"Fransalılar tank satmır, lakin peyk satmaqla erməni tərəfini zəiflədir" - Erməni eskpertlər təşvişdə

20.07.2018 12:22     Dünyadan reaksiya     962

"Fransalılar peykin 10 metr sapma ilə gördüyünü izah etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Bütün bunlar boş sözlərdir, tank və təyyarələr dəqiqliklə görünür".

Bu barədə Fransa və Azərbaycan münasibətlərinin yaxınlaşmasını şərh edən erməni politoloq Anuş Sedrakyan bildirib. 

Onun sözlərinə görə, Fransa Azərbayacana silah satışını inkar etsə də, ölkəmizə peyk satıb. 

"Azərbaycan bu peykdən iqtisadi resurslar da daxil olmaqla, hərbi məqsədlər üçün istifadə edə bilər. ABŞ bazarının məhdudlaşdırılmasından sonra indi uyğun bazar müharibəsi gedir. Hazırda böyük yerdəyişmələr gedir, bu yerdəyişmələrdə təqdim edə biləcəyi resursu olduğuna görə Azərbaycan öz yerini tapacaq", - deyə o bildirib. 


Ermənistana gəldikdə isə Sedrakyan vəziyyətin problemli olduğunu qeyd edib: "Biz bazarımızı Rusiyada axtarırıq, ancaq mən bu müddət ərzində Rusiya tərəfindən Ermənistana bir ağıllı təklif verdiyini görməmişəm. Yeganə verə biləcəyi şey müharibə vəziyyətinə gətirməməkdir".

Parisin siyasi tədqiqatlar institutunun politoloqu Kayts Minasyan isə müsahibəsində bildirib ki, Fransa Azərbaycana peyk satıb və bu peyk vasitəsilə Azərbaycan sərhəddə baş verənləri müşahidə edə bilər. 

"Fransalılar üçün bu silah sayılmasa da, Azərbaycan tərəfi üçün bu silahdır. Bu Ermənistan üçün təhlükəlidir. Fransalılar peykin 10 metr sapma ilə gördüyünü izah etməklə özlərinə haqq qazandırmağa çalışırlar. Bütün bunlar boş sözlərdir, tank və təyyarələr dəqiqliklə görünür", - deyə o narahatlığını gizlədə bilməyib. 

Politoloqun sözlərinə görə, Ermənistan tərəfi məsələyə çox ciddi şəkildə reaksiya verməlidir. 


"Fransalılar tank satmır, lakin peyk satmaqla erməni tərəfini zəiflədir. Azərbaycanın iqtisadiyyatı güclüdür və bu üstünlüyü Fransa və yaxud digər dövlətlərlə münasibətlərdə istifadə etməyə çalışırlar. Keçmiş hakimiyyət Fransa ilə münasibətlərdə çox yumşaqlıq nümayiş etdirib. Serj Sarkisyan hakmiyyətinin amerikalılar, fransızlar və ruslarla münasibətləri, onlara cavabı çox yüngül və qorxaq olub", - deyə politoloq əlavə edib.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb. Görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparılıb. “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi. Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirdi. Söhbət zamanı qeyd edildi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.(ordu.az)
 

Şərhlər