“QHT Şurası bir çox dövlət qurumları ilə müqayisədə daha şəffaf fəaliyyət göstərir”

06.12.2016 14:06     Bizim reaksiya     3013

Bir müddət öncə, yazdığım bir statusda ATƏT Parlament Assambleyasının vitse-prezidenti postuna millət vəkili, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin seçilməsini son illərin ən cidddi diplomatik uğurlarından biri kimi qeyd etmişdim. 2006-2010-cu illərdə məhz bu Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olduğuma və oradakı prosedurun mürəkkəbliyini bildiyimə görə, Azay Quliyevin bu uğurunun nə qədər çətinliklə və gərgin çalışmalarla qazanıldığını xüsusi olaraq vurğulamışdım. Düşünürəm ki, acınacaqlı qaçqın həyatı yaşamış, öz qabiliyyəti ilə ictimai-siyasi sferada qarşısına çıxan bütün maneələri aşmış bir Azərbaycan övladının ilk dəfə belə bir mötəbər mövqeyə qalxması Azərbaycanı sevən insanlar üçün gerçəkdən sevindirici bir fakt sayılmalıdır. Bunun ardınca dönüb mediamızda olan bir sıra reketçi jurnalistin ayrı-ayrı internet saytlarında həm Azay Quliyevi, həm də QHT-lərə Dəstək Şurasını “ifşa etmək” kampaniyasını hələ də davam etdirməsini görəndə bir daha düşünməli olursan ki, bizim cəmiyyətdə önə çıxmaq, ölkə üçün, millət üçün faydalı olmaq həm də bədxah xislətli bir çox insanın hədəfinə tuş gəlmək deməkdir.
Təbii ki, hər bir qurumun və ona başçılıq edən şəxslərin fəaliyyətinin tənqidə açıq məqamları olur və QHT-lərə Dövlət Dəstəyi Şurasını qərəzsiz tənqid edənlərin, fəaliyyətindən narazı olaranların da müəyyən haqlı arqumentləri vardır. Lakin ictimai-siyasi həyatda olduğum uzun illər ərzində obyektiv tənqidlə qərəzli və sifarişli kampaniyaçılığı bir-birindən ayırmağı az-çox bacardığıma görə, bu proseslərin də hansı məqsədlərlə gerçəkləşdiyini yazı mətnlərinin məzmunundan sezmək mümkün olur.
Müşahidəmiz onu göstərir ki, Şura başqa bir çox dövlət qurumları ilə müqayisədə daha şəffaf, açıq fəaliyyət göstərir, məhsuldar işi və çevikliyi ilə seçilir, milli və dövlət maraqlarına uyğun əksər QHT-lər üçün əlçatandır, hesabatlılığı var. O halda axı niyə bu gün fəaliyyətləri o qədər də şəffaf və ictimaiyyətə açıq olmayan, milyonlarla vəsaiti necə, hara və hansı meyarlarla xərclədikləri bilinməyən digər yerli və xarici donor qurumlar haqqında demək olar ki, heç nə yazılmır? Onlara qarşı hər hansı bir kampaniyanın və ya sifarişli yazının nadir hallarda şahidi oluruq? Bəlkə bu qurumlar Şuradan daha şəffaf və hesabatlıdırlar, ədalətli və obyektiv qərarlar qəbul edirlər, hamı bir nəfər kimi onlardan razıdır və ya onların fəaliyyətində qüsur tampaq çətindir ? Əlbəttə belə deyil.
Məncə ictimai-siyasi prosesləri, o cümlədən Şuranın və digər donorların fəaliyyətini yaxından izləyən hər kəsə bu sualların cavabı bəllidir.
Müşahidələrim onu göstərir ki, Şura ölkədə fəaliyyət göstərən donorların içərisində ən şəfaf, aşkar və hesabatlı qurumdur. İldə bir neçə dəfə Şura öz fəaliyyəti haqqında ictimaiyyət qarşısında yazılı və şifahi hesabat verir, icra olunan layihələrin hər biri haqqında müfəssəl məlumatı özündə əks etdirən kitab çap etdirir və onu internet səhifəsində yerləşdirir. Hər kəs icra olunan layihələr və görülən işlər haqqında istədiyi məlumatı əldə edə bilər.
Şura hər il müsabiqə mövzularını elan etməmişdən öncə onu ictimai müzakirəyə təqdim edir və QHT-lərin rəyini nəzərə almaqla maliyyələşdirəcəyi istiqmətləri müəyyənləşdirir. Yəni ictimai rəyə ciddi əhəmiyyət verir.
Şura hər bir layihənin obyektiv qiymətləndirilməsi üçün lazımi addımları atır, hər layihənin topladığı balı mətbuata açıqlayır və Şuranın qərarından narazı olan QHT-lər üçün appelyasiya imkanı yaradır. İnternet ehtiyatlarında yer alan xəbərlərə istinad edərsək görərik ki, təkcə bu il 70 QHT-nin müraciəti mətbuatın iştirakı ilə Şuranin Appelyasiya Komissiyasında baxılmış və 16 QHT-nin şikayəti əsaslı hesab edilərək onların maliyyələşdirilməsi haqqında qərar qəbul edilmişdir. Hələ indiyə kimi Azərbaycanda heç bir donor qəbul etdiyi qərarın hamının gözü qarşısında mübahisələndirilməsinə şərait yaratmayıb. Bunu isə yalnız öz şəffaflığına güvənən qurumlar edə bilər.
