Dünya böyük savaş astanasında - Pentaqon hazırlıq görür

21.04.2017 16:21     Dünyadan reaksiya     1242

Politoloqdan şok açıqlama: “Başqa bir təhlükə Şimali Koreya quru qüvvələrinin 1 milyona yaxın əsgərinin minlərlə tank və zirehli texnika ilə Cənubi Koreya üzərinə hücuma başlaması ehtimalıdır”

“Şimali Koreya məsələsinin son həftələrdə aktuallaşması bu ölkə rəhbərliyinin aqressiv militaristləşmə siyasəti və təhdidləri ilə bağlıdır”.
Politoloq Şahin Cəfərli bunu “Yeni Müsavat”a Şimali Koreya ətrafında yaranmış gərgin situasiyanı şərh edərkən bildirdi. Ekspert xatırlatdı ki, təkcə mart ayında Şimali Koreya 4 dəfə ballistik raket sınaqları keçirib:“Baxmayaraq ki, bu cür sınaqlar BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib. Raketlər Yapon dənizi istiqamətində atılıb və Pxenyan gizlətmir ki, bu sınaqlar Yaponiyadakı ABŞ hərbi bazalarına zərbə endirilməsinə hazırlıq məqsədi daşıyır. Daha bir orta mənzilli ballistik raket sınağı isə Cənubi Koreya istiqamətində zərbə endirmək məqsədilə həyata keçirilib. Şimali Koreyanın qurucusu Kim İr Senin 105 illiyi münasibətlə yeni raket sınağının keçiriləcəyi gözlənilirdi. Bununla əlaqədar ABŞ Koreya yarımadasına “Carl Vinson” aviadaşıyıcısının başçılığı ilə zərbə qruplaşması göndərdi. Şimali Koreyanın keçirdiyi sınaq uğursuz oldu, lakin onlar bayram münasibətilə təşkil etdikləri hərbi paradda sualtı qayıqlardan atıla bilən ballistik raketlər nümayiş etdirdilər. Bundan başqa, “millət atası”nın 105 illiyinə həsr olunmuş yubiley konsertində ABŞ-a raket zərbəsinin imitasiya edildiyi video təqdim olundu”.


Ş.Cəfərlinin sözlərinə görə, bütün bunlar artıq göstərir ki, təkcə ABŞ-ın bölgədəki müttəfiqləri Cənubi Koreya və Yaponiya, eləcə də bu ölkələrdəki ABŞ hərbi kontingentləri yox, bilavasitə ABŞ-ın özü də potensial təhlükə altındadır: “Kim Çen In rejiminin nüvə sınaqları keçirməyə hazırlaşması Vaşinqtonun narahatlığını daha da artırır. Bütün bunlar göstərir ki, Şimali Koreya məsələsi ABŞ üçün artıq həlli vacib problem kimi gündəmə gəlib. Barak Obama bu məsələdə daha uzunmüddətli siyasət aparırdı və Şimal Koreyanı sərt sanksiyalarla çökdürərək yolundan döndərmək niyyətində idi. Lakin bu siyasətin hər hansı effekt vermədiyi ortadadır. Donald Tramp problemi çox da uzatmadan həll etməyin zəruri olduğunu düşünür”. Böyük savaş ehtimallarına gəldikdə, politoloq qeyd etdi ki, güc nümayişi ilə yanaşı, Ağ Ev rəhbəri hələlik siyasi-diplomatik vasitələrə üstünlük verib.


Bəzi ekspertlər Şimali Koreya sahillərinə istiqamətlənən Amerika təyyarədaşıyan gəmilərinin paralel olaraq Çinə də mesaj verdiklərini düşünürlər. Ş.Cəfərli isə Trampın Çin hökumətini Şimali Koreya üzərindəki ciddi təsir imkanından istifadə etməyə çağırdığına diqqət çəkdi: “Tramp istəyir ki, Çin Şimali Koreyanı nüvə proqramından imtina edərək dünyaya inteqrasiya olmaq yolunu seçməyin zəruriliyinə inandırsın. Əgər bu baş tutmasa, onda ABŞ-ın gücə əl atmaqdan başqa yolu qalmayacaq”.Siyasi təhlilçi Vaşinqtonun Şimali Koreya məsələsində israrlı olduğunu və güzəştsiz davranacağını zənn edir: “Vaşinqton Rusiya və Çindən sonra ABŞ-a nüvə zərbələri endirmək qüdrətinə malik üçüncü bir dövlətin meydana çıxmasına qətiyyən yol vermək niyyətində deyil. Təsadüfi deyil ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens bu günlərdə Cənubi Koreya və Yaponiyaya səfəri zamanı Obama dövründəki “strateji təmkin” siyasətinin sona çatdığını bəyan etdi. Hazırkı mərhələdə siyasi-diplomatik yola üstünlük verilməsi yaxın aylar üçün müharibə təhlükəsinin real olmadığını söyləməyə əsas verir. Düzdür, Kim Çen In kimi qeyri-adekvat adamın, Donald Tramp kimi proqnozlaşdırılması çətin olan bir liderin olduğu yerdə hər an hər şey baş verə bilər, ona görə də heç nəyi istisna etmək olmaz. Amma ABŞ-ın siyasəti hazırda bütün siyasi vasitələrdən və imkanlardan sona qədər istifadə edilməsinə yönəlib. Yalnız bütün siyasi vasitələr, diplomatik metodlar tükəndikdən və nəticə vermədikdən sonra hərbi gücün tətbiqinə qərar veriləcək. Pentaqon buna hazırlıq görür”.

