Terrorun mərkəzi Yaxın Şərqdən Orta Asiyaya keçir

02.11.2017 16:48     Dünyadan reaksiya     1910

ABŞ-ın Nyu-York şəhərində baş verən terror aktı bu həftənin əsas hadisəsidir.

Bilindiyi kimi, özbək əsilli Seyfulla Saipovun idarə etdiyi yük maşınını velosipedlər üçün nəzərdə tutulan yolda insanların üzərinə sürməsi nəticəsində 8 nəfər həlak olub, xeyli adam yaralanıb.

“The Wall Street Journal” bu hadisəni Nyu-York tarixində 2001-ci ilin sentyabrın 11-də baş verən aktdan sonra ən böyük terror hücumu adlandırıb.

Qəzetin yazdığına görə, ABŞ Hesablama palatasının məlumatına əsasən 2001-ci ildən 2016-cı ilin iyun ayına, yəni Orlando şəhərində gecə klubuna edilən silahlı basqına qədər radikal dinçi motivlərlə törədilən və 119 nəfərin ölümünə səbəb olan 23 insident qeydə alınıb. Bu insidentlərin əksəriyyəti İŞİD-dən ilhamlanan “yalquzaq terrorçu”lar tərəfindən həyata keçirilib.

Nyu-York polisinin Terrorçuluqla mübarizə və kəşfiyyat idarəsinin verdiyi xəbərə görə, terrorçular 2001-ci ilin sentyabrından bu yana Nyu-York şəhərində 25 aktı gerçəkləşdirmək istəyiblər.Onların əksəriyyətinin qabağı təhlükəsizlik orqanları tərəfindən alınıb. Qəzetin yazıdğına əsasən, terrorçuların əsas hədəfində Tayms Skver meydanı, Bruklin körpüsü və Con Kennedi adına beynəlxalq hava limanı olub.

“The New York Times” qəzeti isə Seyfulla Saipovun Özbəkistanın paytaxtı Daşkənddən gəlib Ohayoda yerləşən miqrant olduğuna diqqət çəkib.

Qəzet Saipovu tanıyan və onun kimi Özbəkistandan ABŞ-a köçən Kobilçon Matkarov adlı şəxsdən müsahibə alıb. Matkarov Saipovu sakit, normal bir adam kimi təsvir edib. Bundan başqa, Saipovun vaxtilə qrin-kart udaraq ABŞ-a yerləşdiyi və hətta uber şirkətində taksi sürücüsü olaraq fəaliyyət başladığı qeyd olunub.

The Wall Street Journal-ın Cessika Donati və Pol Sonn tərəfindən qələmə alınan başqa bir məqaləsində Mərkəzi Asiyadan gələn dini terrorizmin artan təhlükəsinə diqqət çəklib. Müəlliflərin fikrincə, iqtisadi problemlərin çoxluğu, siyasi azadlıqların isə azlığı gənc insanları terrora meyl etməsinə yol açan əsas səbəbdir.

Qəzet Özbəkistanda keçən əsrin 90-cı illərindən fəaliyyət göstərən radikal dinçi “Özbəkistan islam hərəkatı” təşkilatının həm Taliban, həm “əl Qaidə”, həm də İŞİD-lə geniş əlaqələrinin olduğunu yazıb.

“2015-ci ildə International Crisis Group Mərəzi Asiyadan Yaxın Şərqə İŞİD-ı dəstəkləmək üçün gedənlərin sayını artması barədə xəbərdar etmişdi. İŞİD sıralarında bu bölgədən olanların arasında isə məhz özbəklər üstünlük təşkil edir”, - məqalədə qeyd olunur.

Corc Vaşinqton universiteti nəzdində “Ekstremizm araşdırmaları proqramı”nın direktor müavini Şeymus Hyuzun sözlərinə görə, terror təşkilatının İraqda və Suriya itirdiyi mövqelər onları bu cür hücumlara vadar edir.

Bundan başqa, qəzet ümumiyyətlə dünyada baş verən son terror hadisələrinin əksəriyyətində eyni bölgədən olan insanların iştirakına diqqət çəkir. “Aprel ayında Özbəkistan vətəndaşı Stokholmda eyni tərzdə yük maşınını kütlənin üzərinə sürmüşdü. Eyni ayda Rusiyanın Sankt-Peterburq şəhəri metrosunda terror hadisəsini törədən şəxsin Qırğızıstanda anadan olan etnik özbək olduğu aşkar edilmişdi. Bundan başqa, 2016-cı ilin dekabrın 31-də İstanbulda, bir gecə klubunda insanları kütləvi surətdə qıran şəxsin yenə də özbək olduğu ortaya çxıb. Türkiyə təhlükəsizlik orqanları həmin il İstanbul hava limanında terror aktını həyata keçirənlər arasında Özbəkistan və Qırğızıstan vətəndaşlarının olduğunu təsbit edə bilmişdi”, - qəzet yazır.

Böyük Britaniyanın “The Times” qəzeti isə Rakkanın geri alınmasından sonra Trampın qürurla İŞİD-in əzildiyini elan etməsi ilə bağlı sözlərinə yer verib.

“Lakin Suriyanın döyüş meydanları bu müharibənin sadəcə bir hissəsidir. Cənab Trampa hazırda ətraflı plan lazımdır. Əgər Donald Tramp həqiqətən terrorizmin öhdəsindən gəlmək istəyirsə bütövlükdə vəhabizmlə mübarizə aparmalıdır”, - məqalədə bildirlir.

Reaksiya.az

Şərhlər