Yəqin, sizin ibrahimbəyovlar “xəmiriniz” xarabdır! | Reaksiya

Yəqin, sizin ibrahimbəyovlar “xəmiriniz” xarabdır!

Son günlər ölkənin kütləvi informasiya vasitələrinin gündəmini yazıçı, kinodramaturq Rüstəm İbrahimbəyovun öz ssenarisi əsasında çəkdiyi, bizə qarşı tarixən duşmənçilik edən, nəhayətsiz yaxşılıqlarımız müqabilində daim olmazın pisliklər eləmiş və eləyən ermənilərin qətiyyən layiq olmadıqları halda tərifi, mədhi fonunda azərbaycanlıların və Azərbaycanın aşağılandırıldığı, təhqir olunduğu, çirkaba batırıldığı bədnam “Кавказское трио” (“Qafqaz üçlüyü”) filmi ilə bağlı materiallar zəbt etmişdir.

Peşəsindən, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəs xalqımızın yetirməsi olsa da, onun bir çox mükafatlarıyla, fəxri titulları ilə təltif edilsə də, heç bir əsası, səbəbi olmadığı halda ona qarşı nifrət, həqarət, kin bəsləyən bu başabəla “ziyalımızın” ləyaqətsiz antiazərbaycan hərəkəti barəsində fikirlərini ortya qoymuşdur.

Bir azərbaycanlı və söz adamı olmaqla bu sətirlərin müəllifi də hadisədən yan ötməmiş və sözünü “Karabakh.Today” saytında dərc olunmuş “Вероятно, ваше ибрагимбеково “тесто” испорченное!” (“Yəqin, sizin ibrahimbəyovlar “xəmiriniz” xarabdır!”), “Saxta azərbaycanlı, başabəla kinossenarist Rüstəm İbrahimbəyova açıq məktub” başlıqlı yazıda deməyə çalışmışdır (http://ru.karabakh.today/news/analytics/16089-).

Açığı, Azərbaycana və azərbaycnlılara sonsuz pisliklərin müəllifi olan ermənilərə Azərbaycanın bir çox fəxri titullrı və mükafatları ilə təltif olunmuş Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarının bəslədikləri böyük sevgi və rəğbətin tam əksinə olaraq xalqımıza qarşı bu dərəcədə nifrətin səbəbini və kökünü mən bilmirəm, əslində daha yaxşısı o olardı ki, bunu onların özləri kişi kimi açıqlayaydılar.

Nə isə, Rüstəm İbrahimbəyova yuxarıda adı çəkilmiş açıq məktubda mən onun “Qafqaz üçlüyü” filmi ilə bağlı fikirlərimi ifadə eləmişəm. Maraqlananlar yuxarıda qeyd etdiyim linkə girərək yazını oxuya bilərlər. Yeri gəlmişkən deyim, açıq məktubu ona görə rus dilində yazmışam ki, “ziyalımız” başa düşsün, axı qardaşlar özümüz kimi dilimizi də sevmirlər, əks halda dilimizdə də nəsə yzardılar.

İndi mənim əsas məqsədim İbrahimbəyovların “xəmirinin xarablığı” haqqındakı qənaətimi, bir növ, əsaslandırmaqdır. Camaat Rüstəmin bu xüsüsiyyətini artıq gördü. Mərhum Maqsudla bağlı isə bu, hələ o vaxtlar məlum idi. Misal olaraq 2001-ci ildə onun “Exo” qəzetinə verdiyi müsahibənin cəmiyyətimizdə doğurduğu həyəcan və qəzəbi yada salmaq olar. O vaxt bu sətirlərin müəllifi də həmin müsahibəyə biganə qala bilməmişdi. “Femida” ictimai-siyasi hüquq qəzetinin 14 aprel 2001-ci il tarixli sayında mənim “Qafası işğalda qalmış” başlıqlı məqaləm dərc olunmuşdu. Yuxarıda qeyd etdiyim məqsədlə əlaqar aşağıda həmin məqaləni olduğu kimi diqqətinizə təqdim edirəm. Yeri gəlmişkən, oxucularımızdan rica edirəm buna “ölünün arxasınca danışmaq” fikri ilə yanaşmasınlar əvvəla, nəzərə alsınlar ki, bu məqalə yazıçı sağ olanda yazılıb, onun indi təkrarən verilməsinin məqsədini isə artıq bildirmişəm.        

