Merkelin bağışladığı hakerlər və kapitulyasiya: - Almaniyada ABŞ-Rusiya QARŞIDURMASI

Merkelin bağışladığı hakerlər və kapitulyasiya: - Almaniyada ABŞ-Rusiya QARŞIDURMASI
Tarix: 29.08.2017 11:22
Oxunma sayı: 860
Paylaş:

Almaniyada bundestaqa seçkilər ərəfəsində (sentyabrın 24-də keçiriləcək - red.) kansler Angela Merkel və onun əsas rəqibi olan Sosial-Demokrat Partiyasının sədri Martin Şults arasında mübarizə kəskinləşib. Kanslerin ABŞ-dan asılılığı və Rusiya barəsində siyasəti seçkiqabağı kampaniyanın mərkəzi məsələləridir.

Qarşılıqlı ittihamlar

“Almaniya kansleri vəzifəsində ölkə ərazisində olan nüvə silahlarının çıxarılmasını dəstəkləyəcəyəm. Nüvə döyüş başlıqları Reynland-Pfalsedə anbarda saxlanılırsa, onları oradan çıxarmaq lazımdır”, - Martin Şults ötən həftə seçicilərlə görüşündə bildirib.

Kansler vəzifəsinə namizədin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Şimali Koreya ilə indiki münaqişəsi nüvə silahlarının yayılmasının məhdudlaşdırılması və onlardan tam imtinanın vacib olduğunu göstərir.

Bundan başqa, Şults Merkeli ABŞ qarşısında siyasi kapitulyasiyada ittiham edib. Siyasətçinin sözlərinə görə, Merkel NATO-nun hərbi proqramlarının maliyyələşdirilməsinin artımı üzrə planı yerinə yetirməyə razılaşıb. Bu, hər il 35,3 milyard dolların sözügedən hədəflər üçün yönəldilməsi deməkdir.

“Almaniyanın hər hansı suallarsız və şərhlərsiz Trampın irəli sürdüyü qızğın silahlanmada iştirak etməsi yolverilməzdir”, - Şults deyib.

Merkelin Xristian Demokrat İttifaqından (XDS) olan silahdaşları Şultsun ittihamlarına cavab veriblər. XDS-in rəsmi nümayəndəsi Yurgen Hardt KİV-ə müsahibəsində bildirib ki, Şultsun partiyası sosioloji sorğulara görə Merkelin partiyasına uduzduğundan onun ittihamları “ümidsizlik əlamətidir”.

“Təhlükəsizlik siyasəti çox mürəkkəb məsələdir. Onu küçə mübahisələri üslubunda müzakirə etmək lazım deyil”, - o, deyib.

Rusiyanın Gazeta.ru saytına danışan ekspertlərin fikrincə, kanslerin müstəqilliyi məsələsi seçkiqabağı kampaniyanın gedişatında əsas məsələlərdən biri olacaq.

“Almaniyanın bütün kanslerləri İkinci Dünya Müharibəsindən sonra birinci kansler olan Konrad Adenauerdən başlayaraq, kifayət qədər nüfuzlu fiqurlar olublar. Onların hamısı ölkə üçün əhəmiyyətli olan qərarları tək qəbul edirdilər”, - Rusiya Elmlər Akademiyasının Avropa İnstitutunun alman tədqiqatları mərkəzinin rəhbəri Vladislav Belov bildirib.

Ekspert həmçinin kansler, sosial-demokrat Villi Brandtı xatırladıb. Belovun sözlərinə görə, o, 1970-ci illərdə (1969-1974-cü illərdə kansler olub) “soyuq müharibə”yə baxmayaraq, iradəli qərarlar qəbul edə və Almaniya Federativ Respublikası ilə SSRİ arasında münasibətlərin normallaşmasına imkan verən yeni “Şərq siyasəti”ni müəyyənləşdirə bilib. Ekspert qeyd edir ki, bu yanaşma, öz növbəsində, 1989-cu ildə Almaniyanın birləşməsi üçün əsas yaratdı.

