Rusiya hərbiçilərini Suriyada kim satır?

21.09.2017 17:46     Dünyadan reaksiya     1516

Rusiya Silahlı Qüvvələrinin Baş qərargah rəhbərliyi Amerika xüsusi xidmət orqanlarını Suriyada döyüşçülərə birbaşa yardım göstərməkdə ittiham edib.

Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının Baş Əməliyyat İdarəsinin rəisi general-leytenant Sergey Rudskoyun sözlərinə görə, döyüşçülər sentyabrın 19-da bir gün ərzində müdafiəni 12 kilometr dərinliyə qədər yarmağı bacarıblar.

Onların əsas məqsədlərdən biri təhlükəsizlik zonasına nəzarət üçün açılmış hərbi polis bölməsinin tutulması idi. Rusiyalılardan ibarət 29 hərbiçi bir neçə saat ərzində “An-Nüsra” Cəbhəsinin hücumunu dəf edə bilib. Rusiya qırıcılarının köməyi ilə təşkil edilən əks hücum nəticəsində bir gün ərzində terrorçuların 187 obyekti, həmçinin təxminən 850 terrorçu, 11 tank, 4 BMP, 46 pikap, 5 minaatan, 20 yük maşını və 38 silah anbarı məhv edilib.

General Rudskoy iddia edir ki, Rusiyanın hərbi itkiləri yoxdur və yalnız üç yaralı var. Döyüşçülərə ABŞ tərəfindən kömək göstərildiyi bildirilsə də, Rudskoy təfərrüatları açıqlamayıb.

Ancaq “Kommersant”ın hərbi idarədəki mənbəsinin sözlərinə görə, Amerika tərəfi İdlibdə Suriya və Rusiya qoşunlarının yerləşməsi haqqında məlumatın döyüşçülərə ötürülməsində şübhəli bilinir.

Pentaqon isə sözügedən ittihamları rədd edib.

Əlavə edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu İdlibdəki vəziyyətlə əlaqədar olaraq Belarusa planlaşdırılmış səfəri ləğv edib.

Reaksiya.az

Şərhlər