Söhbətinə doyum olmayan kitab qoxulu insan...

14.02.2019 14:15     Bizim reaksiya     1727

Elman müəllim (hamı dayı desə də mən ona həmişə müəllim deyə müraciət edərdim) bir dünya idi. Kitabların arasında dünya qədər geniş bir insan...
Şirin söhbəti, kitablara olan marağı, insanlarla ünsiyyəti onu hamının sevdiyi birinə çevirirmişdi. Onunla söhbət etmək ədəbiyatın dərinliyində qərq olmaq idi.
Hər dəfə Qız Qalasının yanından keçəndə o kitab mağazasına mütləq baş çəkərdim. Çünki Elman müəllimin söhbətinə heç doyum olmazdı. O balaca kitab mağazası digərləri kimi bərli- bəzəkli səliqə  -səhmanlı deyildi. Amma o mağazada doğmalıq var idi, insan ora kitab almağa yox,sanki doğma bir insanın evinə gəlmiş kimi hiss edirdi özünü.
 
 
İlk dəfə o mağazada kitablara kitablar arasında qərq olanda, "qızım nə axtarırsan de kömək edim"- demişdi. "Ədəbi tənqidlər axtarıram" - deyəndə, üzümə maraq dolu bir ifadə ilə baxıb "qızım indi tənqid yazan varki?" deyə gülümsəmişdı. Sonra gözümün hələ də kitablar arasında gəzdiyini görüb, gələn həftə gələrsən sənə bir kitab verəcəm dedi.
Belə başlamışdı o gözəl insanla tanışlığımız. Belə sevmişdim Elman müəllimi.
 
Fevralın 1 keçmişdim o mağazanın önündən. Hətta uşaqlara, gedək Elman müəllimə baş çəkək də demişdim. Heyif ki, bağlı idi. Ürəyimdə nə əcəb bağlıdı deyə düşünmüşdün. Sən demə...
 
Bu gün isə Elman müəllimin dünyasını dəyişdiyini eşidəndə çox pis oldum. Sanki bir doğma bir insanı itirdim. Əslində doğma idi də. Gözəl söhbətləri, içdənliyi ilə...
Ədəbiyyatla bağlı saatlarla söhbət edərdi doymazdı...
Hərdən düşünürdüm ki görəsən oxumadığı kitab qalıbmı?... Çünki hardan desən ordan sənə məlumat verər oxumaq üçün kitablar məsləhət görərdi.
Çoxlarının sevdiyi insan idi Elman müəllim.
Bizi söhbətlərinə doymadan qoydu getdi. Məkanı cənnət olsun. Allah rəhmət eləsin.
 
Rəsmiyyə Allahverdiyeva

Şərhlər