Türkiyədə kritik seçkilər yaxınlaşır - prezident kim olacaq?

Toğrul İsmayıl: “Ərdoğan prezident seçilsə də, Məclisdəki böyük üstünlüyünü əldən verə bilər”

Bir daha məlumat üçün bildirək ki, prezidentlik uğurunda 6 namizəd yarışır. Onlar hazırkı prezident, AKP və MHP-nin birlikdə yaratdığı “Cümhur ittifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə, İYİ Partiya başqanı Maral Akşener, HDP-nin keçmiş lideri Səlahəddin Dəmirtaş, Səadət Partiyasının başqanı Temel Karamollaoğlu, Vətən Partiyasının başqanı Doğu Perinçəkdir.

Parlament seçkilərində müxalifətin ittifaqı “Millət” adlanır. Hər iki seçkiyə AKP və MHP “Cümhur” ittifaqı ilə qatılıb.

Seçkilərdə kimin qalib gələcəyi, parlamentdə hansı qüvvələrin üstünlük qazanacağı ilə bağlı proqnozlar üst-üstə düşmür. Doğrudur, Ərdoğanın seçkilərdə favoriti   olacağı kimsədə şübhə yoxdur. Amma hər kəsi düşündürən bir sual var ki, o da ikinci turun olub-olmayacağı barədədir.

Türkiyədə yaşayan azərbaycanlı politoloq Toğrul İsmayıl seçki prosesində rəqabətin getdikcə artdığını söylədi:“Üstünlüyün hansı tərəfdə olduğunu hələ ki söyləmək çətindir. Getdikdə siyasilərin ritorikasında kəskinləşmə görünür. Amma hazırda mənə görə hər hansı bir ciddi dəyişikliyin olduğunu söyləmək imkansızdır. Ümumiyyətlə, proqnoz vermək çox çətindir. Burada bir çoxlu kriteriyalar var. Mitinqlər bu dəfə daha çox göstəricidir. Açığını söyləmək gərəkirsə, siyasi partiyalar aktiv olsa da, cəmiyyətdə çox aktivlik müşahidə edilmir. Doğrudur, gizli aktivlik var, amma bu da özünü açıq şəkildə göstərmir. Bu səbəbdən sürpriz nəticələr ola bilər. İkinci turun olacağı ehtimallarının böyük olduğunu bir daha söyləyirəm. Əgər seçkilərə qalan müddət ərzində Ərdoğan və onun ətrafı ciddi həmlələr etməsə, ehtimal olduğu kimi qalacaq. Seçkilərə qalan bu müddət də az zaman deyil. Hakimiyyətin əlində çoxlu vasitələr qalır”.

