Bakıdan Dərbəndə... - Bir gün – min il

29.06.2017 17:20     Bizim reaksiya     3666

Gərgin iş gününün sonu, Dərbənd şəhərində “Qarabağda girov götürülmüş azərbaycanlı anaların hüquqlarının müdafiəsi və onların dünyada tanıdılması” layihəsi ilə bağlı tədbirə hazırlaşan Radə Abbas: - “Bu gecə saat 4-də Dərbəndə çıxırıq, gəl sən də gedək” dedi. Heç vaxt Dərbənddə olmamışdım. Dərbənd mənim xəyallarımda tarix kitablarındakı kimi “Dəmirqapı Dərbənd” idi. Bu üzdən də təklif mənə göydəndüşmə gəldi. Dərhal razılaşdım...

Yolumuzun uzaqlığını, səhərə yaxın yola çıxacağımızı nəzərə alıb, gecəni evə getməyib, Arzu Qocayevlə ofisdə gecələmək qərarına gəldik. Adətən, səhər tezdən səfərə çıxıramsa, gecəni yata bilmirəm. Bu dəfə də elə oldu. Amma tamam başqa hisslərlə... Mən səhər tezdən vətənimdən vətənimə qonaq gedəcəkdim.  Həyəcandan gah uzanıb, gah da qalxıb oturub, siqareti – siqaretə calayırdım... Gün qızarmağa başlayanda, otağımdan çıxdım ki, mətbəxə keçib, qəhvə dəmləyəm. Baxdım ki, Arzu da yatmayıb girişdə var-gəl edir: “Boy, ay oğul, yatmamısan?” – Arzuyla yaş fərqimiz elə  çox olmasa da, mən ona “oğul”, o da mənə “əmi” deyir. Arzu: - “Yuxum yoxdu əmi, gördüm otağınızın işığı yanır, girib rahatsız etmək istəmədim. Elə burda oturub, internetdə başımı qatdım”. Demək onun da səhər harasa yola çıxacaqsa, gecədən gözünə yuxu getmirmiş... Tanıdığım ilk gündən Arzuya qarşı duyduğum doğmalıq hissi adi deyilmiş, bizi bir-birimizə bağlayan hər hansısa bir ilahi qüvvə varmış...

         Səhər – səhər acı qəhvəmizi içər-içməz Radə xanımın qardaşı Vüqar damağında siqaret qapıda göründü:

-         Oyanmısınız?

-         Heç yatmısınız, denən – deyə, zarafatyana cavab verdim.

Yolüstü Qabil Ədaləti də evindən götürüb, üzü şimala doğru yola çıxdıq. Maşınımızın oturacaqları narahat olsa da, üzümüz Dərbəndə sarı olduğu üçün rahat idik. Yolu gedə - gedə Qusar, Xaçmaz bölgələrindən keçdikcə, Radə Abbas: - “Fikir ver, ən gözəl güşələrimiz rus təhlükəsi ilə üz-üzədir” deyə, köks ötürürdü.

