Din nə vaxt təhlükə olur...

... yaxud bizə necə islam lazımdır?


Azərbaycanda islamın real siyasi təhlükə ola biləcəyini əslində çoxları başa düşür, sadəcə bu haqda susmağı üstün tuturlar. “Təhlükə” deyəndə təkcə bizdə ümumi şəkildə `vəhhabilik` adlandırılan radikal sünni təriqətlərini fikirləşməyin. Bizim cəmiyyət üçün ənənəvi olan və buna görə də, gözdən qıraqda qalan, yavaş-yavaş İran kəşfiyyatının ideoloji zəhərinin yayıldığı şiəlik potensial olaraq daha qorxuludur. 

Dövlətçilik və milli maraqlar bucağından baxsaq, bizə necə bir islam lazımdır? Nəzəri olaraq cavab aydındır: siyasətə qarışmayan, ictimai prosesləri yönəltməyə iddialı olmayan, ancaq və yalnız insanların mənəvi dünyasını tənzimləyən bir islam. Yəqin artıq başa düşdünüz ki, bu formul çox idillik alındı: dünyada belə bir islam modeli yoxdur, olmayıb, olmayacaq da! 

Mənə bircə ölkə göstərin ki, orada islam ancaq mənəvi-əxlaqi sferada qalır və siyasi-ictimai proseslərə qarışmır. Ərəb ölkələrindən heç danışmıram, İranı və Türkiyəni qırağa qoyuram, hətta Almaniya və Fransa kimi sekulyar cəmiyyətlərdə belə, islam siyasi-ictimai həyata qarışmadan dura bilmir. Bu, onun mahiyyətindədir. 

Açıq danışsaq, islam yarandığı gündən bəri heç vaxt mənəvi-əxlaqi sferaya qapılaraq qalmayıb, bununla kifayətlənməyib, həmişə iddiaları daha böyük olub. Yada salaq: Məhəmmədin əsas iddiası və istəyi o deyildi ki, “Biz öz Allahımıza inanacağıq”, o idi ki, “Siz öz Allahlarınıza inanmayın”. Bünövrəsi belə qoyulan islam sonradan həmişə siyasi və ictimai proseslərin farvaterində gedib, tarixdə də məhz bu cür iz buraxıb. 

Azərbaycanda əsas təriqət olan şiəliyə (cəfəriliyə) gəlincə, mən onun neçə faiz din, neçə faiz siyasət olduğunu deməyə çətinlik çəkirəm. Şiəliyin əsas tezisləri budur ki, o zaman Əlinin hakimiyyət hüququ əlindən alınıb, demək, ali məqsəd “haqq-ədaləti bərpa etmək” olmalıdır – başqa sözlə, hakimiyyət Əlinin tərəfdarlarına qaytarılmalıdır. İkincisi, yoxa çıxmış 12-ci imam – Mehdi qayıdıb gələcək və öz hakimiyyətini quracaq. Əlinizi vicdanınıza qoyun və deyin: bu, siyasət deyilsə, nədir?! Bunun mənəvi dünyaya, əxlaqa nə aidiyyatı ola bilər? 

Hər bir şiə Mehdinin qayıtmasını, hökumətləri devirməsini və öz səltənətini qurmasını gözləyir. Bu cür düşüncə cəmiyyətin dövlətçilik şüuruna çox dəhşətli zərbədir. İnsanlar öz milli dövlətlərinə müvəqqəti, ötəri bir şey kimi yanaşır, nə zamansa onsuz da Mehdinin gələcəyini və yeni şiə dövləti quracağını gözləyirlər. Həmin şiə dövləti isə təbii ki, İranın əsasında qurulacaq, hətta bəlkə paytaxtı da elə Tehran oldu. Çünki Mehdi özü ərəb olsa da, onun yoluna sadiq qalan İranı üstün tutacaq, `əsl islam` yolundan uzaqlaşan xələflərini yox. Bir halda ki, belədir, onda indidən gələcəyin vahid islam dövləti olan İranın qanadının altına keçmək lazımdır ki, Mehdi zühur edəndə artıq onun yanında, ordusunda olaq, o da bunu görüb, dəyərləndirsin.

Absurddur?! Dəhşətlidir?! Qorxuludur?! Bu cür düşünən adamdan nə desən, gözləmək olar? Əmin olun, bizim ölkəmizin şiə vətəndaşları məhz belə də düşünürlər! 

Söhbət “atam-babam şiə olub” deyən passiv və dini həyat yaşamayan dindarlardan getmir. Onlar, ümumiyyətlə, islamın nə olduğunu bilmirlər, hətta ciddi yanaşsaq, heç müsəlman da deyillər. Antraktidada doğulan bir uşaq nə dərəcədə pinqvin olacaqsa, bu kontingent də o qədər müsəlmandır. Söhbət aktiv dini həyat yaşayanlardan gedir. O kütlədən ki, çox təəssüf, getdikcə artırlar və belə davam edərsə, kritik həddə çatmalarına o qədər də çox qalmayıb.

Bəli, bu, təhlükədir, çünki xəmiri fanatizmdən yoğrulub. Fanatikin psixologiyası başqa olur, onunla bizim bildiyimiz metodlarla danışmağın mənası yoxdur. Bunu həyatı vaxtilə dini fanatizmlə zəhərlənmiş insan kimi deyirəm. Fanatizm virusuna qarşı yeganə vaksin savad, elmi təfəkkür və sekulyar düşüncə ola bilər. Biz cəmiyyətdə bu cür düşünən insanlara dəstək olmalıyıq, çünki dini fanatizmi balanslaşdıran tərəf onlar ola bilər.

Soruşa bilərsiniz: bəs fanatik olmayan dindarlar? Mən də sualla cavab verirəm: maraqlıdır, siz onları necə təsəvvür edirsiniz? Əgər insan bir dini Cənnətə düşmək üçün qəbul edirsə, bu, artıq fanatizm müqaviləsinə qol çəkmək deməkdir. O, həmin Cənnətin uğrunda dinin dediyi hər şeyi edəcək. Əgər insan onun kimi düşünməyəni “kafir”, “bidətçi”, “yolunu azmış” adlandırırsa (bütün dindarlar belədir) , bu, artıq sivil cəmiyyət normalarına tüpürməkdir. Gerisi isə getdikcə dərinləşəcək, ağırlaşacaq.

Dövlətimizin təhlükəsizliyini və sağlam gələcəyini istəyiriksə, dinin yeri ancaq mənəvi sfera olmalıdır:rəhmətə gedəni basdırmaq, “Fatihə” oxumaq, ehsan vermək, inşallah-maşallah demək, “Nəhy əz münkər, əmr be məruf” kimi əməllər etmək (Bunlar şiəlikdə olan üsuliddinin 10 qaydasından ikisidir). Amma din ictimai və siyasi proseslərə qarışan kimi biz qətiyyətlə sinəmizi qabağa verməliyik. Hə, o sinəyə və hətta arxadan – kürəyə də,- bıçaq saplanması ehtimal var. Amma başqa yol yoxdur.

/Azvision.az/

Advertisement Banner

Şərhlər