Tender, yoxsa pul silmək? - 35 min manat

04.11.2020 13:13     Bizim reaksiya     1434

Bu gün ən bahalı bayraq şəhidlərimizin nəşinin sarıldığı bayraqdır

Son günlərin gündəmi olan və haqlı narazılıqlara səbəb olan 35 minlik tender məsələsinə nazirlikdən cavab gözlədik. Zəng və mesajlarımıza cavab verilməməsi artıq bütün ümidlərimizi itirməyimizə səbəb oldu. Və qərara gəldik ki, bu məsələyə öz reaksiyamızı bildirək. 

27 sentyabr 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin əmri ilə Qarabağ uğrunda vətən savaşı başlandı.

Bütün ölkə xalqı, eləcə də dünya azərbaycanlıları bu savaş üçün həmrəy oldu. Ordu üçün hamı əlindən gələni etməyə çalışdı və hal-hazırda da bu proses davam edir. Varlı-kasıb demədən hər kəs imkanı yetəndən səngərə göndərməyə başladı. Bunun üçün bir dəfəyə 100 qoyun verən imkanlı day-daylar da oldu, cırıq ayaqqabısını yenisi ilə dəyişmək əvəzinə pensiyasından 180 manat ayırıb orduya yollayan Hikmət babalar da.

Bu prosesdə hamının bir amalı var. Qarabağın azadlığı və orda savaşan igidlərimizin rahatlığı.

Bilirik ki, Azərbaycan Ordusunun bunlara ehtiyacı yoxdu. Ordu lazım olan hər bir şeylə tam təmin olunur. Amma insanlar öz vicdan borclarını vermək üçün səfərbər olublar. Bir çox özəl şirkətlər də yardımlarını müxtəlif məbləğ olaraq  Sosial Müdafiə fonduna bağışlayırlar. Müharibə hələ davam edir. 

Bəs Sosial Müdafiə Nazirliyi yanında dövlət Məşğulluq Agentliyi hansı xidmətlə məşğuldur? 

Son iki günün məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi inzibati binasında dövlət bayrağının əks olunması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Tender qiyməti nə az, nə çox 35 min manat.

Hətta qalib belə elan edilib. Vahid dövlət satınalmaları portalında tenderin qalibi "Lotus Co" QSC-dir. Bu şirkətin dəfələrlə bu nazirlik tərəfindən keçirilən tenderlərdə qalib olması sirr deyil.

Haqlı olaraq insanların narazılığına səbəb olan tender qiyməti ölkənin vətən savaşı verdiyi vaxtda çox baha deyilmi? Bir dövlət qurumu üçün belə bahalı bayrağın binanın üzərində asılması düzgündürmü?

Unutmayaq ki, bu gün ən bahalı bayraq şəhidlərimizin nəşinin sarıldığı bayraqdır. Bu bayraqlara sarılı cənazəsi gətirilən şəhid ailələrinə bu günlərdə sosial agentlik deyil, xalq yardım edir, dəstək olur. Halbuki tender üçün ayrılan həmin məbləğ, hətta daha artığı şəhid və qazi ailələrinin rifahının yaxşılaşdırılması və dəstəyinə ayrılsa bizi daha da sevindirərlər.

Qeyd edək ki, müraciətlərə və açıqlamalara cavab verməyən nazirlik sözcüsü sosial şəbəkə üzərindən sanki daha da qıcıq yaradacaq münasibət bildirib və haqlı tənqidlərlə qarşılaşıb. 

 

 

Nübar Lətifli

Reaksiya.az

Şərhlər

Çox oxunanlar