Səhər saat 08:30 radələrində Samur Sərhəd Keçid Məntəqəsinə yetişdik. Tədbirin vaxtına az qalırdı, maşın növbəsinin də ucu – bucağı bilinmirdi. Sərhəd Xidməti əməkdaşlarına yaxınlaşıb, Dərbəndə tədbirə getdiyimizi, gecikdiyimizi izah etdikdə, bizi çox böyük hörmətlə qarşıladılar, bildirdilər ki, burdakı növbənin səbəbi biz yox, Rusiya tərəfidir. Onlar, buraxmalıdır ki, biz də burdan buraxaq. Amma sizin maşını növbədən kənar Rusiya sərhədinə qədər buraxa bilərik, ordan sonra bizlik deyil. Bir sözlə, bizim maşını sərhədə buraxdılar. Keçəndə gördük ki, arxadakı növbədən də daha çox növbə burdaymış. Camaatın dediyinə görə ruslar maşınları keflə buraxırlar. Beləcə 4 saat Vətənimin Rusiya bayrağı dalğalanan qapısında gözləməli olduq. Radə Abbas tədbirə gecikdiyi üçün Qabil Ədalətlə bizdən çox irəlidə olan başqa bir maşından xahiş edib, onlarla getməyi razılaşdırdı ki, tədbirə yetişə bilsinlər. Biz isə Vüqarın maşınında Arzuyla növbəmizi gözləyəsi olduq. Artıq qapısında “Российская Федерация” sözləri yazılmış sərhəddə içim yumuşalmış, ruhum, hisslərim qüruruma güc gəlmişdi. Öz vətənimə məni rus əsgəri buraxır. Qarşıda maşınları bir-bir buraxan rus əsgərinin bizə qarşı kobudluğunu sezmişdim. Xülasə, sərhədi keçdik. Geriyə baxanda, Azərbaycan Sərhəd Məntəqəsinin qapısı görünsə də, burda mühit başqa mühit idi. Əli silahlı əsgərlər və məhz, azərbaycanlılara qarşı kobud rəftar... Bu günə qədər çox ölkələrdə olmuşam, amma belə sərhəd xidməti görməmişdim. 4 saat qapıda gözləyəndən sonra bizi kobud tərzdə, ələ salaraq, qarşılayan əli silahlı rus əsgəri pasport qeydiyyatından keçmək üçün bir az irəlidəki qapını göstərdi. İçəri girməyimizlə, burda da növbəni görüb, əhvalımız korlandı. Amma gördük ki, hamı nəsə yazır. Yaxınlaşıb, həmyerlilərimizdən, yazdıqlarının nə olduğunu soruşduqda: “Vallah, bunlar hər dəfə bir şey çıxarırlar bizi süründürmək üçün. İndi də bir anket forması verirlər ki, bunu doldurun, aparın, digər binada təsdiq etdirin, sonra keçin” – deyə könülüsüz cavab verdi. Sərhəd xidmətində çalışan bir rus xanımına yaxınlaşıb, anket formasını hardan ala biləcəyimizi soruşduqda, bizə cavab vermədən, çox kobud şəkildə o kağızları üstümüzə atdı. Kağızlar yerə düşdü, əyilib götürdük. Kağızda, ümumi özün haqqında məlumatları və Rusiya Fedarasiyasına, hansı şəhərə və nə üçün gedib, nə zaman dönəcəyimizi soruşurdular. Həm də, bu anketi rus dilində yazmalısan. Adamlar var idi ki, rus dilini bilmədikləri üçün əlində kağızları durub, gözləyirdilər. 4 saatlıq yorğunluqla tez öz yerimə, Arzunun, Vüqarın yerinə də formanı doldurub, təsdiqlətdirmək üçün digər binaya doğru gedirdik ki, Rada xanım və Qabillə rastlaşdıq. Sən demə, irəliyə keçib, digər maşınla keçmələrinə baxmayaraq, onları da neçə saatdır ki, burda məhz bu kağızı təsdiq etdirmək üçün saxlayıblarmış. Elə indicə təsdiq etdiriblər. Rada xanım: “Bala, Allah bunların cəzasını versin. Neçə saatdır lazımsız bir kağızdan ötrü bizi saxlayıblar. Biz gedək, tədbirə yetişək, siz də keçin, birbaşa tədbirə gəlin” – deyib, getdi.

... Balaca bir dəhliz üz-üzə iki otaq, qarşıda da ayaq yolu ilə üz-üzə müvəqqəti saxlama təcridxanasını xatırladan, içəri insanla dolu çox kiçik bir otaq. Pasportlarımızı və anket vərəqələrini təqdim edib, içəridə yer olmadığı üçün çölə çıxıb, qapının qarşısında onlarla azərbaycanlı ilə birgə gözləmə başladıq. Öz otaqlarında və dəhlizdə kondisioner işləyir. Amma insanların gözlədiyi otaqda kiçik, dəmir barmaqlıqlarla haşiyələnmiş bağlı nəfəslikdən başqa bir şey yoxdu. Gözləyənləri dəhlizə belə qoymurlar. Ancaq  həmin otaqda, ya da qapının ağzında, günün altında gözləməlisən. Çarəmiz nəydi, gözləməliydik... Günün altında 2 saat da belə ötdü... Sonra qapının ağzına çıxan ağzında siqaret rus əsgəri əlində koma pasportlardan soyadları oxuya-oxuya anket vərəqələri ilə birgə bizə verdi. Yenidən keçidə yaxınlaşıb, növbəmizi gözləyib, bizə düşmən baxışları ilə baxan rus qızının pasportumuza vurduğu möhürdən sonra keçə bildik... Maşınımızı da buraxmaq üçün bizim pulla 20 manat rus zabitinə verdik. Əks halda, min bəhanə gətirib, maşınımızı Dərbəndə buraxmırdı.

