sözü ilə açan Layihə rəhbəri Əfsanə Ələsgərli tədbirin, ümumən Layihənin məqsəd və məramı barədə geniş bilgi verdi. Bildirdi ki, DGTYB öncəki layihələri daha çox gənc yazıçı və şairlərin, türkoloqların yaradıcılığını əhatə edirdisə, bu dəfə yaradıcılıq və işbirliyi mühiti gənc yazarlar, bəstəçilər və rəssamlar arasında formalaşdırılır. – “Məqsədimiz odur ki, gənc bəstəçilər, yazarlar və rəssamlar öz yaradıcılıq ideyalarını ortaya qoya bilsinlər, eyni zamanda bir-birilə işbirliyi içində olsunlar. Layihənin sonucu olaraq qarışıq janrlı əsərlərin toplandığı toplu nəşr ediləcək. Bu topluda həm musiqiçilərin, həm yazarların, həm də rəssamların əsərləri yer alacaq”.

Layihənin məsləhətçisi, Atatürk Mərkəzinin şöb müdiri, tanınmış şair-publisist Əkbər Qoşalı qeyd etdi ki, bu cür layihələr fərqli yaradıcı mühiti təmsil edən, perspektiv vəd edən gənclərin ideya mübadiləsi, işbirliyi üçün yeni, əlverişli mühit yaradacaq, deyə ümid edirik. Layihədə əsas məqsəd fərqli sənət sahələrindən olan gənclərin fikir mübadiləsi və ortaq işlərin bir müstəvi üzxərində maddiləşməsi, gələcəkdə onlar arasında ədəbi-estetik harmoniya və ilişkilərin möhkəmlənməsinə  töhfə verməkdir. – “Ən azından, gənc bəstəçimiz gənc şairimizin şeirinə musiqi bəstələsin, rəssamımız yazarımızın kitabının üz qabığını işləsin, illustrasiya çəksin və s. Məhz bu cür uğurlu işbirliyi sonucunda həm istedadlar parlayacaq, həm də sənət aləmində peşəkarlıq əmsalı artmış olacaq, keyfiyyətli əsərlər meydana gələcək.“

“Hədəf” Nəşrlərinin, KitabEvim.Az-ın qurucusu,  dos.dr. Şəmil Sadiq qloballaşan dünyada kitabın, ədəbiyyatın bədii-estetik dəyəri, müxtəlif yaradıcı sahələrin bir-birinə qarşılıqlı təsiri, fənlərin inteqrasiyası, yaradıcı mühitlərin diffuziyası barədə məruzə ilə çıxış etdi. Ardıcıl olaraq, uluslararsı kitab sərgi-yarmakalarındakı yenilikləri izlədiklərini bildirən natiq, qardaş Türkiyədə, qardaş Türkmənistanda, Almaniyada keçirilən bir sıra kitab sərgilərinə qatıldığını vurğuladı. Onun sözlərinə görə, kitabın ərsəyə gəlməsində yazar və rəssamın  uğurlu işbirliyi ayrı bir gözəllikdir, buna bir çox örnək göstərmək olar. – “Çox istərdim, gələcəkdə Azərbaycanda da yazarlar və rəssamlar kitabın ərsəyə gəlməsində birgə çalışsınlar. Biz artıq çap etdiyimiz kitablarda bu gələnəyi yaratmağa başlamışıq.”

Tədbirin gedişində gənc şairlərin şeirləri dinlənildi və musiqiçilər öz ifalarını təqdim etdilər.

Daha sonra layihə iştirakçılarına “Onur” və “Qatılım Bəlgəsi” təqdim edildi.

Qeyd edək  ki, layihənin yekunu olaraq, gənc yazar, bəstəkar və rəssamların əsərlərindən ibarət toplu gələn ay ictimaiyyətə təqdim olunacaq.

 

Şərhlər