Səyavuş Aslanın xatirə gecəsi keçirilib

26.11.2015 03:23     Artreaksiya     1988

Noyabrın 25-də Akademik Milli Dram Teatrında xalq artisti Səyavuş Aslanın 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, yubiley mərasimi Mədəniyyət və Turizm Nazirliyinin  təşkilatçılığı baş tutub. 

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, teatrın baş rejissoru-bədii rəhbəri, xalq artisti Azərpaşa Nemət, S. Aslanın sənət dostları, tamaşaçılar iştirak edib. 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev S. Aslanı Azərbaycan teatrının nəhəng sənətkarlarından biri kimi dəyərləndirib: "Səyavuş Aslan unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsl sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, Azərbaycan teatrı, Azərbaycan kinosu, mədəniyyətimiz var, Səyavuş Aslanın sənəti də yaşayacaq". 

Xalq artisti Azərpaşa Nemət S. Aslan haqqında xatirələrini bölüşüb, onu Azərbaycan teatrının, kinosunun böyük sənətkarı kimi xarakterizə edib. 
Tədbirdə xalq artistləri Hacı İsmayılov, kinoşünas, əməkdar mədəniyyət işçisi Aydın Kazımzadə, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə S. Aslanın kino və teatr fəaliyyətindən danışıb, xatirələrini bölüşüblər.

Yubiley mərasimində S. Aslanın çəkildiyi filmlərdən və lentə alınan tamaşalardan səhnələr nümayiş olunub.

Qeyd edək ki, S. Aslan 1935-ci il sentyabrın 5-də Bakıda doğulub. O, aktyorluğa həvəskar kimi dram dərnəyindən başlayıb. 1954-cü ildə qısa müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə Quba Dövlət Dram Teatrında çalışıb.

1984-cü ildən ömrünün sonunadək Akademik Milli Dram Teatrında çalışan Səyavuş Aslan 2013-cü il iyunun 27-də Bakıda vəfat edib. 

 

Şərhlər