Ermənistanı çalxalayan Paşinyanın arxasında Ter-Petrosyan dayanır?

05.05.2018 13:40     Dünyadan reaksiya     1634

“Prosesi kölgədən idarə edən var” iddiası işğalçı ölkədə sürətlə yayılır

Üç həftədir Ermənistanı çalxalayan mitinqlərin lideri, 43 yaşlı deputat Nikol Paşinyanın arxasında keçmiş prezident Levon Ter-Petrosyanın dayandığı, prosesi kölgədən əslində sabiq prezidentin yönləndirdiyi xəbərləri yayılır. Paşinyanın vaxtı ilə Ter-Petrosyanın seçki qərargahının rəhbərlərindən biri olması faktı onun barəsində bu cür iddiaları çoxaldır.

Deyilənlərlə bağlı “Yeni Müsavat”a danışan siyasi ekspert Şahin Cəfərli isə bildirdi ki, Ter-Petrosyanla Paşinyan müəyyən dövrdə bir yerdə olsalar da indi birlikdə deyillər, yolları çoxdan ayrılıb: “Nikol Paşinyan 2008-ci il prezident seçkilərində müxalifətin əsas namizədi olan 1-ci prezident Levon Ter-Petrosyanın seçki qərargahının ən fəal üzvlərindən biri olub. O, məhz həmin vaxt seçki saxtakarlığına qarşı təşkil olunan kütləvi aksiyalardakı çıxışları ilə Ermənistanda nüfuz toplamağa başlayıb. Qanlı 1 mart 2008-ci il hadisəsi ilə əlaqədar kütləvi iğtişaşların təşkilində ittiham olunan Paşinyan 1 il gizləndikdən sonra hakimiyyət orqanlarına təslim olub və 7 il müddətinə azadlıqdan məhrum edilib. Lakin cəmi 1 il yatdıqdan sonra amnistiya ilə azadlığa buraxılıb və yenidən aktiv siyasətə qayıdıb. 2012-ci il parlament seçkilərində Paşinyan Ter-Petrosyanın liderlik etdiyi Erməni Milli Konqresinin siyahısından parlamentin deputatı seçilib. Lakin elə həmin andan Paşinyan və Ter-Petrosyanın yolları ayrılmağa başlayıb. Çünki Paşinyan artıq lider qismində siyasi fəaliyyətə başlamağa qərar vermişdi. 2013-cü ildə o, ”Vətəndaş Müqaviləsi" adlı partiya yaradıb. 2016-cı ilin sonunda isə Paşinyanın partiyası “İşıqlı Ermənistan” və Respublika partiyaları ilə birləşərək “Yelk” (Çıxış) blokunu formalaşdırıb. 2017-ci ilin aprelində keçirilən parlament seçkilərində bu blok 7,8 faiz səs alaraq 9 mandat qazanıb. Bu, Nikol Paşinyanın müstəqil siyasi həyata atıldıqdan sonra ilk ciddi uğuru idi. Eyni ilin sentyabrında İrəvan meri seçkilərində rəsmi nəticələrə görə, onun 21 faiz səs toplayaraq 2-ci olmasını da uğur kimi qiymətləndirmək mümkündür".

Şahin Cəfərli ile ilgili görsel sonucu

Ş.Cəfərli həmçinin qeyd etdi ki, Ter-Petrosyandan ayrıldıqdan sonra Paşinyanın atdığı addımlar-ayrıca partiya yaratması, digər 2 partiya ilə birləşməni təmin etməsi, millət vəkili kimi parlamentdə sərt çıxışlar etməsi, İrəvan meri vəzifəsinə iddialı namizəd olması artıq onun müxalifətin liderliyinə oynadığını göstərirdi: “Artıq onun Ter-Petrosyana ehtiyacı qalmamışdı. 2016-cı ilin iyulunda "Sasna Tsrer" silahlı qruplaşmasının İrəvanda polis bölməsini ələ keçirməsi hadisəsi zamanı da ortaya çıxdı ki, Paşinyan və Ter-Petrosyan arasında ciddi fikir ayrılığı var. Ter-Petrosyan həmin vaxt hakimiyyəti müdafiə etmişdi. Bu hadisənin və digər amillərin təsiri ilə Ter-Petrosyan və Serj Sarkisyan arasında isti münasibətlər yarandı. Paşinyan rejimə qarşı radikal müxalifətçilik xətti yeritdiyi halda, Ter-Petrosyan Serj Sarkisyanla əməkdaşlıq edirdi.