 

“Qafası işğalda qalmış”

 

Soyadının önündə xalq yazıçısı, millət vəkili, nə bilim, daha hansı titullar sadalanan Maqsud İbrahimbəyovun “Exo” qəzetinin 17 mart 2001-ci il tarixli sayındakı “Komplementlər söyləmək zamanıdır” başlıqlı müsahibəsini yalnız onu kütləvi informasiya vasitələrində  ayrı-ayrı müəlliflərin reaksiyasını görəndən sonra tapıb oxudum. Və təəssüf ki, qəzetimizin ötən sayındakı “Siyasət alverçisi Rza İbadov problemi” başlıqlı yazımdakı “Deyəsən bunların elə hamısı eyni materialdan hazırlanıblar. Elə hansını tərpədirsən, qəlp çıxır. Dünən o, bu gün – bu, sabah – o birisi...” fikrimin bir daha təsdiqlənməsinin şahidi oldum. Çox təəssüf! Çünki soydaşlarımızın sırasında belə qəlpləri nə qədər çoxdursa, deməli, əsl azərbaycanlıların sayı bir o qədər azdır. Bu, o cəhətlə daha da faciəvidir ki, qəlp çıxanların adətən əksər çoxluğu hakim dairəyə yaxın adamlar olur, istər keçmişdə olsun, istərsə indi – fərqi yoxdur, yaxud da sənətinə gərə bir çox titulları, o cümlədən, xalq hörməti və sevgisini qazanmış kəslər. Maqsud İbrahimbəyov kimi...

Beləliklə, qayıdaq adını yuxarıda çəkdiyimiz bədxah müsahibəyə. Hətta adı adamda daxili barışmazlıq və etiraz hissi oyadan bədnam müsahibəyə. Necə yəni “Komplementlər söyləmək zamanıdır”? Niyə xalqımızı düşdüyü bu bəladan çıxarmaq istiqamətində  iş görmək, dəyərli təkliflər vermək, bizim haqlı, ermənilərinsə haqsız olduqlarını dünyaya sübut eləməkçün əlləşib-vuruşmaq yox, “komplementlər söyləmək” zamanıdır? Yeri gəlmişkən, gəlin görək bizim haqq işimizin təbliği sahəsində xalq yazıçısı M.İbrahimbəyov nə iş görüb? Bunu axtarmaq əbəsdir. Çünki Rusiyanın kütləvi informasiya vasitələrinə yolu Zori Balayandan heç də az açıq olmayan Maqsud İbrahimbəyovun Azərbaycanın tarixi əraziləri, azərbaycanlıların insanpərvərliyi, qonaqcanlılığı sayəsində bu ərazilərin zaman-zaman ermənilər tərəfindən qəcb edilməsi barəsində, əsrin əvvəlindən bizim zamanlaradək ermənilərin xalqımıza qarşı törətdikləri qeyri-insani, vəhşi hərəkətləri haqqında hansısa yazısna rast gələ bilməzsiniz. Hər halda, biz görməmişik. Yaqin ki, olsaydı, bu, Azərbaycanın kütləvi informasiya vasitələrinin nəzərindən yayınmazdı. Necə olur ki, Z.Balayanın antiazərbaycan yazlarını görürük, onlara pis-yaxşı cavab verə bilirik, ancaq M.İbrahimbəyovun yazısını yox? Hansı ki, gərək sonuncu Balayanın Rusiya mətbuatındakı hər böhtan və hədyanına elə həmin ölkənin də mətbuatında daha kəsərli cavablar verəydi. Ancaq verməyib və vermir. Nə bilim, bəlkə Z.Balayanın yazdıqları M.İbrahimbəyovun ürəyincədir, bəlkə bu iki yazıçının fikirləri üst-üstə düşür?..

Yaxşı, bəlkə də oxucularımızın bəziləri yazıçının “Exo” qəzetindəki sözügedən müsahibəsi ilə tanış deyillər və orada nədən danışıldığından xəbərsizdirlər. Qoy darıxmasınlar, oradan bəzi məqamları aşağıda misal gətirəcəyik...

Ancaq öncə etiraf edim ki, əgər müsahibə verənin adı-soyadı göstərilməsəydi və M.İbrahimbəyovun qayğısız, gülərüzlü yaypanıb kresloda oturmuş əksi verilməsəydi, vallah, müsahibə verənin azərbaycanlı olduğuna məni heç kim inandıra bilməzdı. Nə yazıqlar ki, ad da var, soyad da, şəkil də. Və bu, azərbaycanlı, üstəlik də xalq yazıçısı, üstəlik də ölkə parlamentində millətə vəkillik eləyən Maqsud İbrahimbəyovdur.