Digər tərəfdən Şura QHT-lərdən daxil olan layihə təkliflərinin, o cümlədən maliyyə və təsviri hesabatlarının qəbulunda “canlı təması” sıfıra endirib və bütün bu xidmətləri ciddi nizam-intizamı gözləməklə elektron qaydada həyata keçirdir. Bu isə QHT-lərin rahatlığı və mümkün neqativ halların qarşısını almaq üçün xüsusi əhəmiyyətə malikdir.
Bir mühüm faktı da qeyd edək ki, Şura dövlət büdcəsindən ayrılan vəsaitə qənaətlə yanaşır və bu vəsaitdən QHT sektorunun səmərəli faydalanmasına çalışır. Təsadüfi deyil ki, bu məntiqdən çıxış edən Şura 2015-ci ildə qənaət etdiyi 347 min manatı büdcəyə qaytardı. Gəlin razılaşaq ki, büdcədən maliyyələşən hər hansı bir digər donor qurumu könüllü olaraq büdcəyə bu qədər vəsaiti qaytarmayıb. Bəzi qurumların yaxşı mənada təəccübünə səbəb olan Şuranın bu addımı ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Şura mümkün problemləri vaxtında aşkarlamaq və göstərilən xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə şikayət və təkliflərin operativ araşdırılması üçün “qaynar xətt” xidmətini təşkil edib. Bu imkan verir ki, hər hansı bir neqativ hal haqqında rəhbərliyə qısa müddət ərzində məlumat verilsin və onun qarşısının almaq üçün təsirli tədbirlər görülsün.
Şura cəmiyyətin həssas və köməyə daha çox ehtiyacı olan təbəqələrinə- şəhid ailəsi, müharibə veteranı və əlili, qaçqın və məcburi köçkün və bir sözlə müharibədən əziyyət çəkmiş hər kəsə xüsusi diqqət yetirir və bunu fəaliyytənin prioritet istiqaməti hesab edir.
Nəhayət, bütün bu kimi yuxarıda sadaladıqlarım arqumentlərdən sonra, bir daha qayıdıram əvvəlki suala: niyə bu qədər şəfaf, obyektiv və effektiv fəaliyyət göstərən Şuranı hər dəfə məqsədyönlü şəkildə hədəf seçirlər? Niyə digər donorlar haqqında yox, məhz Şura haqqında bu qədər süni ajiotaj və səs-küy qaldırılır? Niyə səhv etdikləri və yalan yazdıqları üçün üzr istədikləri “fakt”ları təkrarən və bir azda fərqli rakursdan təqdim edərək Şuranın və onun sədri Azay Qulıyevin əleyhinə kampaniya davam etdirilir? Bunun səbəbi və motivi nədir? Göründüyü kimi suallar çoxdur. Səbəblərdən biri kimi əlbəttə burada reketçilikdən doğan maddi marağın və Şuradan nəyisə “qopartmaq” istəyinin olması aşkardır. Ancaq açığını deyim ki, bu kampaniyanın sistemli aparılmasının motivləri sırasında şəxsən mənə ən ağır gələni Azay Quliyevin millət vəkili kimi ictimai- siyasi sferada aktivliyinə, ATƏT PA-da yüksək vəzifə tutmasına qisqanc münasibətin olmasıdır ki, bu da ənənəvi yanlışlarımızın davamı kimi çox üzücü bir durumdur. Yəni haradasa beynəlxalq məkanda irəliyə bir Azərbaycan övladı çıxırsa, onun daha da yüksək mövqeyə çıxaraq ölkəmizə fayda verməsini dəstəkləmək əvəzinə, ona necə mane olmaq istiqamətində addımlar atılmasının hansı yanlış düşüncədən qaynaqlandığını sezməmək mümkün deyil.
Məlumdur ki, hazırda QHT-lərə Dövlət Dəstəyi üçün büdcədən vəsait ayırmalarının həcminin xeyli azaldılması tendensiyası müşahidə olunur. Fikrimcə, bu sahədə təhlillər aparan, bəzən də qaralama kampaniyasında iştirakçıya çevrilən qələm sahibləri daha çox bizim QHT-lərin təqdim etdiyi layihələrə xarici donorların qrant ayırma müxanizminin yenidən bərpa olunması və Dövlət Dəstəyi ilə yanaşı digər donorların da bu prosesə qatılmasının vacibliyini arqumentləşdirərək təqdim etməklə daha faydalı iş görmüş olarlar. Çünki bizim xarici donorların qrant layihəsindən qanunvericilikdə qoyulan sədlər vasitəsilə imtina etməyimizdən qazanan əsasən Gürcüstan və Ermənistan QHT-ləridir və dövlət orqanlarımızın müəyyən nəzarət mexanizmlərini işlədərək Azərbaycanda vətəndaş cəmiyyətinin dirçəldilməsi üçün xeyli faydalı layihələri gerçəkləşdirmək bu səbəbdən mümkün olmur. Xarici donorlardan qrantların alınması istiqamətində qanunların tələblərinin yumşaldılması istiqamətində təkliflərin verilməsi də yerində görülən bir iş olardı və bizlər də qanunların yenidən müzakirə olunması təşəbbüsü ilə çıxış etmək üçün daha dəqiq arqumentləşdirmə imkanı əldə edərdik.

Şərhlər