Donald Tramp öz komandası belə ondan narazıdır

18.07.2017 13:04     Dünyadan reaksiya     1430

Prezidentin iqtisadi proqnozları özünü tutmayıb, onun tvitləri isə hər kəsi bezdirib

ABŞ prezidenti Donald Trampın iqtidarının 1-ci yarımili başa çatıb. ABŞ mühafizəkarlarının səsləri ilə hakimiyyətə gələn Trampın o vaxtdan problemsiz, qalmaqalsız bir günü keçmir. Bu da, əlbəttə, onun reytinqinə ciddi surətdə təsir göstərir.

Xəbər verildiyi kimi, ABC News və The Washington Post qəzetlərinin birgə keçirdiyi sorğuda ABŞ-ın 45-ci prezidentinin reytinqinin ürəkaçan olmadığı görsənib. Ağ Evin respublikaçı rəhbərinin əhali arasında cəmi 42%-lik dəstəyi var. Respondentlərin 58%-i isə ona inanmadığını bildirib. Onlardan 48%-i isə ümumiyyətlə prezidentin siyasətinə qatı neqativ münasibət ifadə ediblər. ABŞ-ın dünya siyasətində mövqelərinin zəifləməsi əhalinin bu sahədə də ona etimadını olduqca azaldıb.

Trampın Hamburqda Putinlə görüşünə reaksiya da ABŞ vətəndaşları arasında mənfi təəssürat yaradıb. Amerikalıların üçdə ikisi prezidentin Vladimir Putinlə danşıqlardakı qabiliyyətinə inanmadıqlarını bildiriblər. Bundan başqa, rəyi soruşulanların 60%-i Rusiyanın prezident seçkilərinə qarışdığına inandıqlarını söyləyiblər.

Ən maraqlısı isə Trampın iqtisadi və sosial addımlarına göstərilən reaksiyadır. Prezidentin Barak Obamanın gətirdiyi sığorta sistemini dəyişdirməklə bağlı mövqeyini sadəcə 24%-lik ultramühafizəkar qrup dəstəkləyir.

Ümumiyyətlə, əhalinin 55%-i Trampın qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmadığını hesab edib.

Xarici mətbuatın qeyd etdiyi kimi, vətəndaşlar arasında etimad kreditinin azalması fonunda prezidentin əlində qalan yeganə silah onun tvitter hesabından yaydığı statuslardır. Tramp, demək olar, hər gün yeni tvitlərlə ABŞ mətbuatı ilə savaşır, onları öz şəxsinə və ailəsinə qarşı qərəzli davranmaqda suçlayır.

“Debatlarda veriləcək sualları qeyri-qanuni yolla alan, habelə 33 min məktubunu silən Hillari Klintondan fərqli olaraq, mənim oğlum saxta mətbuatın ikrah obyektinə çevrilib”, - Tramp keçmiş rəqibindən əl çəkmədiyini nümayiş etdirib.

Trampın tvitterə həddən artıq aludəçiliyi onun öz komandasının üzvləri arasında parçalanma səbəblərindən biri olaraq göstərilir. Bəzi müşavirlər prezidentə öz qeydlərində daha ehtiyatlı olmağı məsləhət görürlər. Lakin milyarder dövlət başçısının bütün bunlara məhəl qoymaq fikri yoxdur:

“Bu hesab həm də mənim səsimdir. Onlar məni səsdən məhrum etmək istəyirlər. Heç kim məni sosial şəbəkələrdəki hesabımdan vaz keçirə bilməz!”, - prezident The New York Times Magazine-ə verdiyi müsahibədə belə deyib.

Prezidentin bir çox məsələlərdə komanda üzvləri ilə anlaşa bilməməsi artıq daha xaotik xarakter almağa başlayıb. Ağ Evin bütün cəbhə boyu edilən hücum qarşısında kor-koranə müdafiə mövqeyinə çəkilməsi hüquq xidmətlərinə sərf edilən məsrəfləri də artırıb. Politico onlayn qəzetinin verdiyi məlumata görə, son 3 ay ərzində Ağ Evin vəkillərinə ödənilən pullar 668 min dolları ötüb. Müqayisə üçün, ilin ilk ayında bu rəqəm 249 min dollar təşkil edrimiş.

Bu məbləğin təkcə 50 mini Donald Trampın oğlu, rusiyalı vəkil Nataliya Veselnitskaya ilə Hillari Klinton əleyhinə kompromat almaq üçün görüşdüyü iddia edilən kiçik Donald Trampın vəkili Alan Futerfasa verilib.

Trampın hər zaman qürrələndiyi iqtisadiyyat sahəsində də əhalinin ona inamsızlığı diqqət çəkir.

ABŞ Konqresinin büdcə idarəçiliyi ilə bağlı keçən həftənin şənbə günü yaydığı yekun nəticə prezidentin iqtisadi planlarını da suya düşürüb. Sənəddə Ağ Evin büdcə kəsirini ləğv etmək barədə verdiyi proqnozların üstündən xətt çəkilib.

Bundan başqa, Konqres prezidentin iqtisadi böyümənin 3%-ə qədər artacağı barədə ümidlərini puç edib. Son göstəricilər böyümə rəqəmlərini 2%-in altında olduğunu göstərib.

Beləliklə, Tramp administrasiyasının gələcək on ildə 5,6 trilyon dollarlıq məsrəflərdən qurtulmaq, habelə büdcədə profisit əldə etmək barədə sözlərinin boş vədlərdən ibarət olduğu aşkara çıxıb.

Reaksiya.az

Şərhlər