AŞ PA müstəqil şəxslərin və ölkələrin fəaliyyətini niyə həzm edə bilmir?

27.04.2018 13:43     Dünyadan reaksiya     1410

Qurum korrupsiya məsələsindən siyasi silah kimi istifadə edir

Bir sıra beynəlxlaq təşkilatların Azərbaycana qarşı ikili standartlar missiyası davam etməkdədir. Bəzi qurumlar isə bir az da irəli gedərək ölkəmiz barədə həqiqətə uyğun olmayan məlumatlar yaymaqda maraqlı görünürlər. Məsələ orasındadır ki, sözgedən təşkilatlarda təmsil olunan anti-Azərbaycan qüvvələr ölkəmizlə bağlı hazırlanan hesabatlarda şər-böhtan, iftira, yalan, qərəzli məlumatlar yerləşdirməkdən belə çəkinmirlər. Belə ki, AŞ PA-nın yaz sessiyasının aprelin 26-da keçirilən iclasında gündəliyə qurumun daxilindəki korrupsiya hallarının olması barədə məsələnin salınması və hazırlanan hesabatda Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatların əksini tapması birmənalı qarşılanmayıb. Bundan əlavə, AŞ PA-nın 24 deputatı baş katib Torbörn Yaqlandı Azərbaycanda siyasi məhbuslar haqqında hesabata yenidən qayıtmağa çağırması Azərbaynla- AŞPA münasibətlərini yenidən gündəmə gətirib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun Müstəqil Araşdırma Qurumunun korrupsiyaya dair hesabatı barədə müzakirələrdəki çıxışı məsələnin nə qədər ciddi olduğunu deməyə əsas verir.

Xatırladaq ki, ölkəmiz AŞ PA-ya daxil olduqdan bu günə qədər qurumun ikili standartları ilə üzləşmək zorunda qalıb. Hansı ki, Azərbaycan bu quruma daxil olarkən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni bir tribuna əldə etdiyini güman edirdi. Lakin gözləntilərin əksinə olaraq AŞ PA-da təmsil olunan ermənipərəst qüvvələr qurumun imkanlarından yararlanaraq Azərbaycanın bu məsələdə güzəştə getməsi üçün təzyiq və təhdidlərini artırmış oldular. Azərbaycanın beynəlxaq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri icra etməsinə, ölkədə onsan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunması, söz və fikir, mətbuat azadlığı üçün lazım olan bütün şəraitin yaradılmasına baxmayarq, uydurma hesabatlarla ölkəmizi təzyiq altında saxlamaq yolu tutuldu. Maraqlıdır, nədən AŞ PA üzv dövlətlərdəki çatışmazlıqları aradan qaldırmaq üçün əməkdaşlığa deyil, təzyiq və təhdid vasitələrinə üstünlük verir?

Millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Elşad Həsənov bildirib ki, bu gün korrupsiya məsələsi müstəqil şəxslərə və ölkələrə zərər vurmaq üçün siyasi silaha çevrilib. AŞ PA-nın korrupsiya məlumatlarını araşdırma üzrə müstəqil orqanın qərəzli məruzəsini şərh edən E.Həsənov məruzənin şayiələrə əsaslandığı qənaətinə gəldiyini bildirib: "Hesab edirəm ki, belə sənədlər aydın və dəqiq faktlara əsaslanmalıdır. Mən "orqan yoluna qoya bilməz", "hədiyyə sistematik xarakter daşıyır", "bir çox ölkələr üçün xarakterik", "ola bilsin ki", "ehtimal ki" kimi ifadələr eşidirəm. Sual yaranır: ölkəni belə qeyri-dəqiq və qeyri-müəyyən ifadələrlə necə günahlandırmaq olar? Konkret faktlar olmadan kimisə necə ittiham edə bilərik?" Millət vəkili qeyd edib ki, araşdırmanın müəllifləri öz iddialarına hər hansı sənədlərə əsaslanmış təsdiq ala bilmədiklərini deyirlər: "Məruzədə mütəşəkkil cinayətkarlıq və korrupsiya adlı qondarma layihədən bəhs olunur. Bu layihə çərçivəsində yayılmış informasiyanı əsassız və qeyri-obyektiv hesab edirəm. Anti-Azərbaycan qruplar bu yalan informasiya ilə Azərbaycanın imicini və ölkəmizlə dostluq münasibətlərini saxlayan siyasətçiləri, ictimai xadimləri və jurnalistləri ləkələməyə cəhd edirlər". Deputat bir daha təsdiq edib ki, söhbət ölkənin nüfuzuna və onu dəstəkləyənlərə zərbə vurmağa istiqamətlənmiş açıq-aşkar anti-Azərbaycan kampaniyasından gedir: "Azad sözdən sui-istifadə edən bir sıra şəxslər və qruplar bizə qarşı biabırçı kampaniya təşkil edib".

