İnformasiya savaşı: biz nə etməliyik? | Reaksiya

İnformasiya savaşı: biz nə etməliyik?

Mənə görə Qarabağı hansısa dövlətlərdən istəmək əbəsdir, mənasızdır. İllərdir ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, böyük dövlətlərin ərazi bütövlüyümüzü yalnız sözdə “tanıması” göz önündədir. Biz isə bütün bunları görə-görə yenə də istəyirik. Həm də kimdən nəyi istədiyimizi bilməyərək. Bəlkə də, bilərək...  Aprel döyüşləri faktik olaraq göstərdi ki, Qarabağı özümüz istəməliyik. Özümüz istəsək, azad edə biləcəyik. Əks halda, nə ABŞ, nə də Rusiya Qarabağı azad edib bizə verəsi deyil. Və indi xüsusilə tez-tez ABŞ-dan Qarabağ tələbi də mənə mənasız gəlir. Düşünürəm, bu yerdə ABŞ bizə Qarabağı qaytaran deyil, lap 9 milyonun hamısı tələb etsə də, ABŞ-ın mövqeyi dəyişməyəcək, yenə də “Biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” kimi illərdir təkrarladığı bəsit mövqeyini təkrarlayacaq. Tanımaqla əməli fəaliyyət isə tam fərqli şeylərdir. Amma böyük dövlətlərin tanıması da bir “işdir”...

         Az müddətdir yaranmasına baxmayaraq, “Beynəlxalq İnformasiya və Tədqiqatlar İnstitutu” Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müxtəlif işlər görüb. Bu günlərdə də uzun müddətlik araşdırmalardan sonra BİTİ dünyanın məşhur axtarış sistemi olan “Google” şirkətinin “GoogleMap” əlavəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın tarixi torpaqlarının sonradan qəsbkar ermənilər tərəfindən təhrif olunmuş, erməni adları ilə göstərilməsinə qarşı imza kompaniyasına başlayaraq, şirkət qarşısında bu yalnışlığın qısa müddətdə aradan qaldırılması məsələsini qoyub (Səsvermədə iştirak etmək üçün bu keçidə daxil olmağınızı xahiş edirəm: https://www.change.org/p/the-white-house-google-do-not-exchange-the-names-of-azerbaijani-territories?recruiter=537118436&utm_source=share_petition&utm_medium=twitter&utm_campaign=share_twitter_responsive). Çünki bu hal bir millətin vətəninə, qüruruna və mənliyinə həqarətdir. Ümid edirik ki, başladığımız işin əməli nəticəsi olacaq və şirkət bu yalnışlığını aradan qaldıracaqdır.

