İRƏVANDA VƏZİYYƏT QARIŞDI

Əsgər anaları küçələrə çıxıb orduda anarxiyaya etiraz edir

“Nikol Paşinyanın hazırda apardığı siyasət bu ölkədə heç də müsbət dəyişikliklərə rəvac vermir”

 
İrəvanda vəziyyət yenidən qarışıb. Bu dəfə əsgər anaları ordudakı anarxiyaya və özbaşınalığa etiraz ediblər. İyunun 28-də övladları orduda həlak olmuş erməni anaları yenidən hökumət binası qarşısında etiraz aksiyası keçiriblər. Erməni eskpertlərin sözlərinə görə, Xocalı qatili, general Manvel Qriqoryanın ordudakı qanunsuzluqları barədə yayılan videomaterialda orduda olan qanunsuzluqların təqdim olunması əsgər anlarını küçələrə çıxarıb.
 
Onların sözlərinə görə, Ermənistan ordusunda korrupsiya və oğurluq tüğyan edir. Ordudakı soyğunçuluğun şahidi olan əsgərlərə isə aman vermirlər və onları amansızcasına öldürürlər. Övladını itirmiş əsgər anası qətlə görə Ermənistanın hərbi rəhbərliyini suçlayıb: 
 
"Oğlum bizimlə söhbətində telefonla orduda baş verən dəhşətli oğurluq və özbaşınalıq haqqında danışdı. Bunu gördüyünə görə oğluma "sus” deyiblər. Bu telefon danışığından təqribən 20 gün sonra oğlumu öldürdülər”. Erməni əsgər anaları hesab edirlər ki, ölümlərin səbəbi ancaq Manvel Qriqoryan və Seyran Ohanyan kimi şəxslər həbs edildikdən sonra açıla bilər. Əslində, düşmən ölkənin ordusunda baş verən özbaşınalıqlar haqqında dəfələrlə məlumatlar verilib. 
 
Hər dəfə vurğulanıb ki, onsuz da bərbad olan Ermənistan ordusu Azərbaycan torpaqlarını uzun müddət işğalda saxlamaqla daha da dözülməz duruma sürüklənir. Zəif ordu birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin sarsıdıcı zərbələrinə tab gətirmək məcburiyyətində qalır. Ordumuzun uğurlu əməliyyatları erməni ictimaiyyətində ruh düşkünlüyü yaratmaqla bərabər həm də düşmən ordusunda baş verən rüşvəti, quldurluğu, itaətsizliyi də üzə çıxarır. Ən əsası isə erməni anaların, bütövlükdə cəmiyyətin üsyana qalxmasına gətirib çıxarır. Erməni ictimaiyyəti övladlarının özgə torpaqlarında boş yerə ölməsinə, cinayətkarlıq yuvasına çevrilmiş orduda tələf olmasına razı olmur. Bu baxımdan bır sıra erməni ekspertlərin firkincə, hər dəfə qarşısı alınsa da, qısa zaman sonra ordu ilə bağlı nümayişlərin önündə durmaq mümkün olmayacaq.
 
Cənubi Qafqaz Təhlükəsizlik və Əməkdaşlıq İnstitutunun sədri Məhəmməd Əsədullazadə "Şərq”ə açıqlamasında bəyan edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən erməni ordu birləşmələri ciddi çətinliklərlə qarşılaşıb. Bunun səbəbi Azərbaycan Ordusunun hər ötən gün güclənməsi, cəbhədə işğalçıya qarşı təzyiqləri artırması və erməni ordusundakı dedovşina, cinayətkarlıq və fərarilikdir. Aprel döyüşləri və Günnüt əməliyyatından sonra Ermənistan ordusunda getdikcə ruh düşkünlüyü və işğal olunmuş ərazilərdə artıq qalmamaq ab-havası yaranıb. 
 
Qeyd edim ki, yeni hakimiyyətin dəyişməsi ilə orduda baş verən korrupsiya, intihar və yeyintinin üzə çıxması, ordunun döyüş qabiliyyətinin aşağı olması ölkədə silahlı qüvvələrə inamsızlığın artmasına səbəb olub. Bundan əlavə, erməni əsgərlərinin qeyri-döyüş şəraitində ölümü və cəbhədə təxribatlar nəticəsində Azərbaycan ordusunun açdığı atəşlə məhv edilmələri, erməni analarını da ayağa qaldırıb. Sarkisyanın dövründən erməni əsgər anaları dəfələrlə hökumət binası qarşısında orduda baş verən neqativlərlə bağlı etirazlar ediblər. Qriqoryanın həbsi də göstərdi ki, erməni ordusunun ərzaq təminatı bir qrup oliqarxın şəxsi istifadəsində olub və orduya ayrılan ərzaqlar təyinatı üzrə sərf edilməyib. Göründüyü kimi Ermənistan ordusunda aparılan islahatlar da heç bir nəticə vermir və bundan sonra da verməyəcək. Sxem elə qurulub ki, ordunun təminatı ilə yüksək rütbəli hərbiçilər faydalanır”.
 
Analitik hesab edir ki, erməni ordusunun ağır durumu ordumuzun əks həmlə ilə işğal olunmuş əraziləri azad etməsinə imkan yaradır:
 
 "Regional şərtlər və müəyyən maraqlı dövlətlər hələki buna mane olsalar da, yaxın perspektivdə ərazilərin işğaldan azad olunması üçün ciddi proseslərə başlanılacaq. Ordumuzun təlimi və diplomatik hərəkətlilik bunun işartısıdır. Ermənistanın baş naziri Nikol Paşinyanın hazırda apardığı siyasət bu ölkədə heç də müsbət dəyişikliklərə rəvac vermir. Bir müddətdən sonra ölkədə yeni inqilabın olacağını istisna etmək olmaz”.
 
Advertisement Banner

Şərhlər