Obamadan iranlılara "nüvə"li Novruz bayramı təbriki

20.03.2016 13:41     Dünyadan reaksiya     827

Barak Obama: "ABŞ və İranın nüvə probleminin ardınca digər məsələləri də həll etmək şansı yaranıb"
 
“Hazırda Vaşinqton və Tehranın nüvə probleminin ardınca iki ölkə arasında münasibətlərdəki digər kəskin problemləri tənzimləmək imkanları var”.
 
APA-nın verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Novruz bayramı münasibəti ilə əlaqədar İran vətəndaşlarına ünvanlanan video-müraciətində bildirib.
 
Əvvəllər də  iki ölkə arasında yeni münasibətlərin qurulması barədə danışdığını xatırladan B. Obama etiraf edib ki, ABŞ-la İran hökuməti arasında dərin ziddiyyətlər qalmaqdadır. Ancaq ciddi fikir ayrılığına baxmayaraq, ABŞ və İran müntəzəm dialoq aparır və bu da  digər məsələləri həll etmək üçün əlverişli imkan yaradır. ABŞ prezidenti birmənalı olaraq inanır ki, tərəflər ABŞ və İran xalqları arasında əlaqələri genişləndirməyi bacaracaq. 
 
B. Obama bildirib ki, ABŞ son illər İranla qarşılıqlı maraq və hörmət əsasında birgə əməkdaşlığa hazır olduğu barədə siqnallar verib və BMT Təhlükəsizlik Şurasının üzvləri və Almaniya ilə birlikdə İranın nüvə proqrammı ilə əlaqədar tarixi razılaşmada da bu cür yanaşmadan istifadə edilib: “Sadə iranlıların gündəlik həyatlarında BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyaların ləğv edilməsinin bütün əhəmiyyətini hiss etmələri üçün zaman tələb olunacaq. Sanksiyaların ləğv olunması İrana dünya iqtisadiyyatına inteqrasiya etməyə imkan verəcək. İranın xarici ticarətinin genişlənməsi və iqtisadiyyatına qoyulan investisiyaların artması yeni iş yerlərinin yaradılmasına, yeni texnologiyaların əldə edilməsinə səbəb olacaq. İxracat artacaq. Məsələn, bura İranın məşhur toxuculuq və kənd təsərrüfatı malları daxildir. Amerikalılar İran xalçalarını, püstəsini,  kürüsünü və zəfəranını almağa hazırdırlar”.
 

Şərhlər