Yeni il və köhnə dərdimiz

Yeni il və köhnə dərdimiz
Tarix: 01.01.2018 22:48
Oxunma sayı: 832
Mənbə: Reaksiya.az
Müəllif: Qədir Nəsirov
Paylaş:

Yeni, 2018-ci il gəldi. Mübarəkdir! Qohum-əqrəba, dost-tanış daxil bütün Azərbaycan xalqını təbrik edir, hər kəsə can sağlığı, uzun ömür, hər sahədə nailiyyətlər arzulayıram. Yeni il həm də Şərqdə ilk müstəqil demokratik Cümhuriyyət – Azərbaycan Demokratik Respublikası qurulmasının 100 illik yubileyi ilə əlamətdardır. Bunlar hamısı yaxşı. Amma...
Bəli, çox heyif ki, yeni ilimiz “amma”sız olmadı. Və bu “amma” elə böyük bir dərddir ki, heç bir bayram, yaxud hər hansı sevincli bir hadisə onu unutdurmağa qadir deyildir, ola da bilməz. 30 il bundan əvvəl bizi yaxalamış bu dərddən qurtulmaq istiqamətində biz neyləmişik?
Haqsızlıq olardı desək ki, heç nə eləməmişik. Ermənistanın Azərbaycana qarşı elan edilməmiş işğalçı müharibəsində 20 000-dən artıq vətəndaşımız canından keçib, münaqişənin həlli üçün siyasi, həmçinin hərbi istiqamətlərdə işlər aparılıb. Təəssüflər ki, bunlar torpaqlarımızın işğal altından azad olunması üçün kifayət eləmədi. Deməli, biz lazım gələnin hamısını vaxtında eləməmişik. Ermənilər işğal altındakı torpaqlarımızda özlərinə xas həyasızlıqla məskunlaşır, regiondakı bütün sərvətlərimizi talan edir, tarixi, mədəni, dini abidələrimizi və sair dəyərlərimizi məhv edirlər. Əvvəllər yalnız erməni hərbiçiləri olan Cəbrayılda indi artıq iki erməni kəndi salınıb. Və bu qanunsuz məskunlaşma Ermənistan tətəfindən planlı şəkildə davam etdirilməkdədir, həm də təkcə Cəbrayılda yox. Şuşa və Laçın demək olar tam məskunlaşdırılıb və yenidən qurulub. Zəngilanda, Qubadlıda, Fizulidə, Ağdamda bu sahədə müəyyən iş gedir. Bizsə məzlum-məzlum, ixtiyarsız, yazıq-yazıq kənardan baxıb içimizdən alışıb yanırıq. Nə vaxtacan bu belə davam edəcək? 
Eşitmişəm ki, beynəlxalq hüquqda hər hansı münaqişənin hüquqi həllinə 30 il müddət qoyulur. Yəni, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bu müddət 2018-ci ildə tamam olur. Və bundan sonra həmin məsələylə bağlı bizi heç eşitməyəcəklər belə. Bəlkə müəyyən beynəlxalq təşkilatların, dövlətlərin, bəzi şəxslərin Qarabağ münaqişəsinin həllini bu qədər uzatmalarının əsl məqsədi elə buna xidmət edir? Bəs biz nəyi gözləyirik? Qarabağda, işğal altındakı 7 rayonda doğulmuş insanların qırılıb qurtarmasınımı? Anlamırıqmı ki, bu nəsil aradan çıxandan sonra söhbət tamam başqa forma alacaq, daha doğrusu, Allah göstərməsin, bəlkə də ümumiyyətlə, məsələ birdəfəlik qapanacaq!
Ay əziz millətim, vallah, papağımızı qarşımıza qoyub fikirləşməyin və, pisinizə gəlməsin, qeyrətə gəlib bu yalançı vədləri, özünü öyməni, beynəlxalq təşkilatları, qurama “dostları” kənara tullayıb torpaqlarımızı mənfur düşməndən təmizləməyin vaxtı çatıb yox ey, vaxtı keçir! Ya anamız Vətəni bu rüsvayçı durumdan qurtarmalı, torpaqlarımızı murdar erməni tapdağndan öz gücümüzlə azad etməli, ya da bir millət olaraq məhv olmalıyıq!
Bağışlayın ki, bayram ovqatınızı bir qədər korladım, neyləyim, ürək daha dözmür daha. Görün keçən 30 il ərzində bu dərd nə qədər soydaşımızı vaxtsız-vədəsiz apardı. Dözüm tükənib artıq. Bu yumruq boyda ürək poladdan deyil axi!

Qədir Nəsirov

Reaksiya.az 

Şərhlər