“Reaksiya Media Group”un BAŞ VERMİŞ TERRORLA BAĞLI - BƏYANATI

04.06.2021 17:37     Bizim reaksiya     996

İşğaldan azad edilmiş Kəlbəcər rayonunun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən “Kamaz” markalı sərnişin avtomobilinin minaya düşməsi və avtomobildə olan, xidməti vəzifələrini yerinə yetirmək üçün Kəlbəcərə ezam olunmuş AzTV telekanalının operatoru Sirac Abışov və "Azərtac" xəbər agentliyinin əməkdaşı Məhərrəm İbrahimovun həlak olması ilə bağlı “Reaksiya” Media Qrupu beynəlxalq təşkilatlara müraciət edib.

“Reaksiya Media Group” MMC - nin mülki şəxslərin və media nümayəndələrinin həlak olması ilə bağlı bəyanatı:

“4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub, sürücü də daxil olmaqla, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Bu faciə 10 noyabr 2020-ci il bəyanatından sonra Ermənistana Kəlbəcər də daxil olmaqla, digər 3 rayonun işğaldan azad edilməsi üçün verilən möhlətdən necə istifadə etdiyini bir daha göstərir. Zəruri olaraq xatırladaq ki, Azərbaycanın işğalda saxlanılan Ağdam da daxil olmaqla, Füzuli, Zəngilan, Qubadlı və s. rayonları tamamilə xarabazara çevrilmişdir və bunu artıq o rayonlara səfər edən diplomatlar, əcnəbi media nümayəndələri də öz gözləri ilə görüb.

Azərbaycan tərəfi Ermənistanın beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozaraq Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırması məsələsini davamlı şəkildə beynəlxalq müstəvidə qaldırır.

Xatırladırıq ki, bir müddət öncə Kəlbəcər istiqamətində Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədərkən Ermənistan silahlı qüvvələrinin bir qrupu saxlanılıb. Erminstanın sərgilədiyi bu mövqe regionda sülhün və təhlükəsizliyin bərqərar olmasına çox ciddi əngəllər yaradır. 

Bu gün isə artıq xidməti vəzifələrini yerinə yetirən iki jurnalist mina partlayışında həyatını itirib. Mülki azərbaycanlıların öz vəzifə borclarını yerinə yetirərkən mina qurbanına çevrilməsinin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

“Reaksiya Media Group” olaraq beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq."

Şərhlər