Artıq axşam saat 6 olardı. Biz Dərbəndə çatanda tədbir bitmişdi, Radə xanımgil kitabxananın qarşısında gözləyirdilər.

... Dərbəndə girişdən üzümə doğmalıq mehi vurub, saçlarımın arasından bədənimə süzüldü. İnsanların üzündəki məsumluğu, doğmalığı hiss etdikcə, tanımadığım bu adamları bağrıma basıb, hönkürmək istəyirdim. Sanki hər kəsin üz ifadəsində: “Bizi əsirlikdən xilas edin” yazılmışdı.

Nə qədər yorğun olsaq da, mərkəzi küçələri həvəslə gəzdik. Dərbənd öz qədimliyini və köhnəliyini qoruyub  saxlamışdı. Sanki, Dərbənddə 2017 – ci il yox, 1990 – cı il idi... Küçələr, insanlar, mühit mənə bir neçə il öncəni xatırladırdı. Bura inkişafdan çox geridə qalmışdı...

Şəhərin küçələrini dolaşarkən, bir qapının önündə Azərbaycan dilində “Dərbənd” qəzeti redaksiyası yazıldığını gördüm, yorğunluqdan sönmüş gözlərimə sanki işıq gəldi. Dostlarla redaksiyaya daxil olanda, bizi qapıda Azərbaycan dilində salamlayıb, qarşılayan yoldaş Azərbaycandan gəldiyimizi bilib, dərhal xəbər belə vermədən baş redaktorun otağına aparıb, təqdim elədi. Baş redaktor Hacımahmud Əlifxanov yerindən necə sıçrayıb önümüzə gəldisə, sanki, illərlə görmədiyi doğmasını görmüşdü. Məlumat verdi ki, Dağıstanda “Dərbənd” yeganə dövlət qəzetidir ki, kiril əlifbası ilə Azərbaycan dilində çap olunur. Azərbaycanla bağlı xoş fikirlərini, təəsüratlarını bölüşdü. Hələ, arada səbəbini bildirmədən, dedi ki, Mehriban xanım Əliyevaya məktub da yazmışam. Beləcə, bir az söhbətləşdikdən sonra sağollaşıb, Dərbəndin küçələrini piyada dolaşmağa davam etdik... Gəlib, məşhur Dərbənd qalasına çatdıq... Qalanın içinə giriş 150 rubl idi. Turistlər çox idi. Hamı böyük maraq hissi ilə qalaya və qaladan şəhərin ponoramasını izləyirdi. Elə bu anda, bir də gördüm  Rada xanım qalanın önündə dayanıb şəhərə baxır. Yaxınlaşdım ki, göz yaşları yanağından süzülür, özü burdadır ruhu yox... Onu bu vəziyyətdə görüb, göz yaşlarım ürəyimə süzüldü. Suala ehtiyyac yox idi. Cənnət məkanımızın işğalda olduğuna üzülmüşdü...

Bu yaxınlarda sosial şəbəkədə kimsə belə bir fikir paylaşmışdı: “Azərbaycan yeganə ölkədir ki, hər tərəfdən öz torpaqları ilə sərhəddir”... Bu sərhədlərdən biri də əsir Dərbəndimdir... İnsanları ilə birgə, özü də əsir...

"Dərbənd" sözü türk "dar" və fars "bənd" köklərindən törəyib, "dar keçid" deməkdir. Şəhər tarixdə Bab əl-Əbvab ("böyük qapı") və Dəmirqapı adlarıyla da tanınırdı .