Müxbirin problemin hərbi yolla həllindən başqa çıxış yolu qalmadığı barədəki söz-söhbətə yazıçnın fikrini öyrənmək istəyinə M.İbrahimbəyov ironik-istehzalı bir əda ilə cavaba başlayır: “Ordu döyüşə can atır! Toplar mərmi ilə doldurulub!” Və cavabını belə yekunlaşdırır ki, o, “Ali Baş komandandan, yəni prezedentdən nə isə heç belə bir bəyanat eşitməyib ki, biz heç olmasa bir rayonumuzu güc vasitəsilə işğal etməyə hazırıq”.

Ən əvvəl, etik bir nüansı qeyd etməyə bilmərəm. Prezident və eyni zamanda Ali Baş komandan Heydər Əliyev Maqsud İbrahimbəyova yaradıcılığı üçün xüsysi hörmət bəsləyir, onun yubileyində iştirak elədi, ona mükafat da verdi. Heç olmasa etik baxımdan gərək idi ki, yazıçı H.Əliyevin son çıxışlarını izləmiş olaydı. Əgər izləmiş olsaydı, bilərdi ki, son zamanlardakı çıxışlarının demək olar hamısında ölkə başçısı sülh variantının baş tutmadığı təqdirdə torpaqlarımızı hərb yolu ilə alacağımızı bəyan etmişdir.

Bu, bir yana. Niyə görəsən burada yazıçı “işğal etmək” ifadəsini işlədib (mən səhv-zad tərcümə eləməmişəm, “захватить” işğal etmək, zəbt etmək, tutmaq, istila etmək deməkdir və müsahibədə M.İbrahimbəyov məhz belə deyib – Q.N.)? “Mexaniki səhv edib” demək olmaz, nədən ki, nə yaşı, nə sənət təcrübəsi buna imkan verməzdi. Yaxşı, bəyəm o, işğal etməklə azad eləməyin fərqini bilmir? Belə düşünmək də sadəlöhvlük olardı. Onda belə çıxır ki, bilə-bilə belə deyib. Hər halda , müsahibənin məzmununa rəğmən mən belə qənaətə gəlmişəm. Qənaətimin düzgünlüyünə isə siz də, yəqin, əmin olacaqsınız.

Hərbi əməliyyatlara birinci olaraq Azərbaycanın başlamasının “nə qədər ağılsız hərəkət” olduğundan danışrkən cənab yazıçı deyib: “Başqa söhbətdir ki, əgər sülh danışıqlarındakı uğursuzluqlardan acıqlanmış, intiqama susamış Azərbaycan özü işğal olunmuş ərazilərdən başlayaraq birdən Ermənistana hücum eləyə”. Yaxud hərbi əməliyyatlar olacağı təqdirdə hamının Ermənistana kömək edəcəyindən və onun köməkçilərindən danışarkən o, deyir: “Onlar (yəni Ermənistanın müttəfiqləri – Q.N) tam mənəvi və hüquqi ixtiyarlıdırlar, hələ bu, bir tərəfə, borcludurlar yüksək dərəcədə gəlirli məkanda – cinayət yerində yaxalanmış təcavüzkarı (yəni Azərbaycanı – Q.N.) cilovlamaqda  iştirak etsinlər”. Və ya “Əmin olmaq olar ki, tutulmuş ərazilərə bizim tərəfdən heç bir hərbi hücum olmayacaq”. Yaxud “Nə ABŞ, nə hər hansı başqa ölkə təcavüzkarı, yəni bizi müdafiə etməyi heç ağlına da gətirməyəcək”.

Gördünüzmü? Hələ bizdən qat-qat çox Rusiyada məşhur olan “yazıçımızın” bütöv müsahibəsini oxusanız, bir anlığa sizə elə gələcək ki, Ermənistan Azərbaycanın torpaqlarını işğal-filan eləməyib, demə, hər şey əksinəymiş. Müsahibədə bircə qeyd də tapa bilməzsiniz ki, Azərbaycanın atacağıı hər hansı addım başqasının ərazilərini zəbt etmək yox, özünün halal-zülal torpaqlarını işğal altından azad etmək məqsədini güdür.

