Tarix yazan “Qarabağ” Qarabağda tarix yazacaq

28.08.2015 10:21     Bizim reaksiya     3161

Hər səbrin bir sonu var...

Ümid edirəm ki, yazdıqlarıma və sizin indi oxuduqlarınıza görə məni qınamayacaqsınız. Ancaq mən çox qınamışam. Qarabağa qara adını verənləri qınamışam!!!

“Qarabağa qara dediniz ki, qara günə qalsın?” deyərək qınamışam!!! Nənə-babalarımızdan eşitmişdim ki, uşaq adına bənzəyər. O üzdən uşağa elə gözəl ad seçmək lazımdır ki, taleyi də adı kimi gözəl olsun. Nədənsə, mən də elə düşünmüşəm ki, Qarabağın bütün bu başına gələnlərin günahı adındadır. Düşünmüşəm ki, Qarabağın adının taleyinə yazılan qarasıdır. Sonralar öyrənsəm də ki, “qara” sözü əslində türk dilində “böyük” mənasında işlənib, ancaq nədənsə əvvəlki fikirlərimdən daşınmamışam.

Özümü dərk edəndən müharibə, ağrı-acı, qan-qada hopub yaddaşıma. Qarabağ dərdi özüylə bərabər məni də böyüdüb pillə-pillə. Mən böyüdükcə Qarabağın qara dərdi də böyüyb mənimlə bərabər. Az qala ömrümün yarıdan çoxunu bu dərdi özümlə daşımışam və nə yazıq ki, hələ də daşımaqdayam. Hardasa 5-6-cı siniflərdə oxuyardum, ədəbiyyat dərsindən inşa yazmışdım ki, arzum həkim olmaqdır, həkim olub müharibəyə getmək, yaralı əsgərləri müalicə etmək. Şükufə müəllimə məni elə qarğamışdı ki, bu arzuma görə. “Allah eləməsin ki, o vaxtacan müharibə ola, Qarabağ dərdimiz qala deyib” bərk əsəbiləşmişdi. Necə qarğadısa, heç həkim də ola bilmədim, heç müharibə də qalmadı o vaxta. Ancaq Qarabağ dərdimiz hələ də ürəklərimizi göynədir. Hələ də əsir torpaqlarımızın haray səsinə dik atılırıq yuxularımızdan. Hələ də Şuşa, Laçın, Füzuli, Ağdam, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Xocavənd, Qubadlı, Ağdərə həsrətlə bizə boylanır. Bizimsə ürəyimizdən daş asılıb sanki... Səsimiz içimizdə batıb sanki... İsməti tapdanmış gəlin torpaqlarımızın harayına nə səsimizi yetirə bilirik, nə də özümüzü... Murdar düşmən tərəfindən illərdir zorlanan cənnətimizin namusuna sahib çıxammırıq hələ ki...

Ancaq hər səbrin bir sonu var, əlbəttə ki. Qarabağ qisasımız da qiyamətə qalmaz. Yaralı aslanın hücumu çox ağır fəsadlar törədir, deyirlər. Yaralı aslandan betər hiddətlənmiş Azərbaycanın da intiqam hissi aşıb daşdıqca qələbə xəbərinin çox yaxında olduğuna inanıram!!! Həm də lap çox!!! Bu gün Nigar bacıma da söz vermişəm, Qarabağda qələbə aşını birlikdə dəmləyəcəyik. O mənə sözdən çələng toxuyacaq, mən də ona Cıdır düzünün ən nadidə çiçəklərindən padşahlıq çələngi. O qədər çox inanıram ki, bu qələbəyə!!! Sanki bətnimdə gəzdirdiyim körpədir və doqquz aydan sonra dünyaya gələcək.

“Qarabağ” futbol komandasının dünənki oyunda qələbəsindən sonra ürəyimdə dağa dönmüş qələbə arzusu daha da alovlanlandı. Daha çox inanıram indi, zəfər çalacağımız günün uzaqda olmadığına. İnanıram ki, futbolda “Qarabağ” tarix yazdığı kimi Qarabağda da tarix yazmağı bacaracağıq. Axı bu, bizik. Harda görülüb ki, çaqqal qurda qalib gəlsin. Nə olursa olsun, necə olursa olsun, qurd qələbə çalacaq. İstər futbol meydanında, istər döyüş meydanında, istərsə də siyasət meydanında!!!

Yazdığın tarix mübarək olsun, “Qarabağ”ım. Gün o gün olsun ki, belə möhtəşəm qələbə tarixlərini Qarabağımızda yazasınız. Gün o gün olsun ki, “Qarabağ”ın oyunlarını Tofiq Bəhramov adına stadiondan yox, elə Qarabağın özündən izləyək həyəcanla, coşquyla. “Qarabağ”ın Qarabağda qələbəsi deyərək dünya bizdən danışsın. Gün o gün olsun ki, zəfər topunu Cıdır düzündən dünyaya pas atasınız, aslan parçaları!!!

Şərhlər