Dərbənd şəhəri Şimali Azərbaycan xanlıqlarından Dərbənd xanlığının mərkəzi olmuşdur və 1796-cı ildə Rusiya tərəfindən işğal olunmuşdur. 1829-cu ildən əyalətə çevrilmişdir. Rusiyada tətbiq edilən yeni inzibati-ərazi bölgüsünə əsasən 1840-cı ildə Dərbənd qəzası yaradıldı və Dərbənd qəza mərkəzi oldu. 1846-cı ildə isə yenə də mərkəzi Dərbənd şəhəri olmaqla Dərbənd quberniyası yaradıldı. 1860-cı ildə Dərbənd quberniyası ləğv olundu, onun tərkibindəki Quba qəzası Bakı quberniyasına verildi, qalan ərazidə Dağıstan dairəsi yaradıldı. 1920-ci il martın 25-də 11-ci Qırmızı ordu vasitəsilə Dərbənddə sovet hakimiyyəti elan olundu. Dərbənd şəhəri 1921-ci ildə yaradılaraq, Dağıstan Muxtar Sovet Sosialist Respublikasının tərkibinə daxil edildi. Bununla da Azərbaycanın tarixi şəhəri Dərbənd Rusiya Sovet Federativ Sosialist Respublikasının tərkibinə qatıldı. 1991-ci ildə SSSR dağıldıqdan sonra isə Dərbənd yenə də Rusiyanın tərkibində qaldı. Beləcə, gözü yaşlı, Dərbəndim əsrlərdi düşmən əlində əsirdir...

Dərbənddə yolda maşınları gözətliyən bir kişinin sözü indi də qulaqlarımdadır: “Biz kiminsə torpağında deyilik, öz torpağımızdayıq. Amma gec-tez düşmən işğalına son verəcək, öz vətənimizə - Azərbaycanımıza qovuşacağıq”...

Kədərli notlarla Dərbəndi tərk etdik. Yenə də sərhəddə rus əsgəri gələndə nə etmişdisə, təkrarladı. Yenə saatlarla gözlədik, yenə əzab, yenə əziyyət... Dərbənddə bir günümüz min ilə bərabər oldu... Sərhəddəki münasibətdən belə anlaşıldı ki, rus əsgəri bu gün də Azərbaycandan ehtiyyat edir. O, gözəl bilir ki, öz evində deyil. Və onu da gözəl bilir ki, özgə atına minən tez düşər. Məhz, bu üzdən də vətəndaşlarımızın öz körpə Dərbəndinə gediş-gəlişini həzm edə bilmir... Daxildən yarana biləcək oyanışdan qorxur. Çünki Dərbənddə olarkən, bir daha əmin oldum ki, insanlar əsrlər keçməsinə baxmayaraq, dilini unutmayıb, kökünü unutmayıb... Bu da vəhşi ayını narahat etməyə bilməz.

Bu gün Qarabağın da açarı Rusiyadadır. Bu gün Rusiya Qarabağ məsələsinin həllindən çox qorxur. Bu üzdən də köləsi olan ermənini istədiyi kimi idarə edərək, hər vəchlə Azərbaycanın ərazi bütövlüyünün bütövləşməməsinə çalışır. Çünki Rusiya gözəl bilir ki, Qarabağ işğaldan azad olunan kimi onsuz da gənc olmasına baxmayaraq, həm də qədim olan Azərbaycan daha da güclənəcək, inkişaf edəcək. Və Dərbənddə Azərbaycana olan birləşmə istəyi daha da qabarıq şəkildə görünməyə və reallaşmağa başlayacaq. Eyni vəziyyət həm də İrandadır. İran da Cənubi Azərbaycan məsələsinə görə Qarabağın azad olunmağının tərəfdarı deyil. Əslində, elə coğrafiyada yerləşirik ki, qonşu deyib, süfrəmizə buraxdıqlarımız bizim evimizdən özlərinə ev qurublar. İndi də bizim balaca evimizin böyüməyindən – regionda ikinci böyük türk dövlətinin yaranmasından qorxurlar. Amma illər, əsrlər keçməsinə baxmayraq, bizim içimizdəki o həsrət bizi bir gün birləşdirəcək...

Dərbəndə gedib-gəlmək rus sərhəd keçid mətəqəsinə görə nə qədər çətin və ağır olsa da, hər birimiz azı, ildə bir dəfə, oraya getməyi özümüzə mənəvi borc bilməli, Dərbəndin Narın Qalasını müqəddəs ziyarətgaha çevirməliyik. 

Zaur Qəriboğlu

Bakı - Dərbənd - Bakı

Reaksiya.az

 

Şərhlər