Bax, bu da bizim xalq yazıçımız, millət vəkilimiz. Ziyalı hesab elədiyimiz o adam ki, istər vətəndaş kimi, istərsə də deputat kimi buna borclu olduğu halda, problemin əsl mahiyyətini, ermənilərin iç üzünü dünya ictimaiyyətinə, heç olmasa, Rusiyaya çatdırmaq üçün əlini ağdan-qaraya vurmayıb. O Rusiyaya ki, işğalçı ermənilərin arxasında (sözün bütün mənalarında!) durur. O Rusiyaya ki, M.İbrahimbəyov onu Azərbaycandan çox istəyir. Bəli, belə olmasaydı, öz ana dilini də rus dili qədər bilərdi, əsərlərindən heç olmasa bir qismini Azərbaycan dilində yazardı. Heç Azərbaycanın indiki ən çətin vəziyyəti də cənab İbrahimbəyovu Rusiyanın vəziyyəti qədər narahat eləmir. Həyatının və yaradıcılığının əsas hissəsini bu ölkədə keçirən (amma Azərbaycanın xalq yazıçısıdır!) yazıçı Rusiyanın indiki vəziyyətindən danışarkən deyir: “Bütün bunlar məndə ancaq təəsüf və kədər doğurur. Çünki mən Rusiyanı sevirəm”. Nə olar, qoy sevsin Rusiyanı, ancaq əvvəl öz anasını – Azərbaycanı sevsə yaxşı olardı. Öz anasını sevməyənin isə başqa anaya sevgisi boğazdan yuxarı olar, ürəkdən yox.

Nə isə. Əgər M.İbrahimbəyovun sözügedən müsahibəsini təhlilə qalsa, onda gərək bu sayımızda ayrı heç nədən yazmayaq. Ancaq elə məqamlar var ki, onların üstündən elə-belə sakit keçmək qeyri-mümkündür.

Əvvala o cəhət ki, M.İbrahimbəyovun ermənilərə xüsusi rəğbəti, onlar üçün qayğılanması müsahibənin gedişində özünü aşıq-aydın büruzə verir. Fikir verin: “Bəli, mən qətiyyətlə onun əleyhinəyəm ki, biz Ermənistana qarşı müdafiədən başqa hər hansı bəhanə ilə hərbi əməliyyatlara başlayaq”; “Soyuqdur, aclıqdır, qaranlıqdır, müstəqil mənbələrin məlumatlarına görə, Ermənistan əhalisinin az qala yarısı ölkədən gedib”; “Ermənilər ağıllı adamlardır və bunu (müharibəni birinci olaraq başlamağı – Q.N. ) başa düşürlər” və sairə və ilaxirə. Ermənilərə bu hüsn-rəğbətin əsl səbəbini mən bilmirəm, yəqin onun özü, bir də deputat həmkarları bilirlər.

İkinci o şey ki, bütün ömrünü, yaradıcılığını və fəaliyyətini özgə torpaqlarını zəbt etməklə “Böyük Ermənistan” ideyasına nail olmağa həsr etmiş yazıçı həmkarı Zori Balayandan fərqli olaraq Maqsud İbrahimbəyov Dağlıq Qarabağı və onun ətrafında olan işğal altındakı torpaqları, necə deyərlər, bir qəpiyin yerində də bilmir. Azərbaycanın ən münbit, ən məhsuldar, ən gözəl hissəsi olan bu yerlərin yalnız vəhşi keçilərin otlağına yararlılığını, faydalı qazıntılarının isə təkcə tikinti daşı olduğunu qeyd edən başabəla yazıçımız utanıb-qızarmadan deyib: “Özümə borc bilirəm deyim ki, biz hamımız işğal olunmuş torpaqlar probleminə həddən artıq ilişmişik. Elə bil bizim ondan başqa torpağımız, başqa problemlərimiz yoxdur... Başa düşün, Dağlıq Qarabağdan və eləcə də ona bitişik işğal altında olan rayonlardan ölçüyəgəlməz dərəcədə vacib olan şeylər var”. Biz başa düşürük, cənab Maqsud İbrahimbəyov, başa düşürük ki, sizin üçün bunlardan vacib şeylər var. Ancaq siz də başa düşün ki, Azərbaycan xalqı üçün Dağlıq Qarabağ və işğal altında olan digər ərazilərimizin azad edilməsindən öndə heç nə yoxdur! Anlayın ki, bunlarsız Azərbaycan yoxdur və ola da bilməz! Və bunlar bəlkə sizin üçün “şey”dir, bizim üçünsə, bunlar müqəddəs torpaqlarımız, Vətənimiz, namusumuz, qeyrətimizdir! Elə buna görə də qırılsaq da, bundan əl çəkən deyilik, lap yüz, min, on min Maqsud İbrahimbəyovlar özünü nə qədər yeyib-töksələr də!    

