Ermənistan “ölümlə həyat arasında”

03.11.2017 13:45     Dünyadan reaksiya     2152

İşğalçı ölkənin güclənən təcridi, ağırlaşan iqtisadi durumu Avropa və ABŞ mətbuatının diqqətində

Liderlərin bir-birinin ardınca reallaşan Bakı və Tehran sammitlərinə görə ermənilərin ürəyindən hələ də qara qanlar axır. Ələlxüsus, Azərbaycan, İran və Rusiya prezidentlərini 1 noyabr Tehran zirvə görüşü və bu görüş çərçivəsində əldə olunan, irəliyə hesablanmış mühüm anlaşmalar, ortaq bəyannamə də daxil, imzalanan sənədlər işğalçı ölkəni xeyli təlaşlandırıb - özü də tək Ermənistanın nəqliyyat blokadasının güclənməsi baxımından yox.

Məsələ ondadır ki, əgər Bakıda sırf Azərbaycana dost və strateji tərəfdaş ölkələrin liderləri (Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan) bir araya gəlmişdisə, Tehran sammitində artıq Ermənistanın strateji müttəfiqləri və əsas “nəfəsliyi” hesab olunan İranın başçıları Azərbaycan prezidenti ilə bir arada idilər. Özü də İran paytaxtında təcavüzkar ölkənin əsla xeyrinə olmayan məsələlər (“Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin inşasını sürətləndirmək və s.) əsas gündəm mövzuları idi.

Image result for Baku

Bu üzdən Ermənistanın siyasi və ekspert çevrələrində hələ də yaşanan təlaş qarışıq pərtliyi anlamaq çətin deyil. Ermənilərin pərtliyi və təlaşı sözsüz ki, həm də Bakının Rusiya və İranla iqtisadi, kommunikasiya və enerji sahələrində əlaqələri gücləndirmək hesabına Qarabağ məsələsində özünün manevr imkanlarını artırmasından yanadır.

Haqlı təlaşdır. Günün birində Azərbaycan xeyli dərəcədə ondan tranzit asılılığında olan İran və Rusiyadan Dağlıq Qarabağ məsələsində daha ədalətli mövqe tutmağı tələb edə bilər.  

***** 

Maraqlıdır ki, Ermənistanı özünə “kiçik bacı” sayan Fransanın nüfuzlu nəşri “Le Monde” nəşri ermənilərin düşdüyü və getdikcə güclənən blokada şəraitinə acıyan məqalə dərc edib. Musavat.com-un məlumatına görə, xristian bacı-qardaşlarının dərdinə acıyan qəzet əvvəlcə təzəcə açılışı edilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun perspektivindən yazıb.

“Bundan sonra Asiyanı Avropa ilə birləşdirmək daha asan olacaq: oktyabrın 30-da Azərbaycanda uzunluğu 838 km olan Bakı-Tiflis-Qars dəmir yolunun açılışı oldu. Gözlənilir ki, bu xətlə ildə 1 milyon sərnişin və 6.5 milyon ton yük daşınacaq. Əgər işlər nəzərdə tutulduğu kimi getsə, 2025-ci ildə yük dövriyyəsi 50 milyon tona çata bilər. İki qitə arasında dəmir yolu qovşağının inşası isə 2018-ci ildə yekunlaşmalıdır. Nə vaxt ki, Türkiyə Mərmərə dənizinin altından keçəcək Mərmərə dəmir yolu tunelinə sonuncu daşı qoyacaq” - nəşr yazıb.

Image result for Avrasya tuneli

 

Qəzetin bildirdiyinə görə, BTQ - Asiya ilə Avropa arasında irimiqyaslı dəmiryolu dəhlizi layihəsinin ilk mərhələsidir. “Layihə gerçəkləşəndən sonra sərnişinlər və yüklər Pekindən Londona 12-15 günə çatacaq. O halda Rusiya və İrandan yük daşınmaları, habelə dəniz daşımaları təhlükə altına düşəcək. ”Dəmir İpək Yolu" şaha sürətli olacaq" - Azərbaycan hökuməti bildirir", - deyə “Le Monde” ardınca qeyd edib.

Məqalədə daha sonra bildirilir: “Bazar ertəsi Orta Asiyanın iki qonşu Xəzəryanı ölkəsi olan Qazaxıstan və Türkmənistanla ticarəti asanlaşdırmaq üçün Bakının cənubundakı Ələt stansiyasından ilk qatar yola salınıb. Həmin qatara minən Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan nümayəndələri məmnunluqla qeyd ediblər ki, bu layihə regionda sülhün və inkişafın rəhni olacaq. Ancaq layihə Ermənistandan yan keçib, onu bortdan kənara atıblar - halbuki hələ SSRİ dövründə tikilən Ermənistanın dəmir yolu Türkiyəyə ən qısa yol idi. Fəqət, bu variant ağla belə gəlməyib, çünki Azərbaycan və Ermənistan Dağlıq Qarabağa görə konfliktdədir. Məhz bu münaqişə üzündən Türkiyə öz qonşusu Azərbaycana həmrəylik nümunəsi olaraq 1993-cü ildə Ermənistanla sərhədlərini bağlayıb və yaxın zamanlarda açmağa hazılaşmır”.

*****

Image result for Metsamor AES

ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti isə bu arada  ermənilərin yarasını üzərinə duz tökən məqalə dərc edib. Belə ki, nəşr qəzalı vəziyyətdə olan AES-in yerləşdiyi Metsamoru “ölümlə həyat arasında olan şəhər” adlandırıb. Musavat.com-un məlumatına görə, internet-portal qəzeti yazıb ki, Metsamorda 10 min nəfərə yaxın əhali yaşayır ki, bunun da min nəfərə yaxını AES-də çalışır.

“Metsamor AES çoxdan narahatlıq mənbəyidir. Ən azından, iki səbəbə görə: o, saxlanma konteynerləri olmadan inşa edilib və seysmik zonada yerləşir. 1989-cu ildə yaxınlıqdakı dağıdıcı zəlzələdən sonra o, faktiki bağlanmışdı. 2011-ci ildə ”National Geograhyic" bildirmişdi ki, Metsamor AES hətta dünyada ən qorxulu atom-elektrik stansiyasıdır. Lakin risklərə baxmayaraq, AES hələ də işləyir, adamlar hələ də orada yaşayır".

Qəzetin fotoqrafı Stefano Morelli isə Metsamorun və onun “köhnə sovet binalarında yaşayan” insanlarının həyatını sənədləşdirib. Onun sözlərinə görə, “şəhərin köhnə tikililəri və əhalisi şübhələrlə qorxu, kasıbçılıqla sağ qalmaq arasında, həyatla ölüm arasında qalıb”.

*****

Öz işğalçı siyasəti üzündən blokada vəziyyəti yaşayan Ermənistan və onun əhalisinin hazırkı gün-güzəranı, acı gerçəyi bundan ibarətdir. Şübhəsiz ki, İrəvan öz qonşularına qarşı lap əvvəldən əsassız torpaq iddiaları irəli sürməsəydi, Kremlin ssenarisi üzrə Qarabağ avantürasına getməsəydi, ümumiyyətlə, Rusiyanın regionda yeganə maşası roluna  razılıq verməsəydi, indi bütün bölgə üçün təhlükə mənbəyi olan Metsamor AES də çoxdan bağlanmışdı.

Çünki o halda Ermənistan enerji problemi yaşamayacaqdı -  Azərbaycan Gürcüstan kimi Ermənistanın da enerji təhlükəsizliyində həlledici rol oynayacaqdı, nəinki Rusiya. Necə ki, rəsmi Bakı BTQ ilə bağlı da ənənəvi və ədalətli şərtini bəyan edib: Ermənistan dəmir yoluna, digər layihələrə və kəmərlərə qoşulmaq istəyirsə, yolu bəlli - işğalçı siyasətdən, Türkiyəyə qarşı əsassız soyqırım iddialarından əl çəksin. Əks halda, ermənilər daima “bortdan kənarda” qalıb, qatarların dalınca baxmalı olacaqlar...          

Reaksiya.az

Şərhlər