Pashinyan yerevan ter-petrosyan ile ilgili görsel sonucu

Faktiki olaraq, son illər Ter-Petrosyan müxalifət mövqeyindən geri çəkilərək müstəqil Ermənistanın 1-ci prezidenti kimi hamıya eyni məsafədə dayanmağa, arbitr rolu oynamağa çalışırdı. Paşinyan isə əksinə, iqtidara qarşı mübarizənin dozasını artırırdı. Serj Sarkisyan ölkənin parlament üsul-idarəsinə keçməsini nəzərdə tutan Konstitusiya dəyişikliklərinin qüvvəyə minməsi ərəfəsində baş nazir vəzifəsinə iddiasını ortaya qoyduqdan sonra Ter-Petrosyandan hər hansı etiraz eşidilmədi. Paşinyan isə bu hadisəni Sarkisyana qarşı hərəkətə keçmək üçün fürsət saydı və aprelin 13-dən etibarən etiraz aksiyalarının təşkilinə başladı. Nəticə məlumdur.

Bu səbəblə, mən Nikol Paşinyanın arxasında Ter-Petrosyanın dayandığı və onu sabiq prezidentin yönləndirdiyi barədə fikirlərin doğru olmadığını düşünürəm. Ter-Petrosyan parlamentin mayın 1-də keçirilən iclası ərəfəsində Paşinyanın baş nazir olmasına dəstək də vermədi. Əksinə, onun yaydığı bəyanatın tonundan və məzmunundan görünürdü ki, Ter-Petrosyan Paşinyanın hökumət başçısı seçilməsini dəstəkləmir".

Siyasi ekspert Yeganə Hacıyeva ile ilgili görsel sonucu

Siyasi ekspert Yeganə Hacıyeva isə dedi ki, Ermənistanda küçələrdə etirazlar davam etdikcə, bu prosesin kimlər tərəfindən idarə olunması haqqında müxtəlif versiyalar irəli sürülür. Bu versiyalar müxtəlif məqsədlərlə irəli sürülür:“Məsələn, əgər hakimiyyət prosesləri kölgədən bu və ya digər qüvvələrin idarə etməsi haqqında fikirlərlə etirazlara güvəni, inamı sarsıtmağa çalışırsa, müxalif partiyalar proseslərdə rolunun qabardılması ilə cəmiyyətdə nüfuzunun qaldırılması məqsədini güdürlər: ”Paşinyanın lideri olduğu bu prosesin  strategiyasının arxasında, hazırlanaraq irəli çıxarılmasında Ter-Petrosyanın dayanması, prosesi kölgədən onun idarə etməsi barədə Ermənistan cəmiyyətində yayılan iddialar, proseslərdə onun rolunun qabardılması cəmiyyətdə Erməni Milli Konqresininin itmiş nüfuzunun qaldırılması məqsədini güdür. Paşinyan tərəfdarlarının bu fikirlərə loyal münasibəti isə ona qarşı olan əsas arqumentin, yəni Paşınyanın dövlət idarəçiliyində təcrübəsizliyi arqumentinin zərərsizləşdirilməsi məqsədini güdür. Ancaq ümumiyyətlə Ermənistandakı hazırkı siyasi atmosfer haqqında əminliklə deyə biləcəyim bir neçə  məqam var : ölkə  iqtisadiyyatının, enerji daşıyıcıları, sənaye müəssisələri və digər  80 faizi Rusiyanın iri dövlət konsernlərinin nəzarətində olan Ermənistanda proseslərin Rusiyanın nəzarətindən kənarda baş verməsi haqqında fikirlər tamamilə yanlışdır. Ermənistandakı proseslərin arxasında Ter-Petrosyan yox, Kreml dayanır. İkinci bir məqam odur ki, artıq bir aydır küçələrdə davam edən etiraz proseslərində kütləviliyi saxlamağın özü  çətinləşir. Kütlə  lider kimi irəli çıxardıqları adamdan konkret nəticələr tələb edir. Keçən hər bir gün proseslərin aktuallığını, nəticəliliyini sual altına alır. Ter-Petrosyan kimi uzun illərin siyasətçisi proseslərin gedişatının haraya varacağını təxmin etdiyindən əvvəldən bu prosesə dəstək vermədi".

Reaksiya.az

Şərhlər