M.İbrahimbəyovun müsahibəsini bizim üçün ən təhlükəli və ziyanlı cəhəti isə ondan ibarətdir ki, müsahibə verən Ermənistanın gücünü həddən artıq şişirdərək və əkcinə, bizim gücsüzlüyümüzü sübut eləməyə şalışaraq xalqda qorxu və ruh düşkünlüyü yaradır, onun haqq işi uğrunda mübarizliyinə sarsıdıcı zərbə vurur. Hərb yolu ilə ərazilərimizi azad etmək “təxribatının” guya xaricdən, bədxahlarımız tərəfindən bizə atıldığını israrlayaraq və bizimkilərin işğal olunmuş bircə rayonun ərazisinə daxil olduqlarından sonrakı “dəhşəti” təsəvvür edrək, yazıçı bundan sonrakı hadisələri bu cür təsvir eləyir: “Azadlıq yürüşündən iki-üç həftə sonra erməni ordusu müttəfiqləri ilə birlikdə Bakıya girəcəkdir. Bu, reallıqdır... Biz yüz minlərlə insan həyatı itirəcəyik, onlarla birlikdə isə Şəkini, Şamaxını, Gəncəni, Bakını... Kasıblar Nargin adasına köçəcəklər... Bakıda qalanlar isə erməni əcgərlərinə və onların müttəfiqlərinə xidmət göstərəcəklər”. Başqa şey demirəm, bu, xalqa, vətənə qarşı düşmənçilikdən başqa bir şey deyildir və ixtiyarım çatsa, bunu hüquqi qaydada elə bu cür də rəsmiləşdirib müvafiq ölçü götürərdim.

M.İbrahimbəyovdan fərqli və obyektiv olaraq Ermənistanın keçmiş milli təhlükəsizlik naziri D.Şahnazaryan isə deyib ki, hərbi əməliyyatların istənilən nəticəsi erməni tərəfin xeyrinə olmayacaq. Onun sözlərinə görə, müharibənin hətta Azərbaycan tərəfindən bərpası Ermənistanı təcavüzkara, Azərbaycanı isə azadlıq müharibəsi aparan dövlətə çevirəcəkdir.

O bizimkinin, bu da düşmənin nümayəndəsinin dedikləri. Özünüz qiymət verin.

Müsahibəsinin sonuna yaxın M.İbrahimbəyov Azərbaycana daha bir “ziyan yeri” axtarır: “Yeri gəlmişkən, mən istəməzdim ki, 907-ci düzəliş ləğv olunsun. Özünə özünün kömək etməyin lazımdır, yoxsa uzalı əllə başqa qapıları döyməyin yox”.

Bir şeyi də demək vacibdir. Nədənsə, müsahibəsi zamanı M.İbrahimbəyov torpaqlarımızın azad olunmasından danışarkən inadkarcasına “ərazilərin bir hissəsi” ifadəsinin “quyruğundan” əl çəkmir: “Ermənistanın yeganə şansı var – bu, ona lazım olmayan torpaqların bir hissəsini qaytararaq Azərbaycanla razılığa gəlib onunla sülh bağlamaqdır”. Başa düşmürəm, necə yəni “ona lazım olmayan torpaqların bir hissəsini”?

Nəhəyət, narahatedici digər bir məqam. Mürşüd Məmmədli demiş, “qafası əbədi işğal altında qalmış” M.İbrahimbəyovun bu dərəcədə antiazərbaycan ruhlu müsahibəsinə dövlət televiziyası, rəsmi mətbuat niyə görəsən laqeyd qalır? Yazıçı-deputatla razılaşmayanlar bəyəm yoxdur? Onda müstəqil mətbuatdakı çıxışlar nədir bəs? Etirazlardan bir balaca narahat olan M.İbrahimbəyovsa elə həmin “Exo” qəzetində “Təki daxildən ziyan vurmasınlar” adlı “qalxan” məqsədli məqalə dərc etdirmiş (sonra bir neçə rəsmi qəzet də lütfkarcasına onun Azərbaycan dilinə tərcümə variantına gen-bol yer vermişdir – Q.N.) və burada əsas yeri Heydər Əliyevin tərifinə, müxalifətin isə tənqidinə vermişdir. Ancaq buna “daldan atılan daş” deyərlər, Maqsud müəllim. Artıq Azərbaycan xalqı sizin varlığınızda yatan əsl keyfiyyətə bələd oldu. Acıyıram sizin halınıza – xalqın gözündən düşməkdən dəhşətli bir şey yoxdur...

Biz torpaqlarımızı alacağıq, Maqsud müəllim, lap qanımız bahasına olsa belə. Sizsə, görün Moskvada, Parisdə, nə bilim... harada özünüzə yer taparsınız...

 

Qədir Nəsirov

 
Advertisement Banner

Şərhlər