Image result for Şahin Cəfərli


Bəzi müşahidəçilər dünyaya qapılarını qapamış Pxenyanın hərbi imkanlarının şişirdildiyini, hətta onun nüvə silahına malik olması haqda iddialarının doğru olmadığını zənn edir. Lakin Ş.Cəfərli məsələyə ciddi reaksiyanın tərəfdarıdır: “Hər kəs çox yaxşı anlayır ki, Şimali Koreya nə İraqdır, nə Əfqanıstan. Söhbət 1,2 milyonluq orduya, 5 milyon nəfərə yaxın canlı qüvvə ehtiyatına, ballistik raketlərə, nüvə silahına malik aqressiv dövlətdən gedir. Bu ölkəyə qarşı preventiv zərbələr o qədər şiddətli, intensiv, genişmiqyaslı və zərgər dəqiqliyi ilə həyata keçirilməlidir ki, Şimali Koreyanın cavab addımlarına macalı qalmasın. Çünki Şimali Koreyanın cavab zərbələri xüsusən Cənubi Koreya üçün fəlakətli nəticələr verə bilər. Şübhə yoxdur ki, ABŞ həm Cənubi Koreya və Yaponiyanı, həm də bu ölkələrdəki bazalarını raket hücumlarından qorumaq imkanına malikdir. Bunun üçün bölgəyə THAAD raket hücumundan yerüstü müdafiə sistemləri yerləşdirilib, hərbi gəmilərdə eyni məqsədli “Aegis” sistemi qurulub. “Patriot” kompleksləri də var. Lakin bu müdafiə tədbirlərinə baxmayaraq, Şimali Koreyanın ata biləcəyi çoxlu sayda raketlərin bəzilərinin müdafiə sistemlərindən yayınaraq hədəflərə çatması ehtimalı da var”. Ekspert qeyd etdi ki, digər tərəfdən, Cənubi Koreya üçün ən böyük təhlükə mənbəyi şimalın uzaqvuran artilleriya qurğularıdır:“Paytaxt Seulun mərkəzi hissəsi Şimali Koreya sərhədindən cəmi 50 km, ətrafları – Seul-İnçxon aqlomerasiyası isə 25 km aralıda yerləşir. Bu məsafələr Şimali Koreya uzaqvuran artilleriyasının və reaktiv atəş sistemlərinin zərbə mənzilidir. Təsəvvür edin ki, eyni anda yüzlərlə, bəlkə də minlərlə artilleriya və reaktiv sistemlərdən Seula zərbələr endirilərsə, 20 milyonluq şəhərdə nələr baş verə bilər. ABŞ əməliyyata qərar verərsə, bu böyük riski aradan qaldırmaq zorundadır. Yəni, Şimali Koreya artilleriyasının mövqelərinə o qədər şiddətli və intensiv zərbələr endirilməlidir ki, onların atəş açmaq imkanı olmasın. Başqa bir təhlükə Şimali Koreya quru qüvvələrinin 1 milyona yaxın əsgərinin minlərlə tank və zirehli texnika ilə Cənubi Koreya üzərinə hücuma başlaması ehtimalıdır. Cənubi Koreyanın daha müasir silahlara malik ordusu ABŞ aviasiyasının dəstəyi ilə bu təhlükənin qarşısını almaq gücündədir. Amma bu, çox böyük itkilər hesabına başa gələ bilər”.

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanqgyu “Yeni Müsavat”ın da iştirak etdiyi brifinq zamanı Şimali Koreya təhlükəsindən danışmışdı. Diplomat demişdi ki, Pxenyanın əsas məqsədi nüvə silahına sahib olmaqdır. Səfirin sözlərinə görə, Şimali Koreyanın nüvə silahına sahib olması təkcə Cənubi Koreya üçün, region üçün deyil, bütün dünya üçün təhlükə yarada bilər. “Azərbaycan Şimali Koreyadan uzaq bir ölkədir deyə belə qəbul oluna bilər ki, Şimali Koreyanın nüvə silahı əldə etməsi Azərbaycana heç bir təsir etməyə bilər. Lakin bu, Azərbaycan daxil olmaqla bütün dünyaya təhlükə ola bilər”-səfir demişdi. Görünən budur ki, artıq Şimali Koreya təhlükəsi qapını kəsdirib.

Şərhlər