         Elə bir zamana gəldik ki, artıq cəbhədə silahlar, sosial mediada da informasiyalar danışmalıdır. Bu gün silahlı müharibədən də qorxunc və təhlükəli informasiya müharibəsidir ki, biz də bu müharibənin iştirakçılarıyıq. Bu yöndə müxtəlif işlər görməmizə baxmayaraq, “bu müharibədə biz irəlidəyik” deyənlərə cavab olaraq, “GoogleMap”ı və ermənilərin hiyləgərcəsinə apardığı “siyasət” nəticəsində bir çox bu kimi mühüm saytlardakı məlumatların antiazərbaycan təbliğatlarını göstərmək lazımdır. Qeyd etməliyəm ki, düşmən bütün bunları etmək üçün bizim indi başladığımız informasiya müharibəsini hələ sovetlər zamanından başlayıb, bu gün də davam edtirir. Ermənilərin Azərbaycan əleyhinə saysız çoxdilli internet ressursları var ki, axtarış zamanı da ilk onlar üzə çıxır. Bu gün dünyanın hər hansısa bir yerindən Qarabağ haqqında məlumat almaq istəyən əcnəbi axtarış zamanı əksər hallarda ermənilərin saxta məlumatları ilə qarşılaşır. Yəqin, qəbul edərik ki, bir mövzu ətrafında axtarış edərkən, ilk qarşımıza çıxana daha çox diqqət çəkirik. Daha vaxt itirib, digər səhifələrə keçib, başqa məlumatları oxumuruq. Bu üzdən də bu günə qədər dünyanı qınasaq da, bu məsələdə laqeyd qalmışdır. Çünki biz informasiya savaşımızı düzgün qurmamışıq. Bu gün informasiya müharibəsini aparmaq üçün Azərbaycanda güclü beyin mərkəzləri işləməli, düşmənin saxta təbliğatının qarşısını almaq niyyəti ilə internet ressursları yaradılmalı, bu ressurslara ciddi nəzarət olunmalı, yayılan hər bir informasiya yoxlanılmalı, səhih olduğu halda, müxtəlif dillərə tərcümə olunmalıdır. Amma nə yazıq ki, bu gün Azərbaycanın informasiya savaşında iştirak edən barmaqla sayılacaq qədər internet ressursları var. Onların da fəaliyyəti göz önündə... Bunun da başlıca səbəbi ölkənin milli maraqlarına, haqq mövqeyinin dünyaya çatdırılması istiqamətində yaradılan saytlara maliyyənin ayrılmamasıdır. Heç kim bu tipli saytlara nə pul, nə də reklam vermək istəmir. Çünki bu tipli saytların oxucu auditoriyası çox azdır. Amma nəzərə almaq lazımdır ki, bizə bu saytların oxucu auditoriyasından çox internetdə bu məlumatların olması və axtarış zamanı üzə çıxması amili vacib olmalıdır. Aprel hadisələri bir daha sübut etdi ki, bu gün dünyada haqq səsimizin duyulması üçün informasiya böyük rol oynayır. Məsələn, həmin vaxtlar bir çox xarici medianın Qarabağı Ermənistan torpağı kimi göstərməsi, sonradan isə mövqeyini dəyişməsinin və ya dəyişməməsinin əsas səbəbi də bu günə qədər apardığımız informasiya savaşının nəticəsi idi. Hələ də gec deyil, heç olmaya, bundan sonra dövlət və qeyri-dövlət təşkilatları bu sahəyə diqqət ayırmalı, informasiya savaşı sahəsinin inkişafına çalışmalıdır.

         Bu gün digər ölkələrdən fərqli olaraq, Azərbaycanda qeyri-hökumət təşkilatlarına və KİV-lərə dəstək məqsədilə prezident yanında QHT-lərə və KİV-lərə dövlət dəstəyi fondu və şurası fəaliyyət göstərir. Bu təşkilatların beyin mərkəzləri informasiya savaşına yönəli müsabiqələr elan etməli, hər zaman olduğu kimi iki-üç nəfərə yox, yeni üzlərə, yeni beyinlərə vəsait ayırmalı və ciddi iş görməlidirlər. Təbii ki, bu günə qədər görülən işləri də danmaq olmaz. Amma görülən işlər ayrılan vəsaitlərin qarşılığında çox azdır. Hansı ki, həmin vəsaitlərlə daha böyük işlər görmək olardı. Amma keçənə güzəşt deyərlər, heç olmaya, bundan sonra ciddi nəticələri olan işlər görülsün...

         Biz öz gücümüzlə, heç bir dəstək olmadan cari ilin fevral ayından 5 dildə (Azərbaycan, ingilis, rus, türk, ispan) “Karabakh Today” (www.karabakh.today) Beynəlxalq Analitik İnformasiya Portalını yaratmışıq. Və fəaliyyət siyasətimiz də adından göründüyü kimi, tək Qarabağla bağlı deyil, ümumilikdə dünyada baş verən siyasi prosesləri oxuculara sunmaqdır. Onun fonunda isə Azərbaycanın haqlı mövqeyini dünya oxucusuna çatdırmaqdır. Alt qatda olan məqsədimiz isə bütün dünyaya Qarabağ adını bir mətbuat brendi kimi tanıtmaqdır. Niyə bu yolu seçdik?! Ona görə ki, yuxarıda da qeyd etdiyim kimi, düşmənin bu istiqamətdə müxtəlif internet ressursları var. Biz birdən birə illərdir beyni saxta informasiya ilə dolmuş dünya oxucusunu inandıra bilmərik. Bu üzdən ona maraqlı olan mövzuları verməklə, bu fonda az da olsa əsaslı informasiyalarımızı da verərək, dünya adamının beynini təmizləmək niyyətindəyik. Düşünürəm, bu qaydada davam edəcəyiksə, çox yaxında müsbət nəticəsini də görəcəyik. Bunun üçün sadəcə informasiya savaşında bütün media orqanlarımızın birlik nümayiş etdirməsi kifayət edərdi.

Advertisement Banner

Şərhlər