Dilənçi "ofisiantlar"

10.10.2015 16:15     Bizim reaksiya     3022

Elimizin toy kimi gözəl bir adəti var. Ailəmizdə, əzizlərimizdə, yaxınlarımızda, dostlarımızda, qonşularmızda toy-büsat qurulanda sevincimizin həddi-hüdudu olmur.

Təəssüflər olsun ki, zaman keçdikcə toyda sevinən tərəf bircə şadlıq evinin rəhbərliyi olur. Toy bitməmiş toy sahibinin adına salınan nəmərləri elə qamarlayırlar ki, sanki toy sahibi bəylə gəlini zalda qoyub harasa qaçacaq.

Ancaq bu dəfə şadlıq evi rəhbərlərindən danışmaq niyyətində deyilik. Bu dəfəki hədəfimiz toyda "apar gətir" funksiyası üçün seçilmiş ofisiantlardır.

Bakının məşhur “Palace”lərindən birində keçirilmiş toyda rastlaşdığımız ofisiantlar sözün əsl mənasında Bakı küçələrindəki dilənçilərdən seçilmir. 

Başlayaq lap əvvəldən. Şadlıq evinə girər-girməz ofisiant “qaqaşlar” nəmər qoparmaq adı ilə bəyə hücum çəkirlər. Biri gəlin “maşını”nın, o birisi toy keçirilən zalın qapısını açdığına, başqa biri bəy-gəlinin oturduğu stulları irəli-geri çəkdiyinə görə bəyə “əl açır”. Daha doğrusu, bəyin yaxasına “qəmış” olur, istədiyini qoparanacan əl çəkmir.

Nə isə, bütün bunlar hələ harasıdır ki, əsas həngamə qabaqdadır.

Bəy-gəlin oturar oturmaz əlində meyvə boşqabı tutmuş bir “igid” kəsdirir başlarının üstünü ki, “bəs sizə meyvə gətimişəm, gərək nəmərimi verəsiz”. Deyən lazım ki, “meyvəni də götür cəhənnəm ol başımdan”.  Bəy zavallı “meyvə satanı” başından etməyə macal tapmamış bir də baxır ki, zalı tüstü bürüdü. Zırpının birisi əlində tüstülənə-tüstülənə gətirdiyi qabı hərləyir gəlinin başına, bəyin başına. “Qızıldan qiymətli” sözlərini yağdıra-yağdıra bəyin pul yağdırmasını gözləyir.  Bəydən bacardığı qədər qoparandan sonra düşür zala, əvvəldən gözaltı elədiyi uşaqların, nənələrin, pullu kişilərin, arvadları tüstüyə boğa-boğa güya ki, nəzər qaytarır. Bir nəfərin azı iki aylıq məvacibi qədər nəmər yığmasa zaldan əl götürmür. Ancaq bu pir olmuş üzərlik hərləyənin bir işi yaxşıdı ki, zalı necə tüstüyə qədər edirsə, azı bir saata yaxın nəmər toplayanlar gözə dəymir.

Tüstü yavaş-yavaş çəkilməyə başlayan kimi tamada gözünə döndüyüm mikrofonu alıb bəydən “xələt” istəyir. Bəy nə qədər qulaqardına vurmağa çalışsa da cəhdləri boşa çıxır. Azı 20 manatından zorla da olsa keçməli olur. Elə “hıq” eləyib yerinə oturmağa fürsət tapmır ki, başqa birisi də ən çox 3 manat qiyməti olan bir çərçivəni gətirib az qala soxur bəyin gözünə ki, buna 20 manat ödəməlisən. Daha anlamır ki, atam-qardaşım, bu bəy bankir balası deyil, nə də pulkəsən maşını yoxdur. Kimə deyəsən, nə deyəsən axı, özü qanmayana söz kar etməz.

Çərçivə satan bəydən əl çəksə, dərd yarıdı, (sanki ayrı evdə yaşayırlarmış kimi) bəyin atasına, anasına, varsa qardaşına, bacısına, əmisinə, dayısına, onların uşaqlarına da qəmiş olub hərəsinə bir çərçivə sırıyır. “İstəyərsinizmi evinizi bu gözəl çütlüyün fotosu bəzəsin” deyərək özünə bəraət də qazandırır. Bu da bircə yerdə insaflı davranır, nənəylə babaya ayrı-ayrılıqda yox, elə bircə çərçivə satır, şükür ki, anlayır birgə yaşadıqlarını.

Çərçivə əməliyyatı başa çatan kimi tamada elan edir ki, bəs “xumar gözdən yaş gəlir, indi məclisimizə aş gəlir”. Bir nazəndə gözəl arğın-yorğun əlində bir nimçə aş gəlib zalın ortasında bir-iki dövrə vurandan sonra əlində qabı aparıb bəy masasına qoyur. Özü də sakitcə dayanır düz bəyin qarşısında, yəni ki, “mənə düşəni ver, çıxım gedim”. Bəy qardaş da ucundan, qulağından kəsə-kəsə bir onluğundan daha keçməli olur, məcburən də olsa.

Aş mərasimi bitəndən sonra başlayır tort kəsmə mərasimi. Bəzəkli bıcağı bir ofisiant tutur, nimçəni də o birisi. Bəydən “şirinlik” qamarlamamış ağızlarını şirin eləməyə imkan vermirlər ki, vermirlər. Cibinin sonuncu qəpiyini belə olsa alandan sonra tortu kəsmələrinə izin verirlər.

Bir də həmin gədələr bəy restorandan çıxanda bəylə gəlinin qarşısını kəsib tort satırlar. Tortun ən üst mərtəbəsini bəyin qoltuğuna verib nə bacarsalar qopardırlar.

Bütün sadaladıqlarım ofisiant qaqaşların bəylə gəlinin başına açdıqları “müsibətin” hələ bir qismidir. Sizlər bəlkə də belə faktlarla daha çox qarşılaşırsınız. Və şadlıq saraylarında çalışan ofisiantlar bir tək bəylə gəlinin başında pul tələsi qurmurlar ki. Toya dəvət olunmuş qonaqlar da həmin həngamələrlə üzləşirlər.  

Ofisiantlarımız sözün həqiqi mənasında mədəni dilənçilərə çevrilməsi ürəkağrıdan, əsəbləri tarıma çəkən məsələlərdəndir. Əfsuslar olsun ki, şadlıq saraylarının sahibləri də ofisiantların bu biabırçı oyunlarına seyirci qalmaqla kifayətlənirlər.

Əlac qalır ancaq özümüzə. Ya toy edərkən “dilənçilərin” payını əvvəlcədən ayırıb bəyin cibinə qoymalıyıq, ya da evimizdə balaca bir şadyanalıq təşkil etməklə “dilənçilərdən” yaxa qurtarmalıyıq...

Şərhlər

Çox oxunanlar