Bu qərəzli fikirlər haqlı olaraq etirazla qarşılandı

08.12.2016 17:24     Bizim reaksiya     3109

Cəsarət Hüseynzadə

"Şəmsi Əsədullayev" xeyriyyə İctimai Birliyinin sədr müavini

Son vaxtlar bir neçə saytda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və onun sədri Azay Quliyev haqqında həqiqəti əks etdirməyən fikirlər dərc edildi.

Heç şübhəsiz bu qərəzli fikirlər millət vəkilləri, QHT rəhbərləri və ziyalılar tərəfindən haqlı olaraq etirazla qarşılandı.

Əlbəttə hər hansı dövlət və yaxud təşkilat rəhbərini tənqid etmək olar. Bu yazılarda isə birbaşa ittiham və qərəz ilk cümlələrdən hiss olunur, məqalənin yazılışında təsdiqini tapmayan köhnə ittihamların təkrarən "tiraj"lanması aydın sezilir. Məqaləni hazırlayan şəxslərin QHT sahəsindən səthi məlumatlı olması, ümumiyyətlə xəbərsiz olması ilk baxışdan hiss olunur.

 

Görünür layihələrin qiymətləndirlməsi, icrasında risk dərəcələrinin mövcudluğu ilə bağlı məsələlər müəllifin diqqətindən yayınıb.

 

Uzağa getməyək, yaxın tariximizdə qərbin bəzi donor institutları Azərbaycanla bağlı böyük bir layihəyə, elə böyük pullar ayırdılar. Amma layihə iflasa uğradı...

 

Vətəndaş cəmiyyəti sahəsində çalışan hər bir QHT nümayəndəsi yaxşı bilir ki, layihələrin icrası zamanı müəyyən risklər mövcuddur. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası məhz bu riskləri nəzərə alaraq, QHT-lərə maliyyəni ikipilləli sistem ilə ayırır. Hər hansı QHT-nin fəaliyyətində, eyni zamanda maliyyənin xərclənməsində problem yaranarsa, həmin vəsaiti Şura dərhal QHT-dən tutaraq, dövlət büdcəsinə qaytarır.

 

Eyni zamanda Şura tərəfindən müqavilə öhdəlilərin pozan QHT-lərin növbəti müsabiqədə iştirakına qadağa qoyulur.

 

Bütün bunlar bir daha göstərir ki, Şura yarandığı qısa müddətdə qaydalar və meyarlar işləyib hazırlayıb və fəaliyyətini buna uyğun qurur.

 

Əlbəttə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyətindəki şəffaflıq, informasiyanın əlçatanlığı və digər müsbət faktorlar bu təşkilat haqqında cəmiyyətdə kifayət qədər müsbət rəy formalaşdırıb.

Beynəlxalq aləmdə Azərbaycanın 2 dövlət orqanının fəaliyyəti öyrənilib. Azərbaycan brendi olan "Asan xidmət" və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyəti.

 

Sual olunur: Müxtəlif zaman kəsiyində bəzi QHT-lərin fəaliyyəti ilə bağlı müəyyən problemlər yarananda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının tutduğu mövqe haqqında niyə yazılmır?

Yazmırlar ki, Şura sədrinin birbaşa təşəbbüsü ilə Hüquq və Monitorinq Komissiyası QHT-lərin problemlərinin aradan qaldırılması sahəsində hansı işləri gördü.

 

Şuranın fəaliyyətinin effektiv olmasının kadr siyasətinin mühüm əhəmiyyəti var.

Sədr Azay Quliyev başda olmaqla, komanda peşəkarlardan formalaşdırılıb. Bəli, Azay Quliyev çox yaxşı insan və vətənpərvər bir azərbaycanlıdır. Əgər Azay Quliyev bu sahəni dərindən bilməsəydi, bu təyinat yüksək səviyyədə effekt verə bilməzdi.

Şuranın Apelyasiya Komitəsinə QHT-lərin etimad göstərdiyi və ölkə başçısı tərəfindən Şura üzvü təyin edilən Sahib Məmmədov başçılıq edir. Bəlkə kimsə Sahib Məmmədovun QHT sahəsindəki bilik və bacarığına şübhə edir?

Uzun müddətdir ki, QHT-lərin hüquq və mənafelərinin müdafiəsi ilə Hüquq və Monitorinq Komissiyasının rəhbəri Əliməmməd Nuriyev məşğul olur. Bəlkə kiminsə Əliməmməd Nuriyevin bu sahədəki bilik və bacarığına şübhəsi var?

İlin və günün istənilən saatında QHT-lərin problemlərini dinləməyə və yardım etməyə hazır olan Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun QHT-lərə dəstəyini danmaq olarmı?

Bəli, bu Azay Quliyevin komandasıdır.

 

Bu gün heç bir QHT rəhbəri deyə bilməz ki, mən yüksək səviyyədə layihə təqdim etmişəm, amma Şura bu layihəni maliyyələşdirməyib. Şura fəaliyyətinə o qədər arxayındır ki, narazı QHT-lərin layihələrinin (əgər belə QHT varsa) mətbuatda çap olunmasını təklif edir. Buyurun cənablar belə layihələriniz varsa çap etdirin.

 

Siyasi mövqeyindən asılı olmayaraq, bütün QHT rəhbərləri ilə müsbət və səmimi münasibət quran Şura sədri bu gün vətəndaş cəmiyyəti sektorunda şəksiz qəbul edilən liderdir.

Azay Quliyev Şuranın fəaliyyətini açıq və şəffaf formada qurub. Bütün strukturları bir-birindən asılı olmayaraq müstəqil sürətdə fəaliyyət göstərir. Apelyasiya komissiyası görüntü yaratmaq üçün deyil, məhz bu və digər proseslərdə buraxılmış səhvlərin aradan qaldırılmasına xidmət etdiyini dəfələrlə sübut edib. Müsabiqə dövründə 500-dən artıq layihənin ekspertizası zamanı hər hansı bir-iki səhvin olma ehtimalı anlaşılandır. Əsas məsələ isə yekunda haqq və ədalətin bərpasıdır.

 

Azay Quliyev haqqında müzakirələrin aparılması və ona qarşı hər hansı iddiaların səsləndirilməsi perspektivi sıfıra bərabərdir. Çünki Azay Quliyev artıq Azərbaycanı beynəlxalq aləmdə yüksək səviyyədə təmsil edir. O, ölkə başçısının müəyyən etdiyi ictimai siyasi fəaliyyəti və Azərbaycan xalqının maraqlarının qorunması siyasətini beynəlxalq arenada uğurla həyata keçirir. Bəlkə kimlərisə bu fəaliyyət narahat edir? Bu mövzunun isə heç bir perspektivi yoxdur. Çünki bu məsələdə Azay Quliyevə təkcə QHT sektoru deyil, Azərbaycan xalqı dəstək verir.

Ona görə də, vaxtınıza və saytınıza qiymət verib, özünüzə başqa mövzu axtarın!..

Şərhlər