Donald Trampdan gözlənilməz açıqlama

12.02.2018 14:28     Dünyadan reaksiya     1403

Ağ Ev rəhbəri Qərbi Şəriədəki qanunsuz tikilən yəhudi yaşayış məskənlərindən narahat olduğunu və İsrailin bu məsələdə diqqətli davranmalı olduğunu deyib

Hər zaman, bütün çıxışlarında Fələstini sülhü istəməməkdə təqsirləndirən ABŞ prezidenti Donald Tramp bu dəfə İsraili də tənqid edib. İsrailin Hayom qəzetinə danışan Tramp deyib ki, rəsmi Təl-Əvivin də sülh istədiyindən tam əmin deyil.
"ABŞ-İsrail əlaqələri mükəmməldir, ancaq Fələstinlə əldə ediləcək razılıq bu əlaqələri daha da mükəmməl edəcək", — prezident qeyd edib.

Tramp Qərbi Şəriədəki qanunsuz tikilən yəhudi yaşayış məskənlərindən narahat olduğunu və İsrailin bu məsələdə diqqətli davranmalı olduğunu deyib: "Yeni yəhudi yaşayış məskənlərinin sülhə müsbət təsir göstərdiyini düşünmürəm. Bundan öncəki təcrübələr bunu deməyə əsas verir".

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ rəhbəri Donald Tramp səmavi dinlər üçün müqəddəs şəhər olan Qüdsü İsrailin paytaxtı kimi tanıdığını, ölkəsinin Təl-Əvivdəki səfirliyini Qüdsə köçürəcəklərini açıqlamışdı.

Trampın qərarına, başda müsəlman ölkələr olmaqla, katolik xristian dünyası da sərt şəkildə qarşı çıxmışdı. Fələstinlilər kütləvi müqavimətə başlamağa məcbur qalmış, İsrail ordusu və polisi ilə toqquşmalarda onlarla fələstinli dünyasını dəyişmişdi.

Reaksiya.az
 

Şərhlər