Hüquqşünas Asif Əsədov qeyd edib ki, hazırda Azərbaycan korrupsiyaya qarşı mübarizə aparan ölklər sırasında öndə gedir. Heç kimə sirr deyil ki, Azərbaycan korrupsiyaya qarşı ciddi mübarizə aparır, bunun üçün lazım olan bütün hüquqi proseduralar mövcuddur. Üstəlik bir sıra effektli nəticələr də əldə edilib. Avropa Şurası Parlament Assambleyası isə "bulanıq sida balıq axtarmaq" sevdasına düşüb: "Bu məsələdə iki nüans var ki, onların nəzərə alınması vacib şərtdir. Əvvala, AŞ PA-nın korrupsiya tədqiqatı üzrə orqanının hesabatının nə dərəcədə şəffaf araşdıma aparması, sübutların hansı mənbədən əldə edilməsi məsələləri şübhəli məqamdır. Digər tərəfdən, sənəddə əksini tapmış "ittihamların" nə dərəcədə reallığı əks etdirməsi ciddi araşdırma predmetidir. Çünki hesabatda konkret şəxslərin adları və "törətdikləri" əməllərlə bağlı məlumatlar var. Bu baxımdan hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının bəzi üzvləri korrupsiya tədqiqatı üzrə orqanın hesabatından sui-istifadə etmək niyyətindədirlər. Sözügedən hesabatın əsas hədəfi korrupsiya problemini həll etmək cəhdi yox, quruma daxil olan bəzi üzv ölkələri təzyiq altında saxlamaqdır. Ancaq nəzərə alınmır ki, Azərbaycan üzləşdiyi işğal faktına, bütün çətinliklər və risklərə baxmayaraq bütün demokratik dəyərlərə sadiq qalıb. Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılıb, bu sahədə beynəlxalq tərəfdaşlarına töhvələr verib. Azərbaycanın korrupsiyaya qarşı mübarizə üzrə qaninvericilik bazasına nəzər yetirmək kifayətdir ki, ölkəmizin bu məsələyə nə qədər ciddi yanaşdığı aydın olsun. Azərbaycan bu istiqamətdə fəaliyyətində təkcə özünün deyil, eləcə də tərəfdaş ölkələrin və beynəlxalq təşkilatların maraqlarını nəzərə alıb". Hüquqşünas onu da qeyd edəb ki, sözügedən hesabatla bağlı Azərbaycana hər hansı sanksiyanın tətbiqi mümkün deyil: "Üzv dövlətlərə sanksiyaların tətbiqi Avropa Şurası Parlament Assambleyası üçün sərfəli deyil. Çünki bu zaman qurumun imici məsləsi gündəmə gəlmiş olur. Odur ki, ən sərfəli vasitə kimi hesabatlarda ölkəmizi tənqid etmək üsulu əsas götürülür. O da nəzərə alınmalıdır ki, Azərbaycan indiyə qədər qurumla kifayət qədər səmərəli əməkdaşlıqda bulunub, hətta AŞ PA-nın effektli fəaliyyətinə kifayət qədər töhvələr verib. AŞPA isə həqiqətə uyğun olmayan məlumatlara əsaslanmış hesabat hazırlamaqla ölkəmizlə gələcək əməkdaşlığa kölgə salmış olur".(olaylar)

Reaksiya.az

Şərhlər