Ərdoğan Əsədlə razılaşmaya gedəcəkmi?

Ərdoğan Əsədlə razılaşmaya gedəcəkmi?
Tarix: 28.11.2017 11:41
Oxunma sayı: 517
Paylaş:

Türkiyənin Əsəd rejimini tam dəstəkləyəcəyi və ya onunla danışıqlara gedəcəyini düşünmürəm. Burada İran və Rusiyanın vasitəçiliyi ilə Türkiyənin Suriyaya qarşı münasibətlərində müəyyən loyallığın davam etdirilməsi müzakirə mövzusu ola bilər. Proseslərdə bundan artıq bir irəliləyişin olacağı qənaətində deyiləm.

Analitik Vüqar Zifəroğlu bildirib ki, son 1 ildir Türkiyənin Suriyaya münasibətlərində xeyli loyallaşma hiss olunmaqdadır:

“Şübhəsiz ki, bu da ilk növbədə Türkiyə, Rusiya, İran yaxınlaşması ilə əlaqədardır. Təbii ki, bu yaxınlaşma xarici faktorların təsiri ilə baş verir. Türkiyənin Suriyaya münasibətlərinin loyallaşmasında İŞİD və bölücü kürd qruplaşmaları ilə bağlı məqamların əhəmiyyətini də vurğulamaq lazımdır. İŞİD-dən sonra bölgədə böyük bir boşluq əmələ gələ bilər. Bildiyiniz kimi, bu bölgə boşluq sevmir və İŞİD-in yerini başqa bir terror təşkilatı tutacağı ehtimalı son dərəcə yüksəkdir”.

Analitik qeyd edib ki, eyni zamanda Qərbin Türkiyəyə yönəlik son itələyici siyasəti, qardaş ölkəni bölgədə özünə müttəfiq axtarmağa vadar etməkdədir:

“Son günlərin gündəmində olan Türkiyə-NATO, Türkiyə-Avropa, Türkiyə-ABŞ münasibətləri bunun ən bariz nümunəsidir. Bu mənada Türkiyə istər-istəməz bölgədəki ölkələrlə işbirliyinə getməyə məcburdur. Türkiyənin bölgədə İranla da müəyyən məqamlarda maraqlarını uzlaşdırması gözləniləndir və əslində Əsəd rejiminə son dövrdə sərgilənən daha yumşaq mövqe həm də bu kontekstdən dəyərləndirilməlidir. Bu mənada bütün bu şərtlərə görə, Türkiyə bir növ Suriyada baş verən proseslərə bir gözünü yummaq məcburiyyətində qaldı”.(axar)

Reaksiya.az

Şərhlər