Toğrul İsmayıl ile ilgili görsel sonucu

Toğrul bəy vasitələr dedikdə nələri nəzərdə tutduğuna bu cür aydınlıq gətirdi: “Dövlətin imkanlarından və digər məsələlərdə iqtidar öz lehinə istifadə edir. Hazırda əsas hədəf ona görə Məhərrəm İncədir ki, CHP-nin hakimiyyəti tənqid etmək imkanları daha genişdir. Meral Akşenerin partiyası hakimiyyətdə olmayıb. Akşener qısa müddətdə daxili işlər naziri olub ki, onu tənqid etmək çətindir. CHP və İncə hazırda əsas hədəf halına gəlib. Unutmaq olmaz ki, İyi və Səadət partiyaları da sağ mühafizəkardırlar. Bir növ bu partiyaları tənqid etmiş zaman AKP əsas hədəfini dəyişdirmiş olur. Amma CHP fərqli bir görüşdədir. Bunun  üçün CHP-ni hər zaman rəqib kimi göstərmək mümkündür. Ərdoğan qeyri-şərtsiz liderdir. O çalışacaq ki, ilk turda lazımı səsi yığsın. Bunu əldə etmə imkanları var. Hər zaman gözlənilməz hərəkətləri edən çox ciddi bir siyasətçidir. Bu xüsusiyyətləri ilə digərlərindən fərqlənir. əgər ikinci tur olarsa, burada əsas olan namizədlərin toplayacağı səslər olacaq. HDP-ni heç bir halda unutmaq olmaz. Bu partiyanın barajı keçib-keçməməsi seçkilərin nəticələrinə təsir göstərəcək faktorlardan biridir. Əgər HDP 10%-lik barajı aşa bilməsə, o bölgələrdə ciddi səs parçalanması olacaq. Onu da unutmaq olmaz ki, o bölgələrdə həmin səsləri ən çox qazanmaq şansları AKP-dədir. Əgər HDP-i barajı aşmasa, oradan AKP namizədləri çıxacaq. İyi Partiya ölkə boyu tamamilə təşkilatlana bilmədi. Çünki zaman çox qısa idi. Dolayısı ilə bu seçkilərdə İyi Partiyanın böyük bir uğur qazandığını söyləmək çox çətindir. Amma hər zaman seçkilərdə bir sürpriz ola bilər. Burada seçkilər, məsələlər çox fərqlidir. CHP oturuşmuş partiyadır. Hər şey bəllidir. Məhərrəm İncənin aktiv olacağı əvvəlcədən də bilinirdi. Bu da seçkilərə öz təsirini göstərir. Heç bir halda unutmaq olmaz ki, prezident və parlament seçkiləri tamam ayrı-ayrı seçkilərdir. Bunların hər birinə ayrı-ayrı baxmaq lazımdır. Bəzən Azərbaycan cəmiyyətində bunları qarışdırıb, hər iki seçkini bir görürlər. Amma bu belə deyil. Burada əsas olan seçkilər ikinci tura qalarsa, siyasi partiyalar arasında olacaq görüşlərdir”.

Politoloq parlament seçkiləri ilə bağlı da gedən kampaniyadan danışdı: “Bu seçkilər də çox qarışıq olduğu üçün nəsə söyləmək çox çətindir. Məsələn, Atilla Kaya MHP-nin ən önəmli fiqurlarından biridir, Dövlət Baxçalıya müxalif oldu. Amma onun açıqlaması çox ilginc idi. Bir yandan deyir ki, biz başqanlıq seçkilərində Ərdoğanı dəstəkləmirik, digər tərəfdən isə dedi ki, Məclis seçkilərində səslərinizi MHP-yə verin. Yəni burada dəngələr dəyişə bilər. Son dönəmlərdə MHP ciddi şəkildə səs itirib. Bu dəfə də belə ehtimallar olmamış deyil. Fərqli ssenarilər gedir. Məsələn, Ərdoğan prezident  seçilsə də, Məclisdəki böyük üstünlüyünü əldən verə bilər. Burada həssaslıq olduqca yüksəkdir. Bu səbəbdən proqnoz vermək çətindir. Unutmaq olmaz ki, Türkiyə parlamentində HDP kimi bir partiya varsa, MHP kimi milliyyətçi bir partiyanın olması labüddür. Son dönəmlər Baxçalının yürütdüyü siyasətdə anlaşılmazlıqlar var. Hər halda onun əlindəki məlumatlar bizdən daha çoxdur. Dəyişik manevrlər edə bilir. Baxçalı hər zaman bu cür məqamlarda dövlətçilik məsələlərini önə çıxarır. Amma bu o demək deyil ki, digər partiyalarda bunlar yoxdur. Seçkilərdə pərdəarxası söhbətlər çox olur. Hər şeyin nəticəsini seçkilər göstərəcək. Nəyin doğru olub-olmadığını görəcəyik. Baxçalı bildiyiniz kimi erkən seçkilərin ilk tərəfdarı olanlardan biri oldu. O zaman Məclisə girə bilmədi. Əhməd Davudoğlu dönəmində koalision hökumət qurmaq ittifaqına girdiyində bunu rədd etdi və təkrar seçkilərə gedilməsi üçün cəhdlər etdi. Orada da Məclisdə çox ciddi şəkildə səslər itirdi. Üçüncü dəfə hesab edirəm ki, əvvəlki iki səhv addımdan nəticələr çıxarıb belə addım  atıb. Heç bir halda unutmaq olmaz ki, bu siyasətçi dövlətin gələcəyini, onun maraqlarını daim önə çıxarır”.(musavat)

Reaksiya.az

Advertisement Banner

Şərhlər