“Merkel də əhəmiyyətli qərarları qəbul edir. Məsələn, 2011-ci ilin martında Yaponiyanın “Fukusima” Atom Elektrik Stansiyasında qəzadan sonra, o atom enerjisindən imtina etməyə qərar verdi. Və ya 2015-ci ildə “Wir schaffen das” (“Biz öhdəsindən gələcəyik”) proqramı elan etdi. Proqram Almaniyanın qapılarını Yaxın Şərq ölkələrindən olan güclü miqrasiya axını üçün açıldı”, - Belov bildirib.

Amerika vektoru

Lakin Almaniyanın indiki kanslerinin seçkiqabağı kampaniyası nöqteyi-nəzərindən bir zəif cəhəti var: ABŞ-la ittifaq kursu. Bu məsələ bir çox alman siyasətçisində suallar yaradır.

“Məsələ ondadır ki, kansler həmişə Almaniyanın kursunu müəyyən edən əsas siyasətçi olub. Eyni zamanda Merkel Almaniyanın ABŞ-dan birbaşa asılılığı amilini tanıdı. Bu, ABŞ prezidenti Barak Obamanın dövründə oldu. ABŞ Almaniyadakı hərbi güclərini artırdı və Berlinə Avropa İttifaqında iqtisadi təsiri gücləndirməyə icazə verdi. Amma Merkelin Amerika kursu həmişə Almaniyanın maraqları ilə uyğun gəlmirdi”, - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) siyasi tarix kafedrasının müdiri Kiril Koktış hesab edir.

Almaniyada ABŞ-ın 172 hərbi bazası var. Dünyada ABŞ hərbi bazalarının sayı 800-dür və Almaniya bu siyahıda ilk yerdədir. Müqayisə üçün deyək ki, Yaponiyada 113 və Cənubi Koreyadada 83 Amerika hərbi bazası var. Onların əksəriyyəti “monoşəhər” prinsipi (bazanın ətrafında hərbi qulluqçuların ailələri üçün məktəblər, hospitallar və müxtəlif müəssisələr var –red.) üzrə tikilib və saxlanılması böyük xərc tələb edir. 2015-ci ildə Amerika KİV-i bildirirdi ki, Pentaqon alman bazalarında təxminən 20 ədəd B61-12 nüvə bombasını yerləşdirməyə hazırlaşır.

ABŞ prezidenti Donald Tramp NATO üzrə müttəfiqlərindən hərbi xərcləri ümumi daxili məhsulun 2 faizi həcmində artırılmasını tələb edir. Merkel bu tələblə razılaşdığı üçün rəqibləri tərəfindən tənqid edilir. Bu halda Almaniya hərbi xərclərini əhəmiyyətli dərəcədə artırmalı olacaq.

Xarici işlər naziri Ziqmar Qabriel (sosial demokratların nümayəndəsidir) Trampın tələblərini rədd edib. Müdafiə naziri Ursula fon der Lyayen də eyni fikirdədir. Bundan başqa, o, Almaniyanın ABŞ-dan böyük miqdarda borc aldığı barədə Trampın iddiasını təkzib edib.

Müdafiə nazirinin sözlərinə görə, müxtəlif ölkələrin töhfəsini ölçmək üsulları var və Tramp ittifaqın necə işlədiyini anlamır.

“Politico” nəşri qeyd edir ki, 2016-2017-ci illərdə NATO-nün hərbi xərclərinin 22,14 faizi ABŞ-ın payına düşüb. Almaniya siyahıda ikincidir (14,65 faiz). Sonrakı yerləri Fransa (10,63) və Böyük Britaniya (9,85) tutur.

Həmçinin, Almaniyada ən böyük qalmaqal Vikiliks saytında ABŞ-ın məxfi sənədlərinin dərcindən sonra yarandı. Bu məlumatlara görə, 2016-cı ilin sonunda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) haker bölməsi Avropa, Asiya və Yaxın Şərqdə kiberkəşfiyyat əməliyyatı keçirirdi. Məxfi haker mərkəzi Almaniya ərazisində - Frankfurt-Maynda yerləşən ABŞ-ın baş konsulluğunda yerləşirdi. Bu, alman KİV-ini Merkelin Amerika kəşfiyyatı tərəfindən dinlənilməsi ilə yaranan əvvəlki qalmaqalı xatırlatmağa məcbur etdi. 2013-cü ildə “Bild” və “Der Spiegel” jurnallarının yazdığına görə, ABŞ kəşfiyyatı 2010-cu ildə Merkelin ofisində səsyazma casus avadanlığının yerləşdirildiyi barədə prezident Barak Obamaya məlumat verir. Avadanlıq Vaşinqtona Berlinin daxili siyasi mətbəxindən xəbər tutmağa imkan verirdi. Almaniya kansleri iki soyuq bəyanatla kifayətləndi. Ancaq sonra sözlər işə keçmədi: Berlin Amerika xüsusi xidmət orqanlarları ilə əməkdaşlığı məhdudlaşdırmaq barədə qərar vermədi.

Rusiya ilə münasibətlər

Rusiya ilə münasibətlər Almaniyada seçkiqabağı döyüşlər üçün daha bir mövzudur. Sosial-demokratların nümayəndələri Rusiyaya qarşı Amerika sanksiyalarının yeni paketini dəstəkləyən Merkeli bir neçə dəfə tənqid ediblər. Almaniya Xarici İşlər Nazirliyinin başçısı, sosial-demokrat Ziqmar Qabriel bildirib ki, beynəlxalq hüquq və Avropa qurumlarının maraqlarına zidd olduğu üçüb Rusiyaya qarşı sanksiyalar qəbuledilməzdir.

Rusiya prezidenti Vladimir Putin iyunun 17-də Merkelin II Dünya müharibəsindən sonra alman siyasətinin əsas prinsiplərindən birini unutduğunu xatırlatdı. Putinin bəyanatı birləşmiş Almaniyanın birinci kansleri Helmut Kolun ölümü ilə bağlı idi. Prezidentin sözlərinə görə, Kolun Rusiya və Almaniyanın münasibətlərinə dair baxışları Rusiya liderinə Avropa siyasətinə baxışı formalaşdırmağa kömək etdi.

“Onlar yalnız məndə böyük təəssürat yaratmadı, həm də önəmli ölçüdə bu proseslərə mənim şəxsi baxışımı dəyişdirdi”, - Putin deyirdi.

Kiril Koktışın fikrincə, Rusiya prezidentinin sözləri qismən Merkelə ünvanlanmışdı. Merkellə eyni partiyanı təmsil edən Helmut Kol bildirirdi ki, Rusiya ilə yaxşı münasibətlər bütün regionda Almaniyanın müvəffəqiyyətli siyasəti üçün əsas məsələlərdən biridir.

“Hlemut Kol Xristian Demokrat İttifaqının üzvü olmasına baxmayaraq, Merkellə müqayisədə daha az atlantist (atlantizm – Qərb dəyərlərinə bağlılıq –red.) idi. Merkelin sələfi Gerhard Şröder də Almaniyanı sərbəst oyunçu kimi görürdü. O, Almaniyanı öz problemlərin həllinə müstəqil qərar verən ölkə kimi qəbul edirdi”, - Koktış vurğulayıb.

Sosial-demokrat Şröder 1998-ci ildən 2005-ci ilə qədər Almaniyanı idarə edib. Bu illər Rusiya-Almaniya iqtisadi münasibətlərinin çiçəklənməsi dövrü olub.

“Şröder, yeri gəlmişkən, 1990-cı illərdə Almaniyada ən güclü anti-Rusiya siyastəçilərindən idi. O, Moskvanı çox güclü tənqid edirdi. Vəziyyət yalnız Putinin bundestaqda çıxış etməsindən sonra dəyişməyə başladı. Siyatəçilər hər iki ölkəyə xeyir verən əlaqələri qura bildi”, - Vladislav Belov bildirib.(publika.az)

Reaksiya.az

Şərhlər