Yaxın Şərq savaşının iki qalibi zəfər elan etdi: - Bundan sonra Suriyaya nə olacaq? - Qərb mətbuatı

23.11.2017 20:43     Dünyadan reaksiya     1906

“İstənilən müharibədə siyasi iradə savaş meydanlarında gerçəkləşdirilir. Bu iradə Türkiyə, Rusiya və İran ordularının simasında daha çox hiss olunur. ABŞ isə Barak Obama dövründən bu yana geri çəkilməyə davam edir”

Gülərüz Əsəd və məmnun Putin Soçidə bir-birlərini zəfər münasibətilə təbrik etdilər. Rusiya prezidenti münaqişənin diplomatik müzakirə və siyasi nizamlama mərhələsinə daxil olduğunu təntənə ilə bəyan etdi.

“Əsədə isə yalnız onun sözlərini təsdiq etmək qaldı”, - “La Repubblica” qəzetindən Alberto Stabile yazır.

Müəllif yazısında Putinin bölgənin digər siyasi aktyorlarının iştirakı olmadan sabit sülhə nail olmağın qeyri-mümkünlüyünü dərk etdiyinə görə, görüş barədə həm ABŞ prezidenti DonaldTramp, İsrail baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı kralı Salmanla apardığı telefon danışıqlarında məlumat verdiyinə diqqət çəkir.

Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə isə, Putin üçün qanlı döyüşlərdən sonra digər dövlətləri də razı sala biləcək siyasi prosesi başlatmaq olduqca vacibdir. Bu, həm Qərbin Suriyanın bərpası üçün maliyyə ayırmasına, həm də Rusiyanın Suriyanı qalib olaraq tərk etməsinə imkan yaradacaq.

“Rusiyanın Soçidə Suriya xalqlarının konqresini keçirmək, habelə İran və Türkiyə prezidentləri ilə üçtərəfli müzakirə aparmaq arzusu da Qərbi Suriyadakı nizamlama prosesinə (Rusiyanın şərtləri ilə-red.) cəlb etməkdir”, - redaksiya yazısında deyilir.

“V.Putin Soçidə Rusiyanın dünya siyasətindəki yüksəlişini nümayiş etdirdi. Donald Tramp rəhbərliyi altındakı ABŞ isə Rusiya prezidentinə bunun üçün hər cür şəraiti yaradır”, - Almaniyanın “Süddeutsche Zeitung” qəzeti yazır.

Lakin müəllif Yulian Hans Putinin Suriyada hərbi əməliyyatların başa çatdığı barədə verdiyi bəyanatını tələskənlik hesab edir. 
“Vaxtilə Corc Buş da 2003-cü ildə “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin göyərtəsində İraq müharibəsi haqqında eyni sözləri söyləmişdi. Lakin ABŞ əsgərləri indi də İraqda vuruşmaqda davam edirlər”, - yazıda qeyd olunub.

Yulian Hans Suriya münaqişəsi sayəsində Rusiyanın dünyada söz sahibinə çevrildiyini qeyd edərək, Putinin buna zənn edildiyindən daha asanlıqla nail olduğunu yazır.

“Donald Tramp isə Suriya meydanında Putinə uduzmaqdan hətta məmnun görünür. Rusiyanın yeni gücü əslində Amerikanın zəfliyi imiş”, - məqalədə vurğulanır.

Yulian Hans Putinin Suriyada sülh prosesinin BMT himayəsi altında gerçəkləşməli olduğu barədə sözlərinə də diqqət çəkib.

Çünki bu vaxta qədər BMT TŞ-nın Suriyadakı hərbi cinayətlər, o cümlədən, Əsəd rejiminin törətdiyi vəhşiliklərlə bağlı bütün qətnamələrinə məhz Rusiya tərəfindən veto qoyulmuşdu. “Lakin artıq BMT-də iplər Vaşinqtonun deyil, Moskvanın əlində olacaq”, - məqalədə bildirilir.

Böyük Britaniyanın “The Times” qəzeti isə Rusiyanın Suriyadakı zəfərini Soçidə Türkiyə və İran prezidentləri ilə bölüşməsi faktına diqqət çəkib.

Müəllif Riçard Spenser hər 3 dövlətin əslində bu münaqişədən sərfəli çıxdığını lakin aralarındakı ziddiyyətlərin həll olunmadığını yazır.

“Putin Suriyada Rusiyanın siyasi varlığını xilas etdi, Ruhani İranın daha bir bölgə dövlətində nüfuzunu möhkəmləndirdi, Ərdoğan isə kürdlərin Suriya-Türkiyə sərhədlərinin böyük bir qisminə sahib olmasını əngəllədi. Lakin Rusiyanın Suriya ilə bağlı Türkiyə ilə fikir ayrılıqları qalmaqda davam edir. Türkiyə Əsəddən əlavə, öz sərhədlərində Putinin istədiyi kimi kürd muxtariyyatının qurulmasnın qatı əleyhinədir”, - Y.Hans bildirir.

Spenser münaqişənin bitdiyini düşünənlərin yanıldığını da əlavə edib: “2-ci dünya müharibəsi ona görə bitdi ki, tərəflərdən biri tam olaraq təslim oldu. Burada isə heç kim məğlubiyyətini etiraf etmək istəmir”.

Fransanın “Le Figaro” qəzetindən İzabel Lasser də son proseslərdə İran və Türkiyənin qabağa düşdüyünü vurğulayır. Jurnalsitin fikrincə, “3 xaç atası” Astana formatını diriltməklə, BMT-nin, əslində isə Qərbin himayəsi altında keçirilən Cenevrə danışıqlarının mənasını tamamilə heçə endirmək istəyir.

“Putin ordusunun gücü ilə əldə etdiyi üstünlüyü heç kimə vermək istəmir. İstənilən müharibədə siyasi iradə savaş meydanlarında gerçəkləşdirilir. Bu iradə Türkiyə, Rusiya və İran ordularının simasında daha çox hiss olunur. Onsuz da hələ Barak Obama dövründə geri çəkilməyə başlayan amerikalılar Donald Trampın rəhbərliyi altında daha çox qərarsızlıq nümayiş etidirməkdə davam edirlər”, - müəllif bildirir.

Reaksiya